Əslən Gürcüstanın Borçalı (Aşağı Kartli) bölgəsindən olan 31 yaşlı dizayner Qalib Həsənov özünün parlaq istedadı ilə dünya moda aləminin diqqət mərkəzinə qalxa bilib. “Vogue” jurnalının “Parlayan ulduz” adlandırdığı gənc dizayner Milan Moda Həftəsinin açılışını özünün yeni “Institution” (İnstitusiya) layihəsi ilə edərək böyük rəğbət qazanıb.
Kənd həyatından dünya podiumlarına
Qardabani rayonunun Qaraçalar kəndində doğulub boya-başa çatan Qalib Həsənovun uğur hekayəsi 2013-cü ildə Tbilisidə keçirilmiş BENEXT müsabiqəsində qalib gəlməsi ilə başlayıb. Bu qələbə ona təhsil almaq üçün Milanın nüfuzlu “Haute Future Fashion Academy”sinin qapılarını açıb. Maddi çətinliklərə baxmayaraq, ailəsinin dəstəyi ilə İtaliyaya yollanan Qalib burada həm təhsilini davam etdirib, həm də işləyərək öz karyerasını qurub.
Dizayner Qalib Həsənov nüfuzlu Milan Moda Həftəsində “Institution” adlı brendi ilə yeni kolleksiyasını təqdim edərək, moda dünyasına öz imzasını atıb və iştirakçılar arasında böyük maraq doğurub. Onun kolleksiyası 30 unikal geyimdən ibarət olub və hər bir dizayn onun müasir yanaşmasını, innovativ baxışını və incəsənətlə modanın sintezini nümayiş etdirib. Dizaynerin işləri zəriflik, struktur və konseptual ifadə gücü ilə fərqlənib. Xüsusilə, kolleksiyada Azərbaycanın zəngin mədəni irsini və estetik dəyərlərini əks etdirən milli motivlər geniş yer alıb.
Qeyd edək ki, Milan Moda Həftəsi dünyanın ən nüfuzlu moda tədbirlərindən biri hesab olunur və bu platformada solo debüt etmək istənilən dizayner üçün böyük nailiyyətdir. Qalib Həsənovun kolleksiyası təkcə Azərbaycan modasının deyil, həm də beynəlxalq səviyyədə gənc istedadların yaradıcılıq potensialının təqdimatı baxımından əhəmiyyətli hadisə olub.
Onun təqdim etdiyi geyimlər klassik və futuristik üslubların harmoniyasını özündə birləşdirərək həm sənətsevərlərin, həm də moda ekspertlərinin diqqətini çəkib. Eyni zamanda, kolleksiyada milli kimliyə vurğu edilməsi Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu debüt Qalib Həsənovun beynəlxalq moda arenasında tanınmasına və gələcək layihələrinə yeni imkanlar açmasına zəmin yaradır.
Tarixlə müasirliyin sintezi
Dizaynerin son kolleksiyasında ən diqqətçəkən məqamlardan biri dünyanın demokratik yolla seçilmiş ilk müsəlman qadın deputatı, keçən əsrin əvvəllərində Gürcüstan parlamentinin üzvü, Qaraçalar sakini Pərixanım Sofiyevaya həsr olunmuş hissədir. O, moda vasitəsilə qadın azadlığı və regionun tarixi keçmişini Avropalı auditoriyasına uğurla təqdim edib. Kolleksiyada azərbaycanlı qadınların toxuduğu ənənəvi xalçalar və tarixi örtüklər müasir dizaynla sintez edilib.
Əsas hədəf: Unudulan sənəti xilas etmək
Bu gün Ledi Qaqa və Beyonse kimi məşhur dünya ulduzları ilə əməkdaşlıq etməsinə baxmayaraq, Qalib Həsənov üçün ən böyük uğur şöhrət deyil, dəyərləri qorumaqdır. Onun ən böyük arzusu ulu Borçalıda, eləcə də bütün Gürcüstanda azərbaycanlı qadınların əl işi olan xalçaçılıq sənətini yox olmaqdan xilas etmək və bu qədim irsi beynəlxalq səviyyədə təbliğ etməkdir.
Paşa ƏMİRCANOV
XQ



