“Türkiyə dikəlib bütün yaralarını sağaldacaq”

post-img

Türkiyədə baş verən fəlakətli zəlzələ Azərbaycanda da hər kəsə eyni kədər, ağrı yaşatmaqdadır.  Qardaş ölkəyə göndərdiyimiz yardımlar qəlbimizə az da olsa rahatlıq gətirir, zəlzələ bölgəsindən aldığımız kiçik bir xoş xəbər, uğurlu xilasetmə və yardım əməliyyatları  göynərtilərimizi azaldır. Zəlzələnin ölümsaçan ağuşundan sağ çıxanların nələr çəkdiyini təsəvvür etmək də ağrılıdır. Onlardan biri Türkiyədə yaşayıb-çalışan tanınmış sənətşünas soydaşımız Qaziantep Universitetinin professoru İlqar İmamverdiyevdir.
İlqar müəllimlə dəfələrlə Kayseridə, Nevşəhərdə,  Ərzincanda beynəlxalq konfranslarda görüşmüşük. Bu görüşlərdə bir yerdə çalışdığı mərhum professor Babək Qurbanovla qoşa olardı. 20 ildən çoxdur ki, Türkiyədə çalışır, Ankara, Ərzurum Universitetlərindən sonra Qaziantepə gəlib. Qaziantepdə də zəlzələ olduğunu eşidən kimi ilk yadıma düşən İlqar müəllim oldu. Telefonuna zəng çatmayanda hədsiz narahat oldum. Sonra telefonun  o başında o üzüntülü günlərdə onun yorğun və titrəyən səsini eşitmək nə qədər ağır olsa da, sağ qaldığına qədərincə sevindim. Müsahibə vermək halında olmadığını bilib, onunla zəlzələnin stress və həyəcanları ötüşəndən sonra söhbət etməli oldum. 
Dünən yenidən İlqar müəllimə zəng vurdum. Bir qədər özünə gəlsə də yenə həyəcanlı idi:
– Zəlzələ səhər tezdən baş verdiyindən Türkiyə yuxuda idi. Bir anlıq çaşqınlıq yaransa da özümüzü tez ələ ala bildik. Əslində, bəzi xırda silkələnmələrlə tez-tez üzləşdiyimizdən bunun da ötəri bir dalğa olduğunu zənn etdik. Amma bu dəfə ev elə bir guclu təkanla silkələnirdi ki, bu, tərpənişin fəsadlarının ağır olacağından xəbər verirdi. Yer üzünün görünməyən bir fəlakəti oldu bu zəlzələ. 6 fevral 2023-cü il Türkiyənin tarixinə qara bir səhifə kimi yazıldı. Bu fəlakət dolu hadisəni  görənlər və yaşayanlar  hələ də özlərinə gələ bilmirlər, sanki dəhşətli bir yuxudur...
– Yəqin ki, gördüklərinizin nə qədər ağır olduğunu anlatmaq da çətindir? 
– İndi o anları xatırladıqca adam çox şeyə təəccüb edir, hətta sağ-salamat qalmağına belə. İnanın ki, salamat qalanların doğum günüdür o qara tarix – 6 fevral. Qaziantepdə səhər saat 5 radələri idi, güclü təkan səngiyib-səngiməz əlimizə keçən pal-paltarı da götürüb birtəhər özümüzü çölə atdıq. Elektrik enerjisi kəsildiyindən zülmətdə dolaşıb qalmışdıq. Yaşadığımız bina 2 mərtəbəli olduğundan çölə qaçmağımız da xeyli asan oldu. Həyətdə  sulu qar yağırdı.  Məhəllə Qaziantep Universitetinin qarşısında olduğu üçün  tələbələrin ən çox qaldığı yer idi. Çoxmərtəbəli binalar olmadığından dağıntılar, demək olar ki, yox idi.
– Hadisə elə gözlənilməz olmuşdu ki, fövqəladə tədbirlərin görülməsini heç kəs gözləmirdi də. Amma az bir zamanda hökumət qüvvələri səfərbər oldu, icra strukturları, bələdiyyələr adamların yerləşdirilməsini, su və yemək verilməsini təşkil etməyə başladılar. Üstəlik, hər an verilən faciəli xəbərləri eşitdikcə dəhşət artır, heç kəsi, heç bir qurumu  qınamaq belə ağlından keçmirdi. Əslində, fəlakətin miqyası o qədər böyük və dağıdıci idi ki, adamlar bunları eşidib bildikcə özlərinin yaşadıqlarına və həyatda qaldıqlarına şükür edirdilər. 
– Azərbaycandan yardım nə vaxt gəldi?
– İlk soraq Ankaradakı səfirliyi- mizdən gəldi. Səfirliyimizin bu işdəki fəaliyyətini xüsusi qeyd etmək lazımdır. İlk gündən onların fəaliyyəti, adamları xilas missiyası  ümidlərimizi artırdı, dövlətimizə güvəndik. Belə anlarda adam kimsəsiz olmadığını hiss etdikcə az da olsa ürəklənir. Səfir Rəşad Məmmədov şəxsən bölgələri gəzir, imkanları daxilində hər bir Azərbaycan vətəndaşının problemləri ilə maraqlanırdı. Səfirlik əməkdaşları adamları zəlzələ bölgəsindən çıxarmaq üçün gecə-gündüz fəaliyyətdə idilər. Universitetimizin azərbaycanlı məzun və tələbələri də səfirliyin dəstəyi ilə yardım işlərinə qoşuldular. Onlar azərbaycanlıların toplanıb Vətənə və digər təhlükəsiz bölgələrə yola salınması üçün fədakarlıq göstərdilər.
– O ağır günlərdə bütün Azərbaycan da səfərbər idi, hər kəs Türkiyəyə yardım əlini uzatmaq istəyirdi...
– Qurban olum ölkəmizin hər bir vətəndaşına. Fəlakətin ilk saatlarından Azərbaycan dövlətinin və xalqının Türkiyəyə yardım üçün səfərbər olması iki ölkənin qardaşlığının sarsılmazlığının göstəricisi idi. “Bir millət, iki dövlət” olan xalqlarımızın qardaşlıq köməyi gözlənilən idi, amma bu dərəcə səfərbərlik ağıla sığan deyildi. İndi Türkiyənin hər bir televiziyası, radiosu, mətbuatı hər gün bu köməkdən danışır. Hətta adamlar özləri çaş-baş qalıb ki, bu boyda can yanğısı olarmı? Hər kəsin bu acını öz içində hiss etməsi, əlindən gələn köməyi əsirgəməməsi elə bir nümunədir ki, bunun müqayisəsi yoxdur. 
– Şübhəsiz, Türkiyə bütün bunlara qalib gələcək... 
– Adamları zəlzələdən çox möhkəm olmayan binalar öldürdü. Hər kəs bilir ki, Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi təkcə keçən 2022-ci ildə 22 mindən çox təkan qeydə alıb. Ən çox insan tələfatı ilə nəticələnən sonuncu ağır zəlzələ 1999-cu ildə İzmitdə 7,6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 17 mindən çox insan həlak olmuşdu. 2020-ci ildə İzmirdə baş verən ölümcül zəlzələdən də çox vaxt keçməyib. 
Binaların tikinti qaydalarının pozulması, məhz kütləvi pozulması faciələrin bilavasitə mənbəyi oldu. Mən nə inşaatçı, nə də seysmoloqam. Amma bildiyim qədər məsuliyyətsizlik bu qədər qırğına səbəb oldu. Bunun haqq-hesabı ciddi bir tərzdə aparılacaq. Baş verənlər bir daha təsdiqlədi ki, böyük türkün birliyini böyük fəlakətlər də sarsıdası deyil. Türkiyə güclü dövlətdir, tezliklə ayağa qalxıb itkiləri aradan qaldıracaq, yaralarını sağaldacaq. Əslində, ölkə ilk dəqiqələrdən ayaqdadır. Azərbaycan isə sonadək qardaş ölkənin yanında olacaq.

 

Namiq Qədimoğlu,
“Xalq qəzeti”



Müsahibə