Dərələyəz – Qafqazın İsveçrəsi

post-img

Qərbi Azərbaycanın ən böyük mahallarından biri olan Dərələyəz şərqdə Zəngəzur, qərbdə Vedibasar, şimalda Göyçə, cənubda Naxçıvan xanlığının Məvazixatun mahalları ilə həmsərhəddir. Ərazisi 2 min 260 kvadrat kilometrdir.
Mütəxəssislər “Dərələyəz” toponiminin “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığı ehtimal edirlər. Bu mahal, havası, suyu, təbii nemətləri ilə Naxçıvanla Göycə arasında, həqiqətən, nəhəng və cənnətməkan bir dərəyə bənzəyir. Uca dağları, dərin dərələri, mülayim iqlimi, dağ çayları, güllü-çiçəkli çəmənləri ilə göz oxşayan Dərələyəzi bütün Cənubi Qafqazı qarış-qarış gəzən milliyətcə fransız olan rus etnoqrafı İvan Şopen “Qafqazın İsveçrəsi” adlandırmışdı. Dərələyəz, doğrudan da bu ada layiq idi. 
Dərələyəz mahalında Ələyəz adında kənd də olub. Deyilənə görə, Dərələyəzdə ələyəz adında geniş yayılmış bir bitki də var ki, sakinlər ondan ərzaq məhsulu kimi istifadə edirdilər. Qadınlar onu yazdan yığır, qışı müxtəlif xörəklər hazırlayırdılar. Bu bitki xüsusən keçmiş dövrlərdə yerli sakinlərin məişətində ciddi yer tutub. Ona görə də “Dərələyəz” toponiminin “ələyəz bitkisinin bol olduğu dərə” anlamını verdiyini düşünmək ən məntiqə uyğun fikir sayılmalıdır.
Ermənilər bu ərazini “Vayotdzor” adlandırırlar, bu sözü “vay” sözünə “dərə” mənasını verən “dzor” sözünü artırmaqla düzəltmişdilər, yəni “Vay dərəsi”. Tarixi qaynaqlara görə, karvan yollarının üstündə yerləşən və orta əsrlər üçün böyük rəqəm hesab olunan 10 min nəfər əhalisi olan Moz şəhəri 735-ci ildə zəlzələ nəticəsində dağılıb, burada o qədər əhali ölüb ki, sağ qalanların ah-naləsi, vay-şivəni ərşə bülənd olub. O vaxtdan da bu dərənin adı “Vay dərəsi” kimi yaddaşlarda qalıb.
Moz şəhərinin xarabalıqları Məlikşah kəndi ilə Söylan qəsəbəsinin arasında, Arpaçayın sağ sahilində yerləşirdi, İrəvana gedən magistral yol buradan keçirdi.
Dərələyəz ərazisində orta əsrlərdə Göyçə və Zəngəzur mahalları ilə birlikdə Azərbaycan Albaniyasının Sünik vilayəti mövcud olub. Dərələyəz mahalı əvvəlcə xilafətin, sonra səlcuqların, monqolların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların, 1828-ci ildən isə Rusiya imperiyasının tərkibinə daxil olub. Dərələyəz Şərqi və Qərbi Dərələyəz olmaqla iki hissədən ibarət idi. 
Şərqi Arpaçayın aşağı axarı ətrafında yerləşən və hazırda Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna daxil olan Yaycı, Axura, Yuxarı və Aşağı Danzik, Havuş, Həmzə Əli Dizə, Dostəlibəy Dizə, Cağazur və başqa kəndləri, eləcə də hazırda Ermənistan Respublikasında qalan Xaçik, Aynazur və bəzi digər kəndlər Qərbi Dərələyəzə daxil idi. Xaçik və Aynazur kəndləri istisna olmaqla buranın əhalisi şiə müsəlmanlardan ibarət idi. Qərbi Dərələyəz Dərələyəz dağ silsiləsinin cənub ətəklərində yerləşirdi.
