Səudiyyə Ərəbistanının səfiri: Qarabağda görünməmiş quruculuq işləri gedir

post-img

Sentyabrın 23-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı münasibətilə təntənəli bayram tədbiri keçirib. Azər­baycan və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli onları təbrikə gələn rəsmiləri, Azərbaycandakı diplomatik korpusun nü­mayəndələrini, mətbuat işçilərini və digər qonaqları salamladı. 

Azərbaycan dövləti adından çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin xalqlarımızın mənafelərinə uy­ğun olaraq qurulduğunu, xüsusilə, iki ölkə rəhbərlərinin görüşləri nəticəsində bu iki dövlət arasında qırılmaz əlaqələrin uğurla davam etdirildiyini qeyd etdi.

Bayram tədbiri bədii hissə ilə davam etdi. “Xalq qəzeti”nin yaradıcı heyəti sə­fir İssam bin Saleh əl-Cuteyliyə müraciət edərək, ondan qəzetimiz üçün müsahibə verməsini xahiş etdik. Cənab səfirin “Xalq qəzeti” üçün eksklüziv müsahibəsini təq­dim edirik: 

– Səudiyyə Ərəbistanı ilə Azərbaycan dövləti arasında diplomatik əlaqələrin ta­rixi və mövcud vəziyyəti barədə nə deyə bilərsiniz?

– Rəhmli və mərhəmətli Allahın adı ilə. 

Azərbaycan 1991-ci ildən müstəqilli­yini qazandıqdan sonra Səudiyyə Ərəbis­tanı hər sahədə onu dəstəkləyir və bizim siyasi görüşlərimiz də üst-üstə düşür. İstər regionda, istərsə də beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyirik. İki ölkə arasında siyasi koordinasiya çox güclüdür. Bu gün, xüsusilə, iqtisadi sahəni daha da yüksək­lərə qaldırmaq istəyirik. Çalışırıq ki, iqti­sadi əlaqələrimiz güclənsin.

– Elə isə maraqlıdır, iqtisadi əməkdaş­lıq istiqamətində nə kimi işlər görülür?

– Hər iki ölkənin müştərək, potensi­al imkanları var ki, bundan gözəl şəkildə yararlanmaq lazımdır. Sentyabrın sonunda Səudiyyə Ərəbistanından 70-dən çox iş adamı Azərbaycana gələcək. Bu, iki ölkə arasında körpülərin qurulmasında böyük dəstək olacaq. Bütün qalan sahələrdə də əlaqələrimiz ən yüksək səviyyədədir. 

İki ölkə arasındakı əlaqələr nə qədər uğurlu olsa da, bizə rəhbərliklər öyrədir­lər ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında bütün sahələrdə müvəffəqiyyətli addımlar ataraq, birliyimizi gücləndirək. Çox məşhur bir kəlam var: “Bizim hədəf­lərimiz səmalara ucalmaqdır”. 

– Cənab səfir, Azərbaycan Qarabağda zəfər qazanandan sonra bir çox diplomat­lar bu qədim torpağımıza səfər ediblər. Bəs siz necə, Şuşada, Qarabağın digər şəhər və kəndlərində olmusunuzmu? Bu barədə təəssüratlarınızı bilmək istəyirik.

– Azərbaycan doğma torpaqlarına sa­hib olduqdan sonra dost-qardaş ölkənin bir elçisi kimi 4–5 dəfə Qarabağa səfər etmişəm. Bəli, Şuşada da olmuşam. Bu qə­dim yurdun gözəlliyindən doymaq olmur. Qarabağın bütün fəsilləri gözəldir. Şəxsən mən qardaş və dost ölkənin elçisi kimi hər dəfə oradan qayıtdıqdan sonra inanmışam ki, tezliklə yurdlarından qovulmuş insanlar doğma torpaqlarına qayıdacaqlar. Çünki mən Qarabağa səfərlərim zamanı böyük layihələrin icra edilməsinin şahidi olmu­şam. Görünməmiş bir quruculuq işləri gedir – yollar çəkilir, binalar, məktəblər, xəstəxanalar tikilir, bir sözlə, yeni yaşayış infrastrukturu salınır. İnanın ki, Qarabağa hər gedişimdə Azərbaycanın qurucu in­sanlarına, onların Vətən sevgisinə heyran oluram. Müsəlman ölkəsinin bir elçisi, dip­lomatı kimi deyə bilərəm ki, hər bir Azər­baycan vətəndaşı Qarabağdakı Zəfərinizlə fəxr edə bilər! 

Həm də qardaş ölkə kimi Qarabağın yenidən dirçəlməsinə və öz sahiblərinin bu əsrarəngiz torpaqlara qayıtmasına çox sevinirəm. Təsəvvür edin, gözlərimin önündə yeni kəndlər, şəhərlər salınır. Bu əmin-amanlığı, tikintiləri gördükcə Allah­dan sizə uğurlar arzulayır, dualar edirəm. 

– Azərbaycanın işğal olunmuş ərazilə­rinin yenidən bərpa olunmasında ərəb iş adamlarının iştirak etmək planları varmı? 

– Əlbəttə, Səudiyyə Ərəbistanı Kral­lığı Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərinin bərpa olunmasında ən yüksək səviyyədə öz köməyini əsir­gəmir və əsirgəməyəcək də. Bizim sözü­müz əməlimizdir. Bu mənada, Qarabağın minalardan təmizlənməsi üçün Səudiyyə Ərəbistanı özünün çoxillik iş təcrübəsini təklif etmiş, dəstəyini əsirgəməmişdir. Bəlkə də bu sahədə birinci ölkəyik. Bizim əsas istəyimiz odur ki, minalanmış əra­zilər tez bir zamanda təmizlənsin və in­sanlar öz yurduna, doğma ocağına qayıda bilsin. Bir də bu yerlərdən müharibə səsi gəlməsin.

Bayaq qeyd etdiyim kimi, sentyabrın sonlarında bizim ölkəmizdən 70-dən çox iş adamının Azərbaycana səfər etməsi xüsusi olaraq planlaşdırılmışdır. İstəyi­rik ki, ölkələrimiz arasında ticari, iqtisadi əlaqələr elə bir səviyyədə olsun ki, biz bu uğurların möhtəşəmliyindən qürur hissi keçirək. Təkrar edirəm, yaxşı günümüzdə də, dar günümüzdə də bir-birimizin yanın­da olaq. Və olacağıq da. 

– Azərbaycan BMT-nin iqlim dəyişik­liyi konfransına – COP29-a evsahibliyi edəcək. Tərəfdaş ölkələrdən biri kimi nə deyə bilərsiniz?

– Azərbaycan dövlətinin bütün sahələr­dəki uğurları dost, qardaş ölkə kimi bizi çox sevindirir. Xüsusilə qeyd etmək istə­yirəm ki, Səudiyyə Ərəbistanı bütün bey­nəlxalq görüşlərdə, danışıqlarda Azərbay­canın haqlı, ədalətli mövqeyini alqışlayır. Səudiyyə Ərəbistanı Krallığının yaşıl ener­jiyə keçidlə bağlı zəngin təcrübəsi var. Ha­zırkı zamanda bu sahədə birgə layihələrin həyata keçirilməsinin təşəbbüskarı kimi BMT-nin iqlim dəyişikliyi konfransına – COP29-un Azərbaycanda keçirilməsinə dəstək olduğumuzu bir daha nümayiş etdi­ririk. Və inanırıq ki, qardaş Azərbaycan bu sahədə də uğur qazanacaq. 

Sonda bir daha Allahın salamının, rəh­mətinin və bərəkətinin xalqınızın və dövlə­tinizin üzərində olmasını arzulayıram.

Müsahibəni apardılar:
Kəmalə ABDİNOVA,
Fidan SALMANOVA
XQ



Müsahibə