Müsahibimiz yazıçı-dramaturq, rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur
Azərbaycan peşəkar milli teatrı mövcud olduğu əsr yarımlıq müddətdə çətinliklərdən və sınaqlardan keçərək ayaqda qala bilib və mənəvi dünyamızı zənginləşdirib. 1896-cı ildə Milli Teatrımızın yaradıcısı Həsən bəy Zərdabinin “Birinci müsəlman dram truppası”, “Artistlər İttifaqı”, “Müsəlman Artistlər İttifaqı, 1920-ci ildən “Türk Aktyorlar İttifaqı”, 1945-ci ildən “Azərbaycan Teatr Cəmiyyəti” kimi tanınmış təşkilatlar nəhayət, 1987-ci ilin 27 fevral tarixli təsis Konfransının qərarı ilə “Azərbaycan Teatr Xadimləri İttifaqı” (ATXİ) adlandırılıb. Bu gün qurumun fəal üzvlərindən biri də Ağalar İdrisoğludur.
Onunla bu yaxınlarda ATXİ-nin 15-ci konfransında görüşdük. Öyrəndik ki, Ağalar İdrisoğlu Masallı şəhər 2 nömrəli orta məktəbi bitirib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinin məzunu olub. 1986-cı ildə isə Moskvada Anatoli Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib. Peşəkar teatrda 40-dan artıq tamaşada rollar oynayıb, 140-dan çox səhnə əsərinə quruluş verib. Ağalar İdrisoğlu 16 pyesin, 20-dən çox teatrlaşdırılmış tamaşalar üçün ssenarinin, 150-dən artıq hekayə, esse, elegiya, pritçanın, 1500-dən çox məqalənin, müