Qazaxıstan Respublikası Prezidentinin müşaviri, beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova ilə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkəmizin noyabrda evsahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Z.Süleymenova Azərbaycanın COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyətlərinin şəffaflığı məsələsinin müzakirəsinin diqqətdə saxlanılacağına əminliyini vurğulayıb.
Xüsusi nümayəndənin sözlərinə görə, Azərbaycan iqlim şəffaflığı sahəsində öz fəaliyyətini daha yaxşı nümayiş etdirməyə kömək edən vahid platforma yaratmağa nail olub. “Əminəm ki, bu şəffaflıq prosesi, həqiqətən, iqlim dəyişikliyi sahəsində fəaliyyətləri gücləndirməyə və bütün maraqlı tərəflər arasında etimadı möhkəmləndirməyə kömək edəcək”, – deyə Z.Süleymenova bildirib.