Azərbaycan Ordusu müasir tələblərə uyğun qurulur

post-img

Biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, ma­raqlarımız təmin olunsun. Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış re­allıqlar hamı tərəfindən qəbul edilsin. Ermənistan da bu reallığı qəbul etmə­lidir. Bu müharibəni unutmasınlar – nə onlar, nə də ki, onların sonrakı nəsilləri. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Qədim türk məsəllərindən bi­rində deyilir ki, dost min olsa da, az, düşmən bir olsa da, çoxdur. Bu, sözgəlişi deyilməyib. Bu, həm də ölkənin və ordunun taleyinə ca­vabdeh olan kəslərə hər an sərvaxt olmaq barədə göndərilən xəbər­darlıqdır. Çünki heç kəs düşmənin nə zaman, harada peyda olacağını bilmir. Biz son onillərdə dəfələrlə bunun şahidi olmuşuq.

Torpaqlarımızda dövlət yaratmış, yetmiş il çörək verdiyimiz ermənilərin nə zaman, harada düşmənçilik edə­cəyini təxmin etsək də, can verməkdə olan Ermənistana silah-sursat, yana­caq, ərzaq və hətta canlı qüvvə gön­dərən qonşumuzun nə zaman düş­mənçilik edəcəyini bilmək çətin idi. Ona görə də qarşıda duran ilk vəzifə ordu­nun maddi-texniki bazasının möhkəm­ləndirilməsi, şəxsi heyətin peşəkarlı­ğının artırılması və silahlı qüvvələrin idarə edilməsinin müasirləşdirilməsidir. 

Qətiyyətlə deyə bilərik ki, bu və­zifələr Prezident İlham Əliyevin gün­dəlik fəaliyyətində özünəməxsus yer tutur. Elə bir gün olmur ki, ordu quru­culuğu ilə bağlı hansısa xəbəri eşit­məyək. Üstəlik, dövlət başçımız hər il həm Silahlı Qüvvələr Günündə, həm də özünün ad günündə mütləq hansısa hərbi hissəyə gedir, həmin günü əsgər və zabitlərlə birlikdə keçirir. 

Fevralın 23-də ölkənin kütləvi in­formasiya vasitələri xəbər verdilər ki, Azərbaycan Respublikası Müdafiə na­zirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə tə­lim-məşq uçuşları həyata keçirilib. Pla­na uyğun olaraq, helikopterlər aerod­romlardan müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib. Əlavə edilir ki, heli­kopter heyətlərinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

 Bu təlimlərdə məqsəd təkcə hərb-çilərimizin peşəkarlığının artırılması deyil. Burada sırf siyasi məqsədlər də var. Biz istəyirik ki, xaricdəki havadar­larının fitnə-fəsadlarına uyaraq, revanş barədə düşünən işğalçı dövlətin terror­çu, təxribatçı siyasətçiləri anlasınlar ki, Azərbaycan güclü dövlətdir, Azərbay­canın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır. Necə ki, İkinci Qarabağ müharibəsində canları­nı fəda etdilər.

Başqa bir fakt. İki gün əvvəl Müda­fiə Nazirliyinin elektron resurslarında oxuduq ki, ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın nümayəndə heyəti Azərbaycan Xüsusi Təyinatlı Qüvvələ­rin və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrini ziyarət edib. Dost ölkə təm­silçilərinə xüsusi təyinatlıların hazırlıq prosesi haqqında ətraflı məlumat ve­rilib, qonaqları maraqlandıran suallar cavablandırılıb. Daha sonra nümayən­də heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib. Qo­naqlara dəniz piyadalarının və xüsusi təyinatlıların istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib. Məqsəd dostu sevindir­mək, düşmənə xəbərdarlıq etmək idi. Necə ki, etdik... 

Ulu öndər Heydər Əliyevin fikrin­cə, ordunun gücünün artırılması üçün maddi-texniki bazanın möhkəmləndi­rilməsi və şəxsi heyətin peşəkarlığının yüksəldilməsi ilə yanaşı, beynəlxalq aləmlə əməkdaşlıq, güclü orduya malik dövlətlərin hərbi təcrübələrinin öyrənil­məsi də mühüm şərtlər sırasındadır. Fəxrlə deyə bilərik ki, silahlı qüvvələ­rimizin bu istiqamətdəki fəaliyyəti də qalib ordunun adına layiqdir. 

Bildirək ki, ikitərəfli hərbi əməkdaş­lıq Azərbaycan Ordusu ilə xarici dövlət­lərin silahlı qüvvələri və hərbi sənaye kompleksləri arasında aparılır və hər iki tərəfin maraqlarına xidmət edir. Ha­zırda Azərbaycan Ordusunun dünya­nın 40-a yaxın ölkəsi ilə ikitərəfli əsas­da hərbi əməkdaşlığı var. Eləcə də, Azərbaycan Respublikası ilə strateji tərəfdaşları arasında müdafiə sahəsin­də, xarici ölkələrin silahlı qüvvələri ilə əməkdaşlıq hədəflərinə müvafiq ola­raq, yüksək səviyyədə həyata keçirilir.

Yeri gəlmişkən, 1994-cü il mayın 4-də Azərbaycan Respublikası NATO-nun“Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə əməkdaş­lıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Plan­laşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsili­nin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexa­nizmlərindən səmərəli şəkildə istifadə edir. Bütün bunlar isə Azərbaycan Or­dusunun daha da müasirləşdirilməsini təmin edir. 

Ordu quruculuğu barədə danı­şarkən yada salınmalı məqamlardan biri də iki gün sonra – fevralın 27-də qeyd edəcəyimiz bir əlamətdar günün tarixçəsidir. Belə ki, 2004-cü ilin hə­min günü Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləş­dirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr ha­zırlığı sistemini təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələba­tının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə təsis edilmişdir. Ekspertlər xatırladırlar ki, 44 günlük İkinci Qara­bağ müharibəsindəki şanlı Qələbəmiz­də bu liseyin məzunlarının da xüsusi rolu olmuşdur. 

Biz isə xatırladırıq ki, Prezident İlham Əliyev Azərbaycan Ordusunun arsenalının müasirləşdirilməsini daim diqqət mərkəzində saxlayır və deyir: “Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamət­ləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə aparıldı və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı... Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz mü­haribə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək”.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Siyasət