Tanınmış Azərbaycan tarixçisi, şair, şərqşünas, tərcüməçi, AMEA Tarix və Etnologiya İnstitutu mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazil oğlu Fərzəliyevin əbədiyyətə qovuşmasından 40 gün keçir. Şahin Fazil imzası ilə tanıdığımız bu zəka sahibi, söz sərrafı, nəcib ailə başçısı, sadiq dost özündən sonra zəngin elmi-ədəbi irs və unudulmaz xatirələr qoyub getsə də, əfsus ki, mənəvi xəzinəsinin xeyli hissəsini də özü ilə haqq dünyasına apardı.
Deyirlər, dünyaya gələn körpənin adını qulağına pıçıldayanda, sanki, ona həyat proqramı bəxş edirsən. Uğurlu adla, mənalı təxəllüslə, elə bil, insana mübarizə amalı ötürülür və bununla onun həyat yolunun yönü-yöndəmi müəyyən edilir. Şahin adı da Fərzəliyev soyadlı bu ziyalıya həmişə ucalıq eşqi gətirdi, Fazil təxəllüsü isə ona daim fəzilət təlqin etdi. Şahin Fazilin dərin zəkası onu Azərbaycan elminin dərin qatlarına çəkib apardı, incə duyğuları isə milli poeziyamızın səmalarına qanadlandırdı.
1940-cı il martın 27-də yurdumuzun gözəl və qədim guşələrindən biri olan Quba şəhərində Fazil kişinin ailəsində bir oğlan dünyaya göz açanda, yəqin ki, kimsə gələcəkdə onun çox tanınmış alim və şöhrətli şair olacağını güman etməmişdi. İllər keçdi, bu oğlan böyüyüb doğulduğu diyarın tarixini dərindən öyrəndi və elmdə təsdiqlətdi, zəngin poeziyasına əlvan şeiriyyət çələngi bəxş etdi. Bu barlı-bəhrəli elmi-ədəbi yaradıcılıq milli ziyalılığa şahinliyin fazilliyi nümunəsi kimi yazıldı.
Uşaqlığı Böyük Vətən müharibəsinin ağrılı-acılı illərinə düşən Şahin həyatın sınaqlarından dözümlə çıxdı, orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil aldı. Universiteti fərqlənmə diplomu ilə bitirmiş gənc şərqşünas müxtəlif vaxtlarda 7 il Əfqanıstanda fars dili tərcüməçisi kimi çalışdı, ixtisası üzrə püxtələşdi.
Şahin müəllim diplomatik xidmətlə yanaşı, elmi axtarışlarını da davam etdirdi, məzunu olduğu şərqşünaslıq fakültəsində, həmçinin Sumqayıt və Lənkəranın ali məktəblərində pedaqoji fəaliyyət göstərdi. Çalışdığı hər yerdə böyük etimad və nüfuz qazanan Şahin müəllim özünə qarşı tələbkarlığı, gözütoxluğu, xidmətdə təmənnasızlığı ilə seçildi, sevildi.
Şahin Fazil ömrünün son illərində AMEA Tarix və Etnologiya İnstitutunun mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri vəzifəsində səmərəli fəaliyyət göstərirdi. Onun çoxşaxəli yaradıcılıq yoluna və bizə yadigar qoyduğu əsərlərin sayına, həcminə, ən başlıcası məzmununa, rəngarəngliyinə nəzər saldıqda gözləri önündə lal axan çaylara bənzər dərin və geniş bir nəhr canlanır. Şahin Fazilin alim, tərcüməçi, təhlilçi, tənqidçi, ədəbiyyatşünas, qədim və müasir ədəbiyyatın hər növündə qələmini uğurla sınamış şair kimi yaradıcılıq diapazonu insanda heyrət doğurur. Təəssüf ki, həyatı qayğılar içində keçən bu nadir ziyalıya zamanında qədərincə dəyər verə, qayğı göstərə bilmədik.
Tarixçi alimin yaradıcılığı çox zəngin olsa da, hələ öz layiqli qiymətini almayıb. Bədii yaradıcılığında olduğu kimi, elmi fəaliyyətində də yorulmaq bilmədən çalışan, neçə-neçə alimin işini görən bu elm fədaisinin əsərlərinin biblioqrafiyası onun məhsuldar bir alim olduğunun sübutudur. Şahin Fazilin yazdığı 697 səhifəlik “Quba tarixi” kitabı onu elm tarixində həmişəlik yaşadacaq.
Professor Şahin Fazilin təkcə Azərbaycan Sovet Ensiklopediyasında Azərbaycan və Naxçıvan haqqında yazdığı yüzdən çox məqalənin hər biri mötəbər elmi mənbədir. O, Üzeyir Hacıbəyli Ensiklopediyası üçün də 100-dək mövzu işləyib. Tarixçi alimin 300-dən çox elmi məqaləsi çap olunub. Onun Azərbaycan elmini tanıdan əsərləri və fars dilindən çevirdiyi mənbələr də ciddi tarixi önəm daşıyır. İsgəndər Münşinin 2505 səhifəlik “Tarixe-aləmaraye-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərinin tərcüməsi onun Azərbaycan elminə verdiyi layiqli töhfələrdən biridir.
Şahin Fazil Jozef Tiflisinin “Mir Veys və Şah Hüseyn”, Yan Tadeuş Kruçinskinin “Xristian səyyahın tarixi” kitablarını da Azərbaycan dilinə tərcümə edib. Alimin əsərlərinin bir çoxu özünün müstəsna səyləri ilə çap olunsa da, hələ dərindən tədqiq olunmayıb. Nə yaxşı ki, onun yaradıcılığı gənc tədqiqatçıların diqqətindən kənarda qalmayıb, alimin irsindən qaynaqlanan namizədlik və doktorluq dissertasiyaları yazılır. Çoxsaylı aspirantları onun yaradıcılığı barədə dəyərli məqalələr yazıblar.
Gənc şair Şahin Fazilin “Qızbənövşə” adlı ilk şeiri 1958-ci ildə “Qızıl Quba” qəzetində dərc olunanda, heç düşünməzdi ki, o, bir vaxt Azərbaycan Yazıçılar Birliyinin sayılıb-seçilən üzvlərindən biri olacaq, 142 illik tarixi olan “Məcməüş-şüəra”ya sədr seçiləcək və 1998-ci ildə isə bu mötəbər məclisin tarixini, onun üzvlərinin əsərlərini “Təzkireyi – Şahin” kitabında müasir oxucularımıza çatdıracaq.
Şahin müəllimin həyatında ailə müqəddəsliyi, dostluğa sədaqət hissi qırmızı xətt kimi keçir. Poeziyamızda həyatdan vaxtsız köçmüş ömür-gün yoldaşlarına yazılan elegiyaların, bəlkə də, ən təsirlilərini o yazıb. Lakin Şahin Fazilin şeiriyyəti təkcə sevgi və sədaqətdən bəhs etməyib. Onun poetik irsində xalqımızın şanlı və ağrılı keçmişi, bu günü və gələcəyi haqqında dərin ictimai məna daşıyan nümunələr də az deyil. Şahin müəllimin 2018-ci ildə çap olunmuş “Doğruya doğru” adlı 1223 səhifəlik kitabı onun bədii yaradıcılığının məzmun və sambalını əks etdirir. Şair 2001-ci ildə yazdığı bir qəzəlində deyirdi:
Sahib ollam yenə Xankəndimə, Allah qoysa,
Salaram, düşmənimi bəndimə, Allah qoysa,
Azərbaycanı kafər ki, məəttəl qoydu,
Bir zaman mat olacaq fəndimə, Allah qoysa.
Nə yaxşı ki, Şahin müəllim bu istəyinin çin olmasını gördü.
Tarixçi alimin ən qiymətli elmi əsərləri onun “Azərbaycan və Osmanlı İmperiyası XV–XVI əsrlərdə” mövzusunda yazdığı doktorluq dissertasiyasıdır. Daha əvvəl, 1974-cü ildə isə Həsən bəy Rumlunun “Əhsənül-Təvarix” (“Tarixlərin ən yaxşısı”) əsəri əsasında namizədlik dissertasiyası müdafiə etmişdi. Şahin Fazil Azərbaycan tarixinin çox mürəkkəb dövrü olan orta əsrlər üzrə respublikamızın nüfuzlu alimlərindən biri kimi 7 cildlik “Azərbaycan tarixi” kitabının əsas müəlliflərindən biridir.
Cəlaləddin Məhəmməd Dəvanın “Ərze-sepahe-Uzun Həsən” (“Uzun Həsənin ordusuna baxış”) əsərinin tərcüməsi də onun dəyərli xidmətlərindən biridir. XVII əsrin anonim müəllifinin “IV Sultan Muradın” Rəvan və Təbriz səfəri ruznaməsini də dilimizə Şahin müəllim çevirib. Şahin müəllim Əfqanıstanda çalışdığı illərdə milli ədəbiyyat nümunələrimizin fars-əfqan dilinə tərcüməsində və yayılmasında, əfqan ədəbiyyatının isə Azərbaycan oxucularına çatdırılmasında böyük xidmətlər göstərmişdi. O, həmin illərdə Əfqanıstanın bir neçə dövlət mükafatını almışdı.
Şahin Fazilin elmi-ədəbi irsi çoxşaxəli, zəngin mənəvi mənbədir. Bu xəzinə onun adını daim yaşadacaq, müəllifinə şöhrət və rəhmət qazandıracaq.
İsrafil QURBANOV,
Əməkdar dövlət qulluqçusu