İrəvandan Azərbaycana nur paylayanlar

post-img

Rus işğalına qədər Azərbaycanın tarixi mədəni mərkəzlərindən biri olmuş İrəvan şəhəri sonrakı dövrdə də düşmən dairələrin basqı və hədyanlarına baxmayaraq milli-mənəvi dəyərlərimizin qorunub zənginləşdirdiyi bir elm-maarif ocağı olub. XIX əsrin sonlarına doğru azərbaycanda meydana gələn maarifçilik hərəkatı isə İrəvanı da əhatə etməklə bu coğrafiyamızda da bir çox oxumuş, milli ideala sahiblənmiş ziyalmızın yetişməsinə səbəb olmuşdur. Həmin nəslin qeyrət və nüfuz sahibi olmuş yetirmələrini qəzetimizin bu nömrəsindən başlayaraq oxucularımıza təqdim etməyə başlayırıq.
Məhəmmədzadələr sülalə-sinin ilk ziyalısı, təxminən, ­1864-cü ildə tacir ailəsində anadan olmuşdur. İsfahanda fars dilini öyrənmiş, İrəvanda mədrəsədə təhsil almışdır. 1881-ci ildə İrəvanda açılan müəllimlər seminariyasında ərəb və fars dillərindən dərs demişdir. Fars dilini mükəmməl bildiyi üçün onu Fars Abbas deyə çağırılırmış. 
1912-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində Abbas Məhəmmədzadənin “Güldəstə” adlı dərsliyi fars dilində çapdan çıxmışdır. 1913-cü ildə onun eyni zamanda Bakıda, Tiflisdə və İrəvanda fars dilində “Bədrağatül-Əftal” (“Balalara hədiyyə”), “Caмоучителъ фарсидкого языка для русских” dərslikləri nəşr edilmişdir. 1918-ci ildə İrəvanda törədilən qırğınlar zamanı Təbrizə pənah gətirmiş və bir il sonra orada vəfat etmişdir.
Onun böyük oğlu Cabbar Məmmədzadə (1882-1937) İrəvan müəllimlər seminariyasını 1902-ci ildə bitirmiş, 1907-ci ildən həmin seminariyada müəllim işləmişdir. 1918-ci ilin avqustunda müəllimlər seminariyası bağlandıqdan sonra Naxçıvana gəlmiş, iki il oradakı ali ibtidai məktəbdə dərs demişdir. Həmin illərdə onun 3 kitabı nəşr olunumuşdur. O, 1920-ci ildə Bakıya köçmüş və ali məktəblərdə mühazirələr oxumuşdur. 1937-ci ildə “Azərbaycanda tədris metodikası tarixi” adlı əsərinə görə ona pedaqoji elmlər doktoru elmi dərəcəsi verilmişdir. Həmin ilin oktyabr ayında o, həbs olunmuş və güllələnmişdir.
Mirzə Cabbarın oğlu Cəlal Məmmədov (1918-1983) Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirsə də ədəbiyyata meyl etmişdir. Maarif Nazirliyində və “Azərnəşr”də məsul vəzifələrdə işləmiş, sonralar Teleradio Dövlət Komitəsində sədr müavini, “Kommunist” qəzetində redaktor müavini vəzifələrində çalışmışdır. Cəlal Məmmədov 1966-cı ildə “Azərbaycan” jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.
Cabbar Əsgərzadə ­1885-ci ildə İrəvan şəhərində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almış, on beş yaşından isə evlərdə kiçik yaşlı uşaqlara dərs deməklə məşğul olmuşdur. “Qafqaz” qəzetinin müxbirlərindən biri kimi jurnalistlik fəaliyyətinə başlamışdır. “Molla Nəsrəddin” məcmuəsində də şeir və məqalələrlə çıxış etmişdir. 
İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadəyə verdiyi icazəyə əsasən onlar həmin il fevralın 22-də satirik “Lək-lək” jurnalının ilk nömrəsini buraxmışdılar. “Lək-lək”in cəmisi 8 nömrəsi işıq üzü görmüşdür. Dövri mətbuatda çıxan satirik şeirləri və publisistik yazıları onu təqiblərə məruz qoymuşdur. Digər tərəfdən, xəstəliyi ilə əlaqədar o, Cənubi Azərbaycanın Mərənd şəhərinə köçməyə məcbur olmuşdur və burada Əhmədiyyə məktəbində müəllim işləmişdir. 
Sonra o, Təbriz şəhərinə dəvət olunmuşdur. Burada uşaq bağçasının açılmasına kömək etmiş, eşitmə və nitq qüsurlu uşaqlar üçün məktəb təşkil etmiş (1922-1927), Şirazda uşaq evində pedaqoji fəaliyyətini davam etdirmişdir (1927-1933). Sonra Tehranda görmə və nitq qüsurlular üçün məktəb açmışdır. Burada “Zəban” adlı pedaqoji jurnal nəşr etmiş (1942), eyni zamanda ictimai, ədəbi və pedaqoji fəaliyyətini davam etdirmişdir. 
Cabbar Əsgərzadənin çoxcəhətli yaradıcılığı – pedaqogika, poeziya, incəsənət, musiqi, mədəniyyət və səhiyyə ilə sıx bağlı idi. Ərəb, fars və rus dillərini mükəmməl bilmiş, xarici ölkə xalqlarının seçmə poeziyasından tərcümələr etmişdir. Əsərlərini Azərbaycan və rus dillərində yazmışdır. 
Lirik şeirlərini C.Əsgərzadə, Aciz, Bağçaban, satirik şeirlərini isə “Məhkəmə pişiyi”, “Noxtalı”, “Leyləyin yuvadibisi”, “Molla haray” və s. imzaları ilə çap etdirmişdir. Onun kiçik yaşlı uşaqlar və məktəblilər üçün yazdığı mənzum hekayələri də nəşr olunmuşdur. Maarif sahəsindəki xidmətlərinə görə Tehran Universiteti ona professor adı vermişdir. Cabbar Əsgərzadə 1966-cı ilin payızında Tehranda vəfat etmişdir. 
Mirabbas Mirbağırov 1880-1885-ci illər arasında İrəvan şəhərində doğulmuşdur. İrəvan gimnaziyasını bitirmişdir. Gənc yaşlarından qardaşı Mirabdulla ilə birlikdə kitab ticarəti ilə məşğul olmuşdur. Qardaşlar İrəvanda “Umud” kitab mağazası açmışdılar. Onlar 1909-cu ildə Bakıya gəlmiş və 1914-cü ildə burada yeni kitab mağazası açmışdılar.
Mirabbas Mirbağırovun ilk yazısı 19 iyun 1905-ci ildə “Həyat” qəzetində dərc olunmuşdur. Onun 1905-1929-cu illər arasında 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görmüşdür. İlk vaxtlar “Həyat” və “İrşad” qəzetləri ilə sıx əlaqələr quran Mirbağırov sonralar “Təzə Həyat”, “Tərəqqi”, “Yeni İrşad”, “İqbal”, “Sədayi-həqq” qəzetləri ilə də yaxından əməkdaşlıq etmişdir. Ən çox işlətdiyi gizli imzası “Nadi”dir.
Jurnalistlik fəaliyyətini sonrakı illərdə də davam etdirərək, Azərbaycan Cümhuriyyəti dönəmində “Azərbaycan”, sovet hakimiyyəti dövründə “Kommunist”, “Yeni yol” qəzetlərində, “Xalq maarifi”, “Füqəra füyuzatı”, “Maarif və mədəniyyət”, “Azərbaycan Ali İqtisad Şurasının əxbarı”, “Xalq müəllimi”, “Qızıl qələm”, “Əkinçi”, “Maarif işçisi”, “İqtisadi xəbərlər” jurnallarında məqalələri dərc edilmişdir.
İrəvanda teatrın özülünü qoyanlardan biri də Mirabbas Mirbağırov olmuşdur. Onun 1913-1914-cü illərdə 6-sı orijinal, 1-i tərcümə olmaqla 7 kitabı nəşr edilmişdir. O, “Osmanlı tarixinin mühüm səhifələri” (Bakı, 1913), “Osmanlı hökumətinin qüdrətli günləri” (1913), “Tarix səhifələri. I. İslam pulları. II. Misir ölkəsi və tarixi” (1914), “Cənab Yusif və macərayi-məşhuru” (1914), “Osmanlı marşları, Vətən və millət nəğmələri” (1914) və başqa kitabların müəllifidir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan quberniyası Həmyerlilər Cəmiyyətinin qərarına əsasən və Azərbaycan hökumətinin tapşırığı ilə ­1919-cu ilin yanvarında yerli əhalinin problemlərini öyrənmək üçün M.Mirbağırovun rəhbərliyi ilə Naxçıvana nümayəndə heyəti göndərilmişdir. Əhali Azərbaycan Xalq Cümhuriyyətinin elçilərini böyük ruh yüksəkliyi ilə qarşılamışdı. 1919-cu il fevralın 22-də M.Mirbağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda ingilis general-qubernatoru ilə görüşərək, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvanla bağlı mövqeyini onun diqqətinə çatdırmışlar. 
Naxçıvanda hakimiyyətin sonrakı taleyi ilə bağlı Cəfərqulu xanın iqamətgahında keçirilən görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ilə yanaşı, ingilis general-qubernatoru da iştirak etmişdir. Azərbaycan hökumətinin nümayəndələri Cəfərqulu xanın başçılıq etdiyi hökuməti tanıdıqlarını bildirmişlər. Naxçıvanın könüllü olaraq Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi haqqında tərtib olunan Aktın mətninin hazırlanmasında iştirak etmişdi. Nümayəndə heyətinin Naxçıvanda gördüyü işlər Azərbaycan tarixinə “Mirbağırov missiyası” kimi daxil olmuşdur.
Mirabbas Mirbağırov sovet hakimiyyətinin ilk illərində ASSR Xalq Ərzaq Komissarlığı sistemində, 1923-cü ildən “Kommunist”, 1924-cü ildən “Yeni yol” qəzetlərində, 1925-ci ildən ­1929-cu ilədək “Maarif işçisi” jurnalında çalışmşdır. Onun əsərləri indi də öz elmi dəyərini saxlayır. Bu əsərlər onun iqtisadçı, etnoqraf, coğrafiyaçı, sənətşünas, ədəbiyyatşünas, dilçi, pedaqoq, tarixçi kimi ensiklopedik biliyə malik olduğunu göstərir. 1930-cu ilin əvvəlində özünün və qardaşlarının ailəsi ilə birlikdə Türkiyəyə köçdüyü güman edilir.

 

Nazim MUSTAFA, 
tarix üzrə fəlsəfə doktoru





Siyasət