Son 20 ildə ölkəmizdə istiləşmə əvvəlki 85 ildəkindən yüksək olub

post-img

İqlim dəyişməsi Azərbaycanda da su qıtlığı riskini artırır

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da bir sıra məsələlərlə bərabər, ölkədə su ehtiyatlarının azalması, habelə qlobal iqlim dəyişikliyinin davam etməsi nəticəsində yaranan ekzogen təsirlər də vurğulanıb.

Sənəddə, eyni zamanda, iqlim dəyişikliyinə qarşı mübarizənin uzunmüddətli dövrdə qlobal miqyasda əsas çağırışlardan biri kimi qəbul edildiyi, Davos İqtisadi Forumunun “Qlobal risklər – 2024” hesabatında uzunmüddətli dövrdə ekstremal hava hadisələri, biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması əsas risklər qismində diqqətə çatdırılıb, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsaslanılaraq, növbəti 5 ildə temperatur səviyyəsinin sənayeləşmədən əvvəlki göstəricidən 1,5 C artma ehtimalının çox yüksək olduğu da diqqətə çatdırılıb.

Milli Strategiyada qeyd edilir ki, qarşıdakı illərdə ölkənin su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir. Bildirilib ki, Dünya Resursları İnstitutunun son tədqiqatına görə, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 faiz su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilib.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da Dövlət Statistika Komitəsinin məlumatına əsaslanılaraq bildirilir ki, Azərbaycanda illik orta temperatur xüsusən 1980-ci ildən etibarən artmağa başlayıb və 2023-cü ildə 14,7°C-yə yüksəlib. 1915−2000-ci illərdə temperatur artımı isə illik orta hesabla 0,6°C qeydə alındığı halda, 2000−2020-ci illərdə bu artım 0,8°C-yə bərabər olub. Son 30 ildə illik isti (maksimum temperaturun 35°C-dən yuxarı olduğu) günlərin sayı 10-dan 15-ə artıb.

Temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcminin azalmasına səbəb olub. Belə ki, 2006-cı ildən etibarən Xəzərdə suyun səviyyəsinin ildə orta hesabla 11 santimetr azalması qeydə alınıb. Eyni zamanda, ölkə ərazisində yağıntıların uzunmüddətli dinamikası ümumilikdə sabit olsa da, son onillikdə cüzi azalma müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yağıntıların orta illik miqdarı 2002−2011-ci illərdəki 512,4 millimetrdən 2012−2023-cü illərdə 438,6 millimetrədək azalıb.

Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan, Gürcüstan və İranda da atmosfer yağıntılarının azalması su ehtiyatının həm transsərhəd, həm də yerli miqyasda azalması ilə nəticələnib.

Növbəti onillikdə Azərbaycan Respublikasında yağıntıların proqnozlaşdırılan səviyyəsi ilə bağlı qeyri-müəyyənlik var. Mövcud qeyri-müəyyənliklər və temperaturun artması su ehtiyatlarının daha çox buxarlanmasına, çay axınlarının azalmasına, buzlaqların sürətlə əriməsinə və nəticədə şirin su ehtiyatlarının azalmasına gətirib çıxara bilər. İl ərzində ardıcıl quru günlərin maksimum sayında müşahidə edilən artım tendensiyası o qədər böyük olmasa da, quraqlıq və su qıtlığı ilə bağlı riskləri artırır.

2023-cü ildə Dünya Bankı tərəfindən dərc edilən “Ölkə iqlim və inkişaf hesabatı”nda seçilmiş ölkələrlə müqayisədə Azərbaycan üzrə aparılan təhlildə növbəti illərdə kəskin iqlim dəyişikliyi və temperaturun artmasının ölkəmizə nisbətən aşağı dərəcədə təsir edəcəyi qeyd olunub, hidroenerji istehsalının gücü əsas risk amili kimi önə çəkilib.

Milli Strategiyada qarşıdakı illərdə ölkədə su ehtiyatlarında azalmanın davam edəcəyi bildirilib. Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 faiz su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, respublikamızın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 faiz və 2070-ci ilə 10−15 faiz, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 faiz və 2070-ci ildə 15−25 faiz azalacağı proqnozlaşdırılıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabata əsasən, ölkəmizin su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə 5−10 faiz və 2070-ci ilə 10−15 faiz, digər ssenari üzrə isə 2040-cı ilə 10−15 faiz və 2070-ci ildə 15−25 faiz azalacağı proqnozlaşdırılıb.

Hazırda dünya ölkələri iqlim dəyişikliklərinin kəskinləşməsi, su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması kimi ciddi problemlərlə üzləşib. Son 50 ildə davamlı qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artması, urbanizasiya və sənayeləşmə kimi amillər su ehtiyatlarının səviyyəsinə və keyfiyyətinə mənfi təsir göstərir.

Ekologiya