Arpaçayın yuxarı axarlarında yerləşən Şərqi Dərələyəzin ərazisində sovet hakimiyyəti illərində Əzizbəyov və Yeğeqnadzor rayonları təşkil edilmişdi. Buranın əhalisi qaraçorlu türkmənlərindən və 1828-ci ildə İrandan köçürülmüş ermənilərdən ibarət idi. İşğaldan qabaq Dərələyəz mahalında 1 001 yerli müsəlman, cəmi 58 erməni ailəsi yaşayırdı, işğaldan sonra isə buraya İrandan 507, Türkiyədən 8 erməni ailəsi köçürülmüşdü. Köçürülmələrə qədər bölgədəki ailələrin 94,2 faizini azərbaycanlılar, 5,8 faizini ermənilər təşkil edirdisə, sonradan erməni ailələrin sayı 25,8 faizə çatmışdı. ­1897-ci ildə keçirilmiş I Ümumrusiya siyahıyaalmasının nəticələrinə görə Şərur-Dərələyəz qəzası əhalisinin 70,5 faizini Azərbaycan türkləri təşkil edib.
Dərələyəz mahalı 1828-ci ildəki rus işğalına qədər Naxçıvan xanlığının, işğaldan sonra yaradılan Naxçıvan əyalətinin, 1870-ci ilə qədər isə Naxçıvan qəzasının tərkibində olub. 1870-ci ildə həyata keçirilən yeni inzibati-ərazi bölgüsünə görə Şərur və Dərələyəz nahiyələri birləşdirilərək Şərur–Dərələyəz qəzası yaradılıb. Sovet hakimiyyəti dövründə qəzanın bir hissəsi–Şərqi Dərələyəz heç bir əsas olmadan Ermənistan Respublikasına verilib. Qərbi Dərələyəz isə əvvəlki Şərur nahiyəsi ilə birlikdə qanlı müharibələr və Azərbaycan türklərinin inadlı müqavimətindən sonra Naxçıvan Muxtar Respublikasının tərkibində qalıb.
Gümüşxana kəndinin yaxınlığındakı gümüş mədənindən hələ Rusiya işğalından xeyli əvvəl gümüş və qurğuşun çıxarılırdı. Aynazur kəndinin yaxınlığındakı silisium tərkibli mineraldan isə vaxtilə tüfəng üçün çaxmaqdaşı düzəldilirdi. Dərələyəz mahalı qədim abidələrlə zəngin idi. Onların arasında isə ən məşhuru Səlimin karvansarası idi. Bu karvansara Dərələyəz mahalından Göyçə mahalına gedən yolda, Səlimin aşırımı deyilən yerdə tikilmişdi. Səlimin aşırımı Dərələyəz və Göyçə mahallarını bir-birindən ayırırdı.
Dərələyəz mahalı 1918-ci ilin iyun ayında quldur Andranikin ordusu tərəfindən dəhşətli dağıntılara məruz qalıb, xeyli insan həlak olub, sağ qalanlar isə qaçmaqla canlarını qurtara biliblər. Sovet hakimiyyəti qurulduqdan sonra mahal əhalisinin xeyli hissəsi geriyə, vətənlərinə qayıtsa da, onlar 1948–1951-ci illərdə Sovet hökumətinin qərarı ilə deportasiya edilərək Azərbaycanın Kür–Araz ovalığına köçürülüblər.
Vətənsevər dərələyəzlilərin əksəriyyəti Stalinin ölümündən sonra Dərələyəzə qayıtsalar da, 1988-ci ildə erməni separatçılarının yaratdıqları Qarabağ münaqişəsi nəticəsində digər doğma yurdlarını birdəfəlik tərk etmək məcburiyyətində qalıblar. Sovet hakimiyyəti illərində və erməniləşdirilib, xalqımıza məxsus abidələri ya erməniləşdirilib, ya da yer üzündən silinib.

 

T.RÜSTƏMLİ, 
 “Xalq qəzeti”

Siyasət