Ötən həftə Bakıda keçirilən Pre–COP29 müzakirələri bunu bir daha təsdiqlədi
Ölkəmizdə son illərdə “yaşıl” iqtisadiyyata keçid istiqamətində mühüm addımlar atılıb, enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyi və iqtisadiyyatın davamlı inkişafı sahələrində ciddi uğurlar qazanılıb. Azərbaycanın 2030-cu ilə qədər bir dövrünü əhatə edən milli prioritetlərində dayanıqlı inkişaf və ətraf mühitin qorunması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Başqa sözlə, respublikamızın milli prioritetlərində “yaşıl” iqtisadiyyata keçidinin sürətləndirilməsi, təbii sərvətlərin beynəlxalq prinsiplərə uyğun qorunması, karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma kimi konkret ekoloji məqsədlər yer alıb.
Belə bir yanaşmanın diqqətdə saxlanılması isə yaşadığımız indiki dövrdə iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçidi şərtləndirir, eyni zamanda, ən aktual çağırışlardan biri olaraq mütərəqqi cəmiyyət quruculuğunda atılan məsuliyyətli addım kimi dəyərləndirilir. Ümumiyyətlə, dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl” iqtisadiyyata keçid mühüm önəm daşıyır.
Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl başa çatan Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı məktubunda da bu barədə ətraflı bəhs edilib. Məktubda iqlim dəyişmələrinin bütün qitələrin ölkələrinə təsir etdiyini, lakin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin bu təsirlərə daha həssas olduğunu vurğulayan dövlət başçısı təbiət fəsadlarının bütün bəşəriyyətinin yaşayışına mənfi təsir göstərdiyini və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq yolunda tərəqqini zəiflətdiyini bildirib. Ölkə rəhbəri bundan Azərbaycanın da ziyan çəkdiyini, hər il çaylarımızda suyun azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü, respublikamızın su qıtlığı problemi ilə üzləşdiyini xatırladıb.
Azərbaycan liderinin məktubunda daha sonra deyilir: “Ölkəmiz bu təhdidlərin öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl artım” üzrə sosial-iqtisadi prioritetimizi uğurla reallaşdırırıq. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl” enerji zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir. Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl” enerjiyə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız “yaşıl” gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur”.
Bu məqamda onu da qeyd edək ki, 2015-ci ildə qəbul edilən Paris İqlim Sazişi iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin əsas hüquqi çərçivəsini təşkil edir. Sənədin əsas məqsədi qlobal istiləşmənin sənayedən əvvəlki səviyyədən 2°C-dən çox artmasının qarşısını almaq və həmin artımı 1,5°C ilə məhdudlaşdırmaqdır. Bunun üçün hər bir ölkə öz milli iqlim planlarını hazırlayır və həmin planlar çərçivəsində istixana qazı emissiyalarını azaltmaq, enerji səmərəliliyini artırmaq, bərpaolunan enerji mənbələrinə keçid etmək və meşəlik əraziləri qorumaq üzrə öhdəliklər götürür. Prezident İlham Əliyev Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı məktubunda da bu məsələyə münasibət bildirərək qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycanın nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini vurğulayıb.
Yeri gəlmişkən, Paris İqlim Sazişi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında məsuliyyətin bölüşdürülməsi məsələsinə xüsusi diqqət yetirir. Sənəd hər bir ölkənin iqlim dəyişikliyinə töhfəsini və onu azaltmaq üçün fərqli imkanlarını nəzərə alaraq ədalətli keçidin gerçəkləşməsini tələb edir. Eyni zamanda, inkişaf etmiş hər bir ölkə maliyyə və texnologiya sahələrində inkişaf etməkdə olan ölkələrə dəstək verməyi üzərinə mühüm öhdəlik kimi götürür.
Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi əhəmiyyətli töhfələr barədə danışarkən, onu da qeyd edək ki, ölkəmizin bu problemin həllinə dəstək vermək əzmi dövlət başçısının sözügedən məktubunda vurğulandığı kimi, COP29 tədbirinə evsahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib çıxardı: “Mən Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək.
İxtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, biz tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan nailiyyətlər əldə etdik. Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP-una hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir”.
Bəli, bu gün COP29 Azərbaycan Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarı ilə bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq məqsədilə hamını dinləyir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritetləşdirərək bu dövlətlərə köməyi özünə mənəvi borc bilir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir.
Prezident İlham Əliyevin Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı məktubda iqlim konfransı ilə əlaqədar qarşıda duran vəzifələr haqqında da bəhs edilib: “Əsas vəzifə inkişaf etməkdə olan, ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir.
COP29-un sədri qismində nə Azərbaycan, nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilməz. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş innovativ “Şamaxı məsləhətləşmələri” iqlim üzrə danışıqların gələcək inkişafı üçün səmərəli qeyri-rəsmi format rolunu oynaya bilər”.
Məktubda dövlət başçısı bütün qeyd edilənlərlə bərabər, beynəlxalq ictimaiyyətə mesajlar da ünvanlayaraq “COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur” deyib.
Prezident İlham Əliyevin vurğuladığı kimi, COP29 multilateralizm üçün həlledici sınaq olacaq. Azərbaycanın sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi uğurla həyata keçiriləcək. Mövcud geosiyasi gərginlik fonunda “COP atəşkəsi çağırışı”nın aktuallığı isə daha da artacaq.