Daşların sirli aləmi

post-img

Mineroloq-gemmoloq Nazir Nağıyev 10 ildən çoxdur ki, qiymətli daş-qaş və zərgərlik əşyalarının ekspertizası ilə məşğul olur. O, bu sahə üzrə ölkəmizdə ən yaxşı mütəxəssislərdən sayılır. N. Nağıyev ilə söhbətimiz qiymətli daşların sirləri və insanın səhhətinə müsbət təsiri barədədir. 

– Nazir bəy, qiymətli daşlar deyən­də, ilk növbədə, nə nəzərdə tutulur?

– Qiymətli daşlar kainatın yaradılı­şı sirlərlə doludur. Onlar sanki Tanrının yaratdığı ən qeyri-adi canlılardır. Təbii daşlar sirli bir aləmdir. Onlar mənim üçün şəxsən keçmişi gələcəklə bağlayan bir körpü rolunu oynayır. 

Bu daşlara təkcə zinət əşyaları kimi baxmaq olmaz. Təbii daşlar insanlar üçün çox faydalıdır. O qədər daşlar var ki, çətin müalicə edilən xəstələrə şəfa verir. 

Mənə bəzən sual verirlər ki, təbii daş­lar necə yaranır? Diqqət yetiirsəniz görər­siniz ki, daşların üzərində göy qurşağının əsas rəngləri əks olunub. Fikrimcə, bu qeyri-adi təbiət hadisəsinin daşlarla əlaqə­si çoxdur. Bir sözlə, təbii daşlar təbiətin özü kimi rəngarəngdir, bənzərsizdir. 

Göy qurşağından yarpaqlara düşən şeh damcıları torpağa qarışır və şüalan­ma nəticəsində torpağın alt qatında nəm­lənmə yaranır. Nəticədə, torpağın altında kimyəvi maddələr reaksiyaya girir. Təbii reaksiyadan formalaşan daşlar daha ener­jilidir. 

Təbii daşlar istifadə zamanı rəngini dəyişir. Rəng dəyişimi daşın tərkibində olan metalların zəngin olmasından asılı­dır. Məsələn, tərkibində titan qarışığı olan yaqut sapfirə çevrilir və müxtəlif rəng çalarları əmələ gətirir. Daşın yaddaşı var. İnsanın yaxşı və ya pis əhvali-ruhiyyədə olduğunu hiss edir. Ona görə də rəngini ovqata dəyişə bilir. 

– Deyirlər ki, daşların enerjisi var. Bu, həqiqətdir?

– Tamamilə doğrudur! Daşların hər birinin spesifik enerjisi var. Bunu duy­maq, hiss etmək hər kəsə nəsib olmur. 

Hər bir mineralın da öz sinqoniya­sı var. Məsələn, yaqut, turmalin daşları triqonal (üçkünc) sinqoniyadır. Ümumiy­yətlə, daşların bu və ya digər xüsusiyyət­lərinə bələd olmaq üçün fizika, həndəsə, kimya, torpaqşünaslıq və geologiya elm­lərini dərindən bilmək lazımdır. 

– Təbii daşları saxta daşdan necə ayırmaq olar?

– İlk növbədə, daşın kimyəvi tərkibi­nin nədən ibarət olduğu araşdırılmalıdır. Bundan başqa, onların yerin altında nə cür və hansı şəraitdə yaranması təxmin edil­məlidir. 

Məlumatı olanlar yaxşı bilirlər ki, kəhrəba şam ağacının şirəsindən hazır­lanır. Ağac şirəsini torpağa tökür və nə­ticədə, kəhrəba daşı əmələ gəlir. Əlbəttə, bunun üçün uzun illər, qərinələr lazımdır. 

Hazırda bəzi “mütəxəssislər” kəhrə­banı plastmasla qarışdırırlar. Ondan saxta bəzək əşyaları düzəldirlər. Onu, üstəlik, dəyərindən xeyli baha qiymətə satırlar. Burada vicdan məsələsi xüsusi önəm da­şıyır. Əslində, qiymətləndirmə daşın tər­kibinə görə aparılmalıdır. Yalnız yüksək peşəkar mütəxəssislər həmin daşa baxan­da deyə bilirlər ki, bu təbiidir, yoxsa yox.

Təbii daş alarkən, onun üzərində olan vulkan yanmalarına xüsusi fikir vermək lazımdır. Eyni zamanda, daşın soyuqluq dərəcəsi də nəzərə alınmalıdır. Elə daş var ki, onun çəkisinə və kütləsinə nəzər yetir­mək lazım gəlir. Daşın çəkisinin yüngül və ya ağır olması onun kristollaqrafik qu­ruluşundan asılıdır. 

– Təbii daşların insan sağlamlığına faydası varmı?

– Əlbəttə, var! Dahi alim-mütəfəkkir İbn Sina əhali arasında kütləvi ölümlərə səbəb olan vəbanın müalicəsində təbii daşlardan faydalanırdı. Hətta onu da qeyd edim ki, dövrümüzdə xərçəng xəstəliyinin müalicəsində opal daşından istifadə edilir. Bu daş bir çox ağır xəstəlikləri sağaltmaq üçün bioenergetik xüsusiyyətlərə malik­dir. 

Məlumdur ki, insanın dərisində mə­samələr var. Üstümüzdə gəzdirdiyimiz daşın enerjisi həmin dəliklər vasitəsilə bədənimizə daxil olur. Enerji bədənimizə yayılaraq öz təsirini göstərir. 

Məsələn, kəhrəba istifadə edən insa­nın ürəyi həmişə sağlam olur. Tərkibində yod və şam ağacının şirəsi çox olan kəh­rəbalar var ki, ürək və zob xəstəliklərinin müalicəsində əhəmiyyətli dərəcədə müs­bət təsirə malikdir. 

Kəhrəbanın ən bahalı forması “yağ­bal” adlanır. Qədimdə Bakının Maşta­ğa, Şüvəlan, Nardaran kimi kəndlərində kəhrəbaları müxtəlif cür – “daş yağbal”, “mərcanı”, “şirə daş yağbal” adlandırır­dılar. 

Böyük alim Nəsirəddin Tusi bir çox xəstəliklərin müalicəsi zamanı kəhrəba­nın tozunu çaya və ya suya qataraq iç­məyi məsləhət görürdü. Çinlilər kəhrəba tozunu şirniyyat, çay və digər məhsulla­rın tərkibinə qataraq istifadə edirlər. Ona görə də Çində xəstəliklərin sayı daha az­dır. Yaşlanmanın faizi isə olduqca aşağı səviyyədədir. 

Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto)
XQ





Müsahibə