Qərbi Azərbaycanda erməni ünsürü necə siyasiləşdirildi?

post-img

Soydaşlarımızın əzəldən məskun olduqları Qərbi Azərbaycanda – İrəvan, Zəngəzur, Göyçədə “Ermənistan” adlı qondarma dövlətin yaradılması kimi tarixi ədalətsizliyin kökündə Rusiya imperiyasının XIX əsrin əvvəllərində Araz çayından şimaldakı torpaqlarımızı hərbi-diplomatik yolla ələ keçiməsi dayanır. Şübhəsiz, bu xəyanətkar prosesdə Rusiyanın Qafqazda möhkəmlənmək üçün din qardaşları olan erməniləri Qacarlar və Osmanlı dövlətləri ərazisindən kütləvi surətdə Qarabağa və Qərbi Azərbaycana köçürməsi tarixi baza rolu oynadı. Bu barədə qəzetimizə növbəti açıqlamasında AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirdi:
–1828-ci il fevralın 10-da Rusiya imperiyasının Naxçıvan və İrəvan xanlıqlarını da işğal edərək Şimali Azərbaycanı tamamilə ələ keçirməsini rəsmiləşdirən Türkmənçay müqaviləsinin bağlanması ermənilərin arzuladığı zaman gəldi. Bu dövrdə ermənilərin mövqeyini Lazarev nəslindən olan Xristofor Lazarev və Gürcüstan və İmeretiyada erməni yeparxiyasının rəhbəri, sonralar isə patriarx olan (1842-1857) Nerses Aştaraketski təmsil edirdi. 1827-ci ildə Benkendorf vasitəsilə Lazarev tərəfindən tərtib edilən “Ermənilər haqqında” məruzə qeydləri çara təqdim edildi. Burada qədim erməni dövlətinin bərpasından, Rusiya tərkibində onun muxtar vəziyyətindən bəhs olunurdu. 1827-ci il oktyabrın 1-də İrəvan işğal edildikdən sonra xanlığın yeni statusu məsələsi yarandı.
Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi isə Türkmənçay və Ədirnə müqavilələrində rəsmiləşdirilmişdi. Müəyyən edilmiş şərtlər daxilində İran və Osmanlı dövlətindən köçürülmüş 130 mindən çox erməni keçmiş İrəvan, Qarabağ, Naxçıvan və digər xanlıqların ərazisində yerləşdirildi. Ermənilər qazandıqları demoqrafik yüksəlişi “siyasi status”a çevirmək üçün xalqımıza qarşı xəyanətkarlıqlarını sonadək davam etdirdilər.
–Rusiyanın yerli hakim dairələri İrəvan xanlığının işğalından sonra bu tarixi Azərbaycan bölgəsi niyə erməni vilayəti adlandırıldı?
–Rusiyaya müqavimət göstərən və ləğv olunan digər Azərbaycan xanlıqları kimi, İrəvan xanlığında da vilayət quruluşunun təmin edilməsi nəzərdə tutulurdu. Ona görə də müstəqil xanlığı Rusiyanın vilayətinə çevirdilər, burada müvəqqəti idarə yaradıldı. Ermənilər isə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Lazarevin 1827-ci ilin sonlarında tərtib etdiyi “xüsusi layihə”də yenə də muxtar erməni dövlətinin bərpasından bəhs edilirdi.
Çar I Nikolay Türkmənçay müqaviləsindən qısa bir müddət sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan Erməni vilayəti yaratdı və onu çar tituluna daxil etdi. Belə bir fərmanın meydana gəlməsini təsadüfi hesab etmək olmaz. Ermənilərin burada ciddi təsiri ilə yanaşı, Rusiya imperiyası Osmanlı və Qacarlar ilə sərhəddə özünə etibarlı dayaq yaratmaq istəyirdi. Beləliklə, ermənilər erməni vilayəti kimi siyasi status aldılar. Vilayət idarəsində təmsil olunan Aştaraketski bundan istifadə edərək müsəlmanların sıxışdırılması ilə ermənilərin mövqeyini daha da möhkəmləndirməyə çalışırdı.
Bununla yanaşı, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi. Erməni vilayətinin təcrübəsi göstərdi ki, ermənilər kilsə, ticarət və siyasi intriqalarda nə qədər çevik olsalar da, dövlətçilik sahəsində o dərəcədə naşı olaraq qalırdılar. Çar I Nikolayın 1837-ci il Qafqaz səfəri zamanı Erməni vilayətini yaratmaqla ermənilərə nə dərəcədə önəm verdiyini də göstərmək istəyirdi. Onun burada qarşılaşdığı mənzərə isə hökmdarı özündən çıxardı. Erməni vilayətinə dair həmin dövrdə yazılan və çap edilən nəşrlər də vilayətin real vəziyyətini gizlədə bilmirdi. Yarıtmaz fəaliyyətinə görə erməni Bebutov başda olmaqla vilayət administrasiyası işindən uzaqlaşdırıldı. 1840-cı ildə isə Erməni vilayəti ləğv edildi.
Ermənilər siyasi statusdan fərqli olaraq kilsənin mövqeyini möhkəmləndirməyə nail oldular. ­1836-cı ildə erməni-qriqorian kilsəsi haqqında əsasnamə onun hüquqi vəziyyətini sabitləşdirdi. Alban kilsəsi ilə tarixi mübarizə də erməni kilsəsinin xeyrinə həll edildi. Erməni kilsəsinin mərkəzi olan Eçmiədzin Erməni vilayətində də təsirli rola malik oldu. Ermənilər siyasi məsələlərdəki problemlərə baxmayaraq, kilsənin mənafeyinə qarşı yönələn hər hansı bir addımı qəti müqavimətlə qarşıladılar. Bu özünü 1903-cü ildə göstərdi.
 –Necə oldu ki, Səfəvilərin bina edib möhkəmləndirdikləri İrəvan qalası rus işğalından sonra tədricən erməni siyasi mərkəzinə çevrildi?
–Bu siyasət Qafqazda möhkəmlənmək üçün, ilk növbədə, Rusiya imperiyasının marağına xidmət edirdi. Ona görə də ilk vaxtlar İrəvan vilayətinin, sonra isə bütövlükdə, Erməni vilayətinin siyasi mərkəzi kimi İrəvan şəhəri müəyyən edildi. Ehsan xanın siyasəti nəticəsində Naxçıvanda yerli hakimiyyətin möhkəmlənməsi ilə ermənilərin burada fəaliyyətinin aradan qaldırılması onların İrəvan ətrafında siyasi intriqasını daha da gücləndirdi. Çar hökuməti də İrəvanın Rusiya işğalına qarşı kəskin müqavimətini, onun strateji əhəmiyyətini və ermənilərin işğal prosesindəki rolunu nəzərə alaraq onların vəziyyətini möhkəmləndirməyə çalışdı.
Bütün bunlara baxmayaraq Erməni vilayətində olduğu kimi, İrəvan şəhərində də ermənilər onlara ayrılan missiyanı yerinə yetirə bilmədilər. Ermənilər daha çox gəlir əldə etmək məqsədi ilə işğaldan sonra iqtisadi həyatı canlanan Tiflis, Gəncə, Şamaxı, Bakı və digər şəhərlərə meyil edirdilər. İrəvan vilayətinin ləğvindən sonra qəza şəhərinə (1840–1849), sonra isə quberniya şəhərinə çevrilməsi də vəziyyəti dəyişmədi. İrəvan əhalisinə, şəhər həyatının xüsusiyyətlərinə görə Azərbaycan şəhəri kimi varlığını davam etdirməkdə idi.
– Bəs Avropadan qaynaqlanan “Erməni məsələsi”nin hədəfi nə idi?
 –Rusiya 1853–1856-cı illər Krım müharibəsində məğlub olduqdan sonra Osmanlı imperiyasından qisas almaq üçün məqam gözləyirdi. Belə bir fürsət 1877-ci ildə yetişdi. Rusiya Osmanlı imperiyası ilə 1877–1878-ci illər müharibəsində qələbə qazandı. San-Stefano (19 fevral–3 mart 1878-ci il) barışığı, sonra isə Berlində sülh müqaviləsi (1–13 iyun 1878-ci il)
bağlandı. Bu müqavilə ilə “erməni məsələsi” adlanan siyasət beynəlxalq gündəmə daxil oldu.
Bu mahiyyət etibarilə böyük dövlətlərin Osmanlı imperiyasının daxili işlərinə qarışmasına əsaslanırdı. Rusiya bununla həm Osmanlı imperiyasını zəiflətmək, həm də Rusiya ermənilərinin diqqətini imperiyadan qonşu dövlətə keçirmək istəyirdi. Ermənilər də “erməni məsələsi”ndən maksimum yararlanmağa çalışırdılar. Onun əsas istiqamətini Rusiya və Osmanlı ermənilərinin siyasi fəaliyyətinin ilk dəfə olaraq vahid istiqamətdə birləşməsinin baş verməsi təşkil edirdi. Əsas hədəf isə Osmanlı imperiyası idi. Bunun üçün ermənilər siyasi cəhətdən təşkilatlanmağa başladılar. 1887-ci ildə erməni sosial-demokrat partiyası – “Qnçak”, 1890-cı ildə isə erməni inqilabi federasiyası – “Daşnaksütyun” meydana gəldi.
–Ermənilərin daşnaklaşması, “Daşnaksütyun”un tezliklə erməni cəmiyyətinin siyasi liderinə çevrilməsi Qafqazdakı yerli türk-müsəlman əhalinin deportasiyasını və soyqırımını yaxınlaşdırırdı.
–Bu hədəfinə çatmaq – tarixi Azərbaycan torpaqlarının əhalisini qırmaq və qovmaq yolu ilə burada “Böyük Ermənistan” yaratmaq xülyasını gerçəkləşdirmək üçün Daşnaksütyun qısa bir zamanda ermənilər arasında möhkəmlənə bildi. Hər bir erməni dini baxımdan qriqorian olmaqla bərabər, siyasi cəhətdən daşnaklaşmağa məhkum edildi. Azərbaycan xalqına qarşı soyqırımların təşkilatçılığını və yerli türklərin torpaqlarını işğal edərək burada erməni dövləti yaradılmasını da daşnaklar həyata keçirdilər.
1890-cı illərdə ermənilər Osmanlı dövlətinə qarşı genişmiqyaslı üsyana qalxdılar. Bu qiyamlar ləğv edildikdən sonra ermənilər siyasi fəaliyyəti Rusiyaya keçirdilər. Daşnaklar tərəfindən yayılan xəritələrdə erməni dövlətinin tərkibinə Osmanlı torpaqları ilə bərabər Rusiyanın hakimiyyəti altında olan Azərbaycan torpaqları da daxil edilirdi.
Ermənilər Azərbaycanın Qarabağ bölgəsində dövlət yaratmaqla itirdikləri ümidlərini geri qaytarmaq və siyasi mərkəz kimi möhkəmlənə bilmədikləri İrəvan və ətrafında mövqelərini gücləndirmək üçün yeni bir vasitəyə – azərbaycanlılara qarşı soyqırımlara əl atdılar. Təsadüfi deyil ki, 1905–1906-cı
və 1918-1920-ci illər illərdə tarixə “erməni–müsəlman davaları” kimi daxil olan münaqişələrin gedişində ermənilər ən qanlı hadisələri Qarabağ və İrəvanda törətdilər. Erməni kapitalının ən çox mərkəzləşdiyi Bakıda da azərbaycanlılara xüsusi qəddarlıqla divan tutuldu. 
Bu proseslərin davamında Qafqazda təşəbbüsü ələ almaqda inqilabçı bolşeviklərə yardımçı olmuş ermənilər üçün Qərbi Azərbaycanda oyuncaq erməni dövləti və Qarabağın dağlıq hissəsində əsassız “erməni muxtariyyəti” yaradıldı.

 

Müsahibəni hazırladı:
Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”



Siyasət