“İki dəfə qaçqınlıq həyatı yaşadıq, üstəlik, soyqırımına uğradıq...”

post-img

Xocalı soyqırımı XX əsrin ən böyük insan qətliamlarından biri, müasir dünyanın gözü qarşısında baş vermiş bəşəriyyətin utanc nöqtəsi – ... 1992-ci ilin 26 fevralında Xocalı şəhərində Ermənistanın quldur hərbi birləşmələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dinc azərbaycanlılara qarşı kütləvi qətliam törətməsi illər keçsə də, unudulmur. Soyqırımı dəhşətlərini gözləri ilə görən, günlərlə ac-susuz girovluqda qalan, ailə üzvləri qətliama uğrayan Mürvət Məmmədov da yarası qaysaq bağlamayan vətəndaşlarımızdandır. Hər il təqvim üzrə həmin gün gəlib çatanda varından yox olur, o acıları ikiqat yaşayır.

Unudulmaz Xalq şairimiz Zəlimxan Yaqubun belə misraları var:

Sizi qınamıram ay Xocalılar,

Sizin başınızda şimşək oynadı,

Sizin başınızda dumanlar oldu.

Millətin dağ boyda fəlakətinə,

Gözünün ucuyla dönüb baxmayan,

Nazlanıb gözünü yumanlar oldu!

Bəli, o dövrün siyasi çəkişmələri, dünyanın susqunluğu da bir yandan yan­dırdı Xocalıda faşizmlə üz-üzə qalanları. 

Mürvət Məmmədovun ailəsi sözün bütün mənalarında böyük məşəqqət çək­mişdir. O, Xocalı faciəsi zamanı atasını, üç qardaşını itirib, bir qardaşı yaralanıb, ailəlikcə əsir düşüblər və sonradan ermə­ni əsir və meyitləri ilə dəyişdiriliblər. Bu ailə əslən Göyçə mahalındandır. 1988-ciildə Ermənistandan azərbaycanlıların deportasiyası başlananda Xocalıya pə­nah gətirmişdilər. Lakin nə biləydilər ki, cəmi 3-4 ildən sonra onları daha dəhşətli fəlakət yaxalayacaq.

Ona görə də Mürvət iki dəfə qaçqınlıq taleyi yaşadığını, üstəlik olmazın zillətlər gördüyünü yana-yana söyləyir. Məm­mədovlar ailəsi hələ Göyçədən qaçqın düşərkən ailənin böyük oğlu Sərvərin fa­ciəsi ilə üzləşiblər: o, qaçhaqaçda erməni gülləsinə tuş gəlib. Sonra birtəhər gəlib Xocalıya yerləşiblər. Mürvət deyir:

– Xocalı 1990-cı ildən blokada şə­raitindəydi. Şəhərə giriş-çıxış yox idi. Sonuncu dəfə ora vertolyot dekabr ayın­da gəldi. Ermənilər qazımızı, işığımızı kəsdilər. Lakin biz dözüb orada qalırdıq. Fevralın 25-dən 26-na keçən gecə vəh­şilər Xocalıya hücuma keçdilər. Əslində, hər gün bizi atəşə tuturdular. Lakin dinc sakinlərə bu qədər amansız, bu qədər misilsiz divan tutacaqlarına inanmırdıq. Keçmiş SSRİ-nin 366-cı alayı da onlar­la birgə üstümüzə gəldi. Sonuncu gün böyük qardaşlarım və atam digər mərd xocalılılarla birgə postları qoruyurdular. Bir də gördüm ki, qardaşım həyəcanla gələrək ermənilərin yaxınlıqda olduğunu, artıq şəhərə girdiyini bildirdi. Bizim silah­larımız adi ov tüfəngləri idi və bu tüfəng­lərlə son gülləmizə qədər atışdıq. Şəhər sakinlərinin böyük əksəriyyətinin heç bir silahı yox idi, əliyalın qalmışdılar. 

Xatrlayıram ki, ermənilər evimizi mühasirəyə aldılar və evə əl qumbarası atdılar. Qumbaranın qəlpəsinin biri aya­ğımı yaraladı. Digər qəlpə isə anamın kürəyinə dəymişdi. Qaçmaq imkanımız da olmadı. Hamımızı bir otağa yığdılar ki, bizi yandırsınlar. Üç yaşlı qardaşım var idi, çox çətin danışırdı. Amma Xocalı faciəsindən sonra dil açdı. O, erməni-rus zabitlərinə yaxınlaşaraq: “Noolar, məni yandırmayın, məni yandırmayın,” – deyib ağlayırdı. Sonra bizi döyə-döyə “Təcili yardım” maşınına doldurub Əsgərana gətirdilər. Xocalıda ən çox itki Qara qaya deyilən yerdə oldu. İndi ora “Qanlı qaya” deyirik.

Müsahibimiz qeyd edir ki, Xocalıda az sayda özünümüdafiə dəstəsinin üzvü var idi. Milli Qəhrəman Əlif Hacıyev aero­portun rəisi idi. Ondan əlavə, Bakıdan 21 nəfər köməyə gəlmişdi. Onların da çoxu Əlif Hacıyev kimi qəhrəmanlıq göstərərək şəhid oldu. Tofiq Hüseynov var idi, Xo­calı könüllü batalyonunun komandiri, ona “Mixaylo” ləqəbini vermişdilər. Çox cəsur adam idi. Hamısı bugünkü kimi gözümün qabağındadır. Hər tərəfdən mühasirədə qalmışdıq. Allah şəhidlərimizə rəhmət eləsin. Tofiq Hüseynov nə qədər dinc sakini xilas etmişdi, sonda görür ki, ələ keçəcək, meşənin sıx yerinə qaçaraq erməni silahlılarını aparır, qumbaranı özünə sıxaraq həlak olur. Yanındakı düş­mən əsgərlərini də məhv edir. Ölümün­dən sonra Milli Qəhrəman adına layiq görülür.

– Bəs, necə oldu ki, əsirlikdən xilas oldunuz? – deyə soruşuram. 

Özünü saxlaya bilmir, göz yaşları için­də “Allahverdi” deyir. Sonra da izah edir:

– Erməni quldurları hər gün narkotik­dən, içkidən istifadə edərək bizə işgən­cə verirdilər. Yalandan “Ağdamı aldıq, Bakını da alacağıq” – deyir, ruhumuzu qırmağa çalışırdılar. Yadımdadır ki, hətta əsirlərimizə məcburən torpaq yedizdirir, lağlağı edərək: “Yeyin, yeyin, Qarabağ torpağımızdır, yeyin!” - deyirdilər. Sonra bir gün hamımızı bir avtobusa doldurub gətirdilər Ağdamın ərazisinə. Heç nədən xəbərimiz yox idi. Sonra öyrəndik ki, Milli Qəhrəman, mərhum Allahverdi Bağıro­vun sayəsində azad edilmişik. Allah ona qəni-qəni rəhmət eləsin, bizi erməni me­yiti ilə dəyişdirmişdi.

Atası Məmməd Məmmədov, qar­daşları Söhbət və Möhlət hələ əsir düş­məmişdən öncə ermənilərə müqavimət göstərdikləri zaman öldürülmüşdülər. Əsgəranda erməni qəbiristanlığına apa­raraq erməni qəbirlərinin ayaq tərəfində qətlə yetirmişdilər. Mürvətgil bu dəhşətli xəbəri çox sonra, 2007-ci ildə öyrənə bi­liblər. 

M. Məmmədov deyir ki, bu gün doğ­malarının məzarlarının belə olmaması onları ikiqat yandırır. 

– Üstündən 31 il keçsə də, o günləri, doğmalarımın, əzizlərimin vəhşicəsinə öldürülməsini, nakam həyatlarını dü­şünəndə özümə gələ bilmirəm. Barı yadi­gar şəkilləri də qalmayıb ki, baxıb təsəlli alaq... 

Xocalı faciəsindən sonra bir müddət bütün təbliğat resurslarında ermənilərə uduzurduq. Lakin tədricən apardığımız təbliğat sayəsində mənhus soyqırımı barədə həqiqətləri, demək olar ki, bü­tün ölkələrdə yaya bildik. Dövlətimizin məqsədyönlü siyasəti nəticəsiz qalma­dı, səfirliklərimiz, diaspor təşkilatlarımız faciənin miqyaslarını beynəlxalq ictima­iyyətə çatdırdılar. Heydər Əliyev Fondu­nun vitse-prezidenti Leyla xanım Əliyeva “Xocalıya ədalət!” beynəlxalq məlumat­landırma kampaniyası 2008-ci ildən bəri davam edir. 44 günlük müharibədə bö­yük qələbə qazanmağımız, torpaqlarımı­zı geri almağımız bizə böyük təsəlli oldu. Nə qədər şəhidlərimiz olsa da, sonunda qalib gəldik, düşməni diz çökdürdük. Amma uşaq yaddaşımızın bir köşəsində özünə möhkəm yer edən doğma Xocalı­mı bir gün görəcəyim arzusu ilə yaşayı­ram. Əminəm ki, bu da olacaq. 

Bəli, Xocalı bizim qan yaddaşımızdır, tarixmizin unudulmaz səhifəsidir. 

 

Anar TURAN, “Xalq qəzeti”



Qan yaddaşı