Dünya “xalis sıfır”a doğru yön alıb

post-img

ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə ölkəsinin COP29 iqlim konfransında karbon vergisi ilə bağlı əhəmiyyətli irəliləyişin əldə olunacağına əminliyini bildirib.

Diplomat COP28-in əsas nəticələrindən biri olan dünyanın XXI əsrin ortalarına qədər “xalis sıfır” emissiyaya çatması üçün bütün ölkələrin iqtisadi səviyyələrinə uyğun istixana qazlarını azaltmaqla əlaqədar razılaşdırılmış öhdəliklər götürmələri barədə qərar verdiklərini vurğulayıb. Amma bununla bağlı müəyyən edilən vaxt çərçivələri dövlətlərdən asılı olaraq dəyişir: “ABŞ, Avropanın böyük hissəsi, Yaponiya və bir çox başqa ölkələr 2050-ci ilə, Çin isə 2060-cı ilə qədər “xalis sıfır” emissiyanı hədəfləyir. Lakin bu məqsədi gerçəkləşdirmək üçün tədbirlər kompleksi şübhəsiz ki, milli şəraitdən asılıdır”.

Paris Sazişinin 6-cı maddəsinin karbon emissiyalarının azaldılması ilə bağlı ticarətin uçotunu aparmağa imkan verdiyini, eləcə də etibarlı özəl sektora karbon bazarlarının yaradılmasını təşviq etdiyini vurğulayan C.Podesta bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində meşələrin mühafizəsi, emissiyaların azaldılması, karbon bazarı rejiminin yaradılması və bərpaolunan enerji mənbələrinə keçidin reallaşdırılması sahəsində uğurlu nəticələr alına bilər.

Beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşavirin sözlərinə görə, ABŞ-nin Paris Sazişindən kənarda olduğu dövrdə də Birləşmiş Ştatlar submilli, qeyri-hökumət təşkilatları, vətəndaşlar səviyyəsində prosesi diqqətdə saxlayıb, bu istiqamətdə layihələrin həyata keçirilməsinə xüsusi önəm verib.

Ekologiya