Qardaş ölkədə Azərbaycan Mədəniyyəti Günləri münasibətilə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazıçıları və media nümayəndələri Astanada səfərdədirlər.
İlk olaraq Qazaxıstanın Milli Akademik Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il 530 yaşı tamam olan mütəfəkkir şair Məhəmməd Füzulinin qazax dilində “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclis təşkil edilib. Mərasimlərdə hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, elm və mədəniyyət xadimləri, digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, həmin layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu, şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi isə ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda “Zərdabi nəşr”də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli, Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova və başqaları çıxış ediblər. Bildirilib ki, Qazaxıstan və Azərbaycan arasında mədəniyyət sahəsində böyük əlaqələr mövcuddur və çox sayda layihələr həyata keçirilir. Füzuli yaradıcılığı, ümumən, klassik irs həmişə öz aktuallığını saxlayır və milli-mənəvi dəyərlərdən biridir. Vurğulanıb ki, bu tədbir Azərbaycan ədəbiyyatının təntənəsi olacaq və Azərbaycan–Qazax ədəbi əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.
Xalq yazıçısı Elmira Axundova mədəniyyət günləri çərçivəsində təqdim ediləcək “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabı haqqında məlumat verib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoty Raimkulova jurnalistlərə müsahibəsində deyib: “Təşkilatımızın missiyası Türk dünyasının mədəniyyəti və irsinin dəstəklənməsi, populyarlaşdırılması və qorunmasıdır. Dövlət başçılarımızın tapşırıqlarına uyğun olaraq, biz ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstəririk. Biz digər türk təşkilatları ilə birlikdə, əsrlərlə yaşı olan Türk dünyasının yazıçılarının, alimlərinin və şairlərinin yaratdığı ümumtürk irsinin nəşri və təbliğinə öz töhfəmizi verdiyimiz üçün böyük qürur hissi keçiririk. Biz çox şadıq ki, Bakıda yerləşən Mədəniyyət və İrs Fondu Füzuli irsinin təbliğinə öz töhfəsini verib və onun qəzəllərini, poemalarını və şeirlərini qazax dilinə tərcümə edib. Gələcəkdə digər dillərə – qırğız və özbək dillərinə tərcümələr də planlaşdırılır”.
Bədii hissədə qiraət ustası Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova Füzulinin qəzəllərini səsləndiriblər. Xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek İskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.
Həmin gün K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında “Zaman” qrupunun etnocaz konserti təqdim olunub. Konsertdən əvvəl çıxış edən musiqi qrupunun bədii rəhbəri Vasif Hüseyn çıxış edərək, milli çalğı alətlərinə böyük marağı olduğunu bildirib. Sonra söz musiqiyə verilib və ifaçılar maraqlı proqramla çıxış ediblər. Qazax musiqisevərləri konserti böyük maraqla qarşılayıblar.
Sentyabrın 25-də isə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanıb və “Azərbaycan ədəbiyyatı guşəsi” açılıb. Bundan əlavə, Astananın Sülh və Razılıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub və həmin sarayda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.
Qazaxıstan Respublikasının Milli Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920–1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Sevil Kərimovanın “Təbriz məktəbi miniatürü”, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət” mövzularında mühazirələri dinlənilib. Həmin gün K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala-konsert keçirilib.
Ə.ƏLİYEV
XQ