COP Zirvəsinə hazırlıq təqvim üzrə davam edir

post-img

İqlim konfransına hazırlıq vəziyyəti ilə bağlı keçirilən brifinqdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova çıxış edərək dünyanın ən nüfuzlu tədbirinin Bakıda keçirilməsinə artıq sayılı günlər qaldığını vurğulayıb. Natiq hazırlıq prosesinin yekun mərhələdə olduğunu və bütün istiqamətlər üzrə əməliyyatların müvafiq təqvimə uyğun icra edildiyini bildirib: “Tədbir məkanı olacaq Bakı Stadionunda tikinti son tamamlanma mərhələsindədir. Noyabra qədər məkanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilməsi planlaşdırılır”.

N. Carçalova tədbir məkanında müxtəlif məqsədlər üzrə icra edilən ərazi bölgüsü, Mavi və Yaşıl Zonanın fəaliyyəti, qurulan infrastuktur və tamamlanmaqda olan proseslər barədə ətraflı danışıb. Bildirilib ki, Yaşıl Zonada aparıcı qlobal təşkilatların məhsul və xidmətlərinin nümayişi ilə bərabər, müxtəlif təqdimatlar, seminar və brifinqlərin, habelə musiqi və mədəniyyət tədbirlərindən ibarət bir sıra proqramların keçirilməsi planlaşdırılır.

Pavilyonlar və sərgi stendlərindən ibarət olan, ümumi sahəsi 36 min kvadratmetr sahəni əhatə edən Yaşıl Zona tədbir zamanı Tərəflər Konfransının rəsmi iclaslarının keçiriləcəyi Mavi Zonadan bir neçə yüz metr aralıda yerləşir.

Ekologiya