Dahi bəstəkarın dünya şöhrətinin əks-sədası

post-img

Heydər Əliyev Fondu və Mədə­niyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı davam edir. 

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, dahi bəstəkarın anadan ol­masının 139-cu ildönümünə həsr olunan festival çərçivəsində artıq 9 gündür bir-bi­rindən maraqlı konsertlər, tamaşalar, sər­gilər təşkil olunur. Xarici qonaqların – mu­siqişünas və bədii kollektivlərin də həvəslə qatıldığı rəngarəng tədbirlərin əhatə dairə­si bir daha Üzeyir dühasının möhtəşəmli­yini göstərir. 

Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən “Akademik Üzeyir Hacıbəy­li” adlı elmi konfransda ittifaqın səd­ri, Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın həyat yolundan, zəngin ya­radıcılığı və elmi irsindən danışıb, onun milli musiqimizin inkişafında mühüm xidmətlərini vurğulayaraq deyib: 

– Ənənəvi festival müxtəlif mədəniy­yət müəssisələrində çoxsaylı təqdimatlarla zəngindir. Dünya ölkələrindən musiqiçilər və tamaşaçılar Üzeyir Hacıbəylinin zəngin musiqi irsi ilə daha yaxından tanış olurlar. Dahi bəstəkarın yaradıcılığı tükənməz sər­vətdir, onun əsərlərinin yayılma coğrafiya­sı daim genişlənir, çoxşaxəli yaradıcılığı haqqında yeni-yeni tədqiqatlar aparılır. Bu, bizim üçün böyük fəxarətdir. 

Qeyd edək ki, elmi konfransın ertəsi günü Bəstəkarlar İttifaqının Üzeyir Ha­cıbəyli adına Konsert Salonunda kame­ra-instrumental musiqisindən ibarət ma­raqlı konsert təşkil olunub. Üzeyir bəyin əsrarəngiz musiqisi virtuozların ifasında dalğa-dalğa ətrafa yayılaraq könülləri ox­şayıb.

Şəmkir Alman Lüteran Kilsəsinin səh­nəsində festival çərçivəsində Fikrət Əmi­rov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupunun (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev) kon­serti keçirilib. Xormeyster, Əməkdar artist Naala Baratelianın rəhbərliyi ilə konsert­meysterlər Lalə Bağırzadə və Fərdin İlham Məhəmmədzadə, Əməkdar artist Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) müşayiəti ilə solistlər Orxan Əlizadə, Səbinə Əlizadə, Zəminə Ağayeva və Şahnaz Əliyeva öz ifalarını təqdim ediblər. Proqramda Cahan­gir Cahangirovun, Asəf Zeynallının, Fikrət Əmirovun, Tofiq Quliyevin əsərləri də ifa olunub. Xor üçün işlənmiş xalq mahnıları konsertə əlavə rəng qatıb.

Gəncə Dövlət Filarmoniyasının ka­mera Orkestrinin qədim şəhərdə verdiyi konsert də zövqləri oxşayıb. Bədii rəhbəri və baş dirijoru Rafael Bayramov olan bu peşəkar kollektivin repertuarında Üzeyir musiqisi üstünlük təşkil edib. 

Azərbaycan Dövlət Akademik Filar­moniyasında isə Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru maraqlı proq­ramla çıxış edib. Konsertə Braziliyanın tanınmış musiqi xadimi Miguel Kampos Neto dirijorluq edib. Solistlər Fərid Əliyev (tenor) və İlahə Əfəndiyevanın (soprano) çıxışları dönə-dönə alqışlanıb. Xatırladaq ki, festivalın son günü – sentyabrın 28-də də filarmoniya musiqisevərləri qoynuna alacaq. Həmin gün dahi bəstəkarın adını daşıyan Azərbaycan Dövlət Simfonik Or­kestri Əyyub Quliyevin dirijorluğu ilə fes­tivalın yekun akkordlarını vuracaq. Virtu­oz ifaçılar – Böyük Britaniyanı təmsil edən Dmitri Sitkovetski və Elvin Hoca Qəniyev violində, Murad Adıgözəlzadə isə pianoda növbəti dəfə ustalıqlarını nümayiş etdirə­cəklər.

Dünən paytaxtın Kamera və Orqan Musiqisi Zalında Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə ”Detaşe” ansamblı konsert verib. Konsertmeyster Səbinə Muradova gecəni yüksək səviyyədə idarə edib. Bu ansamblın əsas fərqli xüsu­siyyəti alət tərkibinin ancaq violinolardan ibarət olmasıdır. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri məharətlə səsləndirilib. 

Musiqi bayramını yaxından izləyən dirijor, sənətşünaslıq üzrə fəlsəfə dokto­ru, dosent Telman Qəniyev təəssüratla­rını bizimlə bölüşdü:

– Böyük bəstəkar, musiqişünas, Azər­baycan professional musiqi məktəbinin ba­nisi, həm də publisist, ictimai xadim Üze­yir Hacıbəylinin xatirəsinə təşkil olunan beynəlxalq Musiqi festivalı milli-mədəni irsə yüksək dəyər verildiyinin daha bir tə­zahürüdür. Üzeyir dünyası elə bir bulaqdır ki, daim çağlayır, hər kəsi duyğulandırır.

Telman müəlimin həyat yoldaşı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin dosenti Afaq Qəniyeva da onunla bərabər, kon­serti dinləyənlər arasında idi. O, ürək sözlərini belə ifadə etdi: 

– Bir həftədən artıqdır ki, festival təd­birləri ruhumuzu oxşayır. Həqiqətən də, Üzeyir bəyin musiqi irsi zəngindir və onun ruhuna göstərilən böyük ehtiram bizi həd­siz sevindirir. Nə qədər ki qədirbilən Azər­baycan xalqı və onun musiqi sənəti var, Üzeyir Hacıbəyli də yaşayacaq. 

Qeyd edək ki, sentyabrın 28-də Ka­mera və Orqan Musiqisi Zalında daha bir maraqlı toplantı olacaq. Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Nyu-York şəhərində keçirilmiş IV Beynəlxalq Bəstə­karlıq Müsabiqəsinin yekun konsertini təş­kil edəcək. Bu gün axşam Beynəlxalq Mu­ğam Mərkəzinin səhnəsi bəstəkar Türkər Qasımzadənin bədii rəhbəri olduğu “Ca­denza” Orkestrinin öhdəsinə veriləcək.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət