Bakı konfransı iqlim savaşını yeni mərhələyə qaldıracaq

post-img

Son illər ərzində iqlim dəyişikliyi qlobal səviyyədə ən çox müzakirə olunan aktual problemlərdən birinə çevrilib. İqtisadi artım, sənayeləşmə və əhalinin sayının çoxalması istixana qazlarının emissiyalarının yüksəlməsinə təsir göstərib və bu, planetdə iqlim şəraitində dəyişikliklərlə nəticələnib. Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin və ölkələrin bu sahədə öhdəliklərinin icrasına nəzarət mexanizmlərinin işlənib hazırlanmasının zəruriliyini qəbul edib.

Ekspertlər bildirirlər ki, bu mübarizədə əsas vasitələrdən biri 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qəbul edilən Paris Sazişi olub. Bu saziş qlobal istiləşməni 2°C-dən aşağı saxlamağı və potensial olaraq 1,5°C ilə məhdudlaşdırmağı hədəfləyib. Adıçəkilən sənəd çərçivəsində hər bir iştirakçı ölkə emissiyaların azaldılması və iqlim dəyişikliyinə adaptasiya üzrə səyləri əks etdirən “Milli səviyyədə müəyyənləşdirilən töhfələr” hazırlamağı və həyata keçirməyi öhdəsinə götürüb. Burada həmin məqsədlərə çatmaq üçün iddialı planlar hazırlamaqla yanaşı, həm də onların icrasına ciddi nəzarətin diqqətdə saxlanılması qarşıya mühüm vəzifə kimi qoyulub.

İqlim öhdəliklərinin icrasına nəzarət mexanizmlərinə monitorinq, hesabatlılıq və yoxlama sistemləri, maliyyə və texniki dəstək, eləcə də öhdəliklərin qiymətləndirilməsi, habelə nəzərdən keçirilməsi mexanizmləri kimi müxtəlif yanaşma və vasitələr daxildir. Bu mexanizmlər şəffaflığın, hesabatlılığın gerçəkləşdirilməsində və ölkələr arasında etimad səviyyəsinin artırılmasında mühüm rol oynayır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqlim sahəsində tədbirlərinin monitorinqi sənədində Beynəlxalq İqlim Fəaliyyəti Proqramının əhatə etdiyi və 51 ölkəyə yönələn iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin icmalı verilib. Bu, siyasətçilər və praktiklərdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindəki tendensiyalar haqqında aydın təsəvvür yaratmaq üçün hazırlanıb.

Adı çəkilən təşkilatın son hesabatı da göstərir ki, “Milli səviyyədə müəyyənləşdirilən töhfələr” sənədi çərçivəsində iqlim dəyişmələrinin nəticələrinin azaldılması üzrə öhdəliklər Paris Sazişinin məqsədlərinə nail olmaq üçün lazımi səviyyəyə çatmır.

Paris Sazişinin yüzilliyin sonuna qədər temperaturu 1,5°C-yə qədər məhdudlaşdırmaq hədəfinə nail olmaq üçün 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını qlobal şəkildə 43 faiz azaltmaq (2019-cu illə müqayisədə) lazımdır. Lakin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri 2020-ci il emissiyaları ilə müqayisədə tullantıları 28 faiz, bu təşkilata tərəfdaş ölkələr isə 5 faiz azaltmağı öhdələrinə götürüblər. Materialda qeyd olunur ki, Paris Sazişinin hədəfinə nail olmaq üçün lazımi proqnozlaşdırılan azalmalara nail olmaq məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və bu qurumun tərəfdaşı olan ölkələr emissiyaların azaldılması üzrə hədəflərini, ümumilikdə, ən azı daha 30 faiz artırmalıdır.

Yeri gəlmişkən, Paris İqlim Sazişi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında məsuliyyətin bölüşdürülməsi məsələsinə də xüsusi diqqət yetirir. Sənəd hər bir ölkənin iqlim dəyişikliyinə töhfəsini və onu azaltmaq üçün fərqli imkanlarını nəzərə alaraq ədalətli keçidin gerçəkləşməsini tələb edir. Eyni zamanda, inkişaf etmiş hər bir ölkə maliyyə və texnologiya sahələrində inkişaf etməkdə olan ölkələrə dəstək verməyi üzərinə mühüm öhdəlik kimi götürür.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının riayət etdiyi iqlim qərarlarının artım sürəti 2022-ci ildə ləngiyib. Bu təşkilat ilə tərəfdaş ölkələrin qəbul etdikləri milli iqlim tədbirlərinin artım sürəti 2022-ci ildə yalnız 1 faiz artıb. 2000–2021-ci illər ərzində imzalanan qərarların orta artım sürəti isə 10 faiz təşkil edib.

2022-ci ildə artımın ləngiməsi ölkələrin iqlim siyasətlərinin icrasını təhdid edə bilər. Dövlətlərin, əvvəlki kimi, mövcud siyasətləri sərtləşdirmək və ya hazırda geniş istifadə olunmayan yeni strategiyalar qəbul etmək üçün bir çox variantları (məsələn, tikinti və nəqliyyat sektorlarında karbon qiymətlərinin müəyyənləşdirilməsi, qadağalar və qazıntı yanacağı hasilatı, yaxud yaxud qazıntı yanacağına əsaslanan infrastrukturdan mərhələli imtina) var.

2010–2020-ci illər ərzində 14 ölkə emissiyalarını artırıb. Braziliya, Çin Xalq Respublikası, İndoneziya və Hindistan kimi ölkələrdə emissiyalar yüksəlsə də gözlənilən pik həddə çatmayıb. 2020-ci ildə emissiyaların artımı 2010-cu il səviyyəsi ilə müqayisədə Çində 34 faiz, Hindistanda isə 37 faiz təşkil edib. Ölkələr Paris sazişinin məqsədlərinə çatmaq üçün növbəti 10 il ərzində emissiyalarını əhəmiyyətli dərəcədə azaltmalı olacaqlar.

 

Ekologiya