Naxçıvanın “yaşıllaşma” potensialı böyükdür

post-img

Qədim diyarda enerji hasilatının 35 faizi alternativ mənbələrin payına düşür

Naxçıvan Muxtar Respublikasının təbii iqlim və coğrafi imkanları bu ərazidə bərpaolunan enerji mənbələrindən istifadəyə əlverişli şərait yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla birgə Naxçıvanı da “yaşıl” enerji zonası elan edib. Muxtar respublikada bu istiqamətdə hansı işlər görülür və qədim diyarın “yaşıl” potensialından necə istifadə olunur? Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı XQ-nin bu sualına cavabında dedi:

–Xidmətin strukturundakı stansiyaların ümumi gücü 244,8 meqavatdır. Su elektrik stansiyaları daxil olmaqla, bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü 107,8 meqavatdır ki, bu da ümumi gücün 44,04 faizini təşkil edir. Təkcə Günəş elektrik stansiyalarının ümumi gücü 39,4 meqavata çatır.

Hazırda Naxçıvan Muxtar Respublikasında 5 su, 3 günəş, 1 külək və 1 külək-günəş hibrid elektrik stansiyaları fəaliyyət göstərir. Bu stansiyalarda istehsal olunan elektrik enerjisinin hesabına Naxçıvan Muxtar Respublikasında “yaşıl” enerjinin payı da aylar üzrə artır. Təkcə 2024-cü ilin sentyabr ayında istehsal olunan ümumi elektrik enerjisinin 35 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb. Belə ki, 2023-cü ilin doqquz ayında “yaşıl” enerjinin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl” enerjinin hesabına təmin olunur.

Bir faktı da qeyd edim ki, bu il Naxçıvanın elektroenergetika sektorunda əlamətdar bir hadisə baş verib. Aprel ayının ortalarında muxtar respublikada İES-lərin köməyinə ehtiyac duyulmadan, yəni təbii qaz işlədilmədən su və Günəş enerjisi hesabına qədim diyarın elektrik enerjisinə təlabatı tam ödənildi. Bu göstərici may ayında, ümumilikdə, 92 faiz olub ki, bunun da 80 faizi SES-lərin payına düşüb. Cari il çaylarda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar elə ay olub ki, bir ay ərzində ümumi elektrik enerjisinin 100 faizi “yaşıl” enerjinin payına düşüb. Belə olan təqdirdə karbon emissiyaları da əhəmiyyətli dərəcədə azalıb.

Qarşıya qoyulan əsas vəzifələrdən biri də 2050-ci ilə qədər atmosferə buraxılan karbon emissiyalarını 40 faizə qədər azaltmaqdır. Təbii ki, “yaşıl” enerjidən nə qədər geniş istifadə olunursa, armosferə buraxılan karbon qazı da azalır. Hazırda muxtar respublikada enerji istehsalında “yaşıl” enerji payının 55 faizə çatması atmosferə buraxılan karbon qazının da ötən illərə nisbətən dəfələrlə azalması deməkdir.

– Bəs, “yaşıl” enerji mənbələrinin artırılması yönündə hansı addımlar atılır?

– “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən, bu bölgədə 2023–2024-cü illər ərzində 7992 hektar əkinə yararsız torpaqlarda “yaşıl” enerji layihələrinin reallaşdırılması nəzərdə tutulub. Mövcud günəş elektrik stansiyalarının sahəsi üzərində Günəş enerjisi potensialının qiymətləndirmə nəticələrinə görə bir hektar ərazdə, təqribən, 0,6 meqavat gücündə stansiya qurulduğu və il ərzində 900 min kilovatdan artıq elektrik enerjisi istehsal edildiyi müəyyənləşdirilib. Bu isə onu deməyə əsas verir ki, muxtar respublikada “yaşıl” enerji potensialı nəzərdə tutulan 1500 meqavatdan da çoxdur.

Külək və günəş elektrik stansiyalarının qurulması istiqamətində də adıçəkilən dövlət proqramında prioritet istiqamətlər müəyyənləşdirilib. Bu məqsədlə ilkin mərhələdə layihələndirmə işlərinin aparılması üçün müvafiq məsləhətçi şirkətlərlə danışıqlar aparılıb. Yerli qurumlarla bərabər, Türkiyə, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya şirkətləri ilə də muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrinin qurulmasına dair görüşlər keçirilib. Danimarka Krallığının müvafiq şirkəti külək elektrik stansiyalarının tikilməsi üçün layihələrini təqdim edib.

Onu da vurğulayım ki, Prezident İlham Əliyev Naxçıvanı “yaşıl” enerji zonası elan edib. Bu, həm də o deməkdir ki, biz illər sonra qədim diyarın “yaşıl” enerjisini onun yerli məhsulu kimi tanıyacağıq. Əslində, Naxçıvanın iqtisadi əhəmiyyətə malik yerli brend məhsulları çoxdur. Gələcəkdə “yaşıl” enerji onların sırasında ilk yerdə olacaq. Bu brendi isə biz qürurla Türkiyə üzərindən Avropaya daşıyacağıq. Bunun üçün növbəti 10 ildə “yaşıl” enerji ilə istehsal gücümüzü 1500 meqavata çatdırmağı planlaşdırırıq.

Hazırda Naxçıvanda 500 meqavat həcmində GES-in tikilməsi layihəsinin araşdırılması və yaxın perspektivdə icrasına başlanılması, dövlət başçısının bu təşəbbüsü II Şuşa Qlobal Media Forumunda yüksək dəyərləndirilməsi də qədim diyarda “yaşıl” enerji potensialının reallaşdırılmasına xüsusi önəm verildiyini göstərir.

Qeyd etmək istərdim ki, muxtar respublikadan Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı da bir neçə şirkətlə görüşlər keçirilib. Türkiye Elektrik İletim Anonim Şirketi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında enerji mübadiləsi haqqında Əməliyyat Müqaviləsinin bağlanılmasına dair sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi keçirilib. Müqavilənin yaxın zamanlarda imzalanması planlaşdırılıb.

Qarşıda duran əsas hədəf Naxçıvanda külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 meqavatının Türkiyə və Avropa istiqamətində ixracıdır. Yaxın perspektivdə ilkin mərhələdə gücü 30 meqavat olan yeni GES-in təməli qoyulması da planlaşdırılır. Bu stansiyanı dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Nobel Energy Manegment” MMC-nin tikəcəyi nəzərdə tutulur. Artıq bunun üçün 688 hektar torpaq sahəsi də müəyyənləşdirilib.

– Gələn ay ölkəmiz COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək. Muxtar respublikada bununla bağlı hansı hazırlıq işləri görülür?

– Dövlət Energetika Xidməti iqlim konfransına hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirir, maarifləndirmə işləri aparır, yerlərdə infossesiyalar təşkil edir. “Yaşıl enerji”yə, “yaşıl iqtisadiyyat”a keçidlə bağlı maarifləndirməni diqqət mərkəzində saxlayır. Eyni zamanda, “Greenfest” festivalının keçirilməsi nəzərdə tutulur.

Müsahibəni apardı:
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan

Müsahibə