Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşada “Qarabağ gecəsi - Şuşa” adlı xeyriyyə konserti keçirilib.
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan və QDF tərəfindən “YAMAHA” istehsalı olan böyük konsert royalının Şuşa şəhərinə hədiyyə edilməsinə həsr edilən konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri və şəhər sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib:
“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Artıq ənənə halını alan bu konsert də doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə keçirilir.
Bu konsert artıq 3 dəfə Bakı və Gəncə şəhərlərində keçirilib və məhz onun keçirilməsindən əldə edilən ianələr hesabına bu gözəl royal musiqi aləti alınaraq Şuşa şəhərinə hədiyyə edilib.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək “Qarabağ gecəsi” xeyriyyə konsertinin işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq vurğulayıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artistləri Fərhad Bədəlbəyli və dünya şöhrətli tenor Yusif Eyvazov, solistlər Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Qəmər Kərimli (violin) və başqaları qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.
XQ