Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, həmçinin Clean Air Fund (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum keçirilib.
XQ-nin məlumatına əsasən, tədbirin açılış mərasimində Leyla Əliyevanın iştirakçılara ünvanladığı müraciət təqdim olunub. Müraciətdə vurğulanıb ki, hava keyfiyyəti şəhər əhalisinin sağlamlığı, rifahı və gələcək nəsillər üçün təhlükəsiz yaşayış mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, təmiz hava məsələsi müasir şəhərsalma siyasətinin əsas istiqamətlərindən biri olmalıdır.
Eyni zamanda, IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələr, o cümlədən “Bizim Həyət” proqramı çərçivəsində həyətlərin abadlaşdırılması, ağacəkmə aksiyaları, ekoloji maarifləndirmə təşəbbüsləri və dayanıqlı nəqliyyatın təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Çıxışda hava çirklənməsinin azaldılması və daha yaşıl, dayanıqlı, insan yönümlü şəhərlərin qurulması üçün beynəlxalq əməkdaşlığın vacibliyi xüsusi qeyd olunub.
Forumun rəsmi hissəsində BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini Elizabet Maruma Mrema, BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı ölkə proqramının rəhbəri Anna Soave, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və CAF nümayəndəsi Sesiliya Vaka Cons çıxış edərək şəhərlərdə hava çirkliliyinin azaldılmasının insan sağlamlığının qorunması, iqlim dayanıqlığının artırılması və daha keyfiyyətli urban mühitin yaradılması baxımından mühüm rol oynadığını bildiriblər.
Daha sonra tədbir panel müzakirələri ilə davam edib. IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, UNEP-in regional əlaqələndiricisi Mahir Əliyev, Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin proqram meneceri Dorota Yaroşinska, CAF-ın “Breathe Cities” təşəbbüsünün nümayəndəsi Manuel Truhilyo və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim siyasəti sektorunun müdiri Fuad Hümbətov şəhərlərdə hava keyfiyyətinin yaxşılaşdırılması, ekoloji problemlərin aradan qaldırılması və insan sağlamlığına mənfi təsirlərin azaldılması ilə bağlı beynəlxalq təcrübə və praktiki yanaşmalar barədə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünike qəbul olunub. Sənəddə təmiz havanın müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi qəbul edilməsi, gələcək Ümumdünya Şəhərsalma Forumlarının gündəliyində daimi mövzu kimi yer alması, eləcə də şəhərsalma, nəqliyyat, mənzil siyasəti, yaşıl infrastruktur və ictimai sağlamlıq sahələrində daha sıx əməkdaşlığın genişləndirilməsi ilə bağlı çağırışlar əksini tapıb.
Forum çərçivəsində, həmçinin Clean Air Fund, UNEP və digər tərəfdaş qurumların hazırladığı vizual materiallar nümayiş olunub, eləcə də Children’s Eyes on Earth beynəlxalq fotoqrafiya layihəsi iştirakçılarının əsərlərindən ibarət sərgi təqdim edilib.

