Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan–Rusiya işçi qrupunun 5-ci iclası keçirilib. İclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyətə toxunulub, tərəflər ölkələrimiz arasında kənd təsərrüfatı sektorunda da əlaqələrin inkişaf etdiyini vurğulayıblar.
İşçi qrupunun iclasında iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.
Tərəflər müzakirə edilən məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
XQ