Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezident İlham Əliyevə təqdim olunub
Martın 13-də Milli Məclisin növbəti plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat dinlənildi.
Milli Məclisin sədri Sahibə Qafarova çıxışında bildirdi ki, 2025-ci il Azərbaycan tarixinə “Konstitusiya və Suverenlik İli” kimi daxil olub və ölkənin siyasi-hüquqi inkişafında yeni mərhələ kimi yadda qalıb. Onun sözlərinə görə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan həm daxili inkişaf, həm də beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirib. Spiker, həmçinin ötən ili Azərbaycanın xarici siyasəti üçün kifayət qədər uğurlu hesab etdiyini vurğuladı.
Sədrin sözlərinə görə, 2025-ci ildə ölkənin strateji valyuta ehtiyatları təxminən 20 faiz artaraq 85 milyard ABŞ dollarını ötüb. İqtisadi artımın əsas hissəsi qeyri-neft sektorunun payına düşüb və investisiyaların təxminən 75 faizi bu sahəyə yönəldilib.
Sonra Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti haqqında hesabatını səsləndirdi. Baş nazir parlamentdə təqdim etdiyi hesabatda 2025-ci ildə sosial müdafiə, iqtisadi sabitlik və dövlət proqramlarının icrası istiqamətində əldə olunan nəticələrdən danışdı. Hesabatda Böyük Qayıdış proqramının davam etdirilməsi, regionlarda sosial infrastruktur layihələrinin icrası və dövlət büdcəsinin uğurla tamamlanması xüsusi vurğulandı. Ə.Əsədov ötən il ərzində ümumilikdə 529 min nəfərə sosial müavinət verildiyi, 406,6 min nəfərin Prezident təqaüdü ilə təmin olunduğunu, imtiyazlı şəxslərə 400 mənzilin təqdin edildiyini deputatların diqqətinə çatdırdı.
Baş nazir, eyni zamanda, uşaqların sosial müdafiəsi, təhsil və elmin inkişafı ilə bağlı göstəriciləri açıqladı. Hesabata əsasən, 2025-ci ildə 149 uşaq övladlığa verilib, 176 uşaq isə reinteqrasiya tədbirləri nəticəsində ailələrinə qaytarılıb. Məktəbəqədər təhsilə cəlb olunan 1–5 yaşlı uşaqların payı 38,7 faizə çatıb. Elmi müəssisələrdə 230 milyon manatdan çox dəyərdə tədqiqat işi aparılıb, 12,8 min elmi məqalə və tezis dərc edilib.
Hesabatda müdafiə və təhlükəsizlik sahəsi də diqqət mərkəzində oldu. 2025-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,1 milyard manata çatdırılıb ki, bu da əvvəlki illə müqayisədə 23 faiz çoxdur. Ə.Əsədov, həmçinin Böyük Qayıdış prosesinin davam etdirildiyini, 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələrinin hazırlanaraq ölkə başçısına təqdim olunduğunu açıqladı.
Hesabat dinlənildikdən sonra müzakirələr aparıldı. Deputat Vüqar Bayramov paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqinin məqsədəuyğun olacağını bildirdi. O vurğuladı ki, bəzi həyət evlərinin sahələri 20-30 kvadratmetrdən az olduğundan sabit ödənişlər az sahəli ev sahibləri üçün yetərli olmur. V.Bayramov qeyd etdi ki, diferensial kompensasiya tətbiq olunarsa, sahəsi kiçik olan mənzillərin sahiblərinə ev almaq üçün kifayət qədər məbləğ ödənilə bilər ki, bu da onların mənzil probleminin həllinə dəstək olar.
MM-in komitə sədri Fazil Mustafa hesabatın müzakirəsi zamanı təmsil etdiyi Sabunçu rayonunun Bakıxanov qəsəbəsində zirzəmisi su ilə dolu binalarla bağlı heç bir tədbir görülmədiyini bildirdi: “Avtomobil yolunun üzərində əməlli-başlı bir müştərək Balaxanı–Zabrat gölü yaranır. Drenaj yox, nə yağırsa yolun üstünə toplanır və Allahın günəşi gəlib qurutmayınca günlərlə insanlar palçığa bulaşmış səkilərdə yürüyürlər”.
Fazil Mustafa həmçinin Neft Şirkətinə məxsus ərazilərin böyük hissəsinin Sabunçu rayonunda yerləşdiyini, həmin ərazilərdə qanunsuz ev və obyektlərin tikildiyini, neft çıxmayan ərazilərdə qanunsuz tikililərin özəlləşdirilməsi ilə büdcəyə daha çox vəsait cəlb edə biləcəyini bildirdi.
Deputat Vasif Qafarov çıxışında Astara rayonunda 30 ildir istifadəsiz qalan torpaqların dövlətə qaytarılmasını təklif etdi. O qeyd etdi ki, 1996-cı ildə həyata keçirilən aqrar islahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4954 ailə arasında bölüşdürülüb: “Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri odur ki, bu torpaqlar belə kəsilib verilib ki, istifadəsi faktiki olaraq mümkün deyil. 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb. Onların dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınaraq dövlət mülkiyyətinə qaytarılması və sahibkarlara icarəyə verilməsi ilə əkin dövriyyəsinə qaytarılması mümkündür”.
O həmçinin Lerik və Astara rayonlarının böyük turizm potensialına malik olduğunu vurğulayarq, meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsinin dayandırılmasının bölgədə turizm obyektlərinin açılmasına mane olduğunu qeyd etdi: “Təmsil etdiyim Lerik rayonunda mövcud olan 3 Ailə Sağlamlıq Mərkəzi, 39 tibb məntəqəsi və 22 həkim məntəqəsindən cəmi 2-si yeni tikilən binalardır. Digərləri, demək olar ki, istismar müddətləri başa çatmış və qəzalı vəziyyətdədir. Astara rayonunun Kakalos kənd tibb məntəqəsi də eyni vəziyyətdədir. Həmçinin, Lerik rayonunda nəinki idman kompleksi, ümumiyyətlə, hansısa bir idman mərkəzinin olmaması və Lerik şəhər stadionunun istifadəyə yararsız olması vətəndaşlar tərəfindən mütəmadi olaraq qaldırılan məsələlərdəndir”.
Parlament sədrinin birinci müavini Əli Əhmədov Azərbaycanda əhalinin artım tempində azalmanın müşahidə olunduğunu söylədi. O qeyd etdi ki, 2015-ci ildə 160 mindən çox uşaq doğulmuşdusa, 2025-ci ildə bu göstərici 100 minin altında olub: “2015-ci ildə məktəblərdə 1,5–1,6 milyon uşaq təhsil alırdısa, bir neçə ildən sonra məktəblərdə oxuyanların sayı təxminən 1 milyon olacaq. Bu, 50 minə yaxın müəllim üçün ixtisar riski yaratmaqla yanaşı, uzunmüddətli perspektivdə pensiya yaşında olan əhali ilə işləmə qabiliyyətində olan əhali arasındakı nisbətə ciddi təsir göstərə bilər”.
Birinci vitse-spiker onu da bildirdi ki, 2026-cı ildə və sonrakı illərdə hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq və strateji tədbirlər bu sahədə həyata keçiriləcək.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Tacir SADIQOV
XQ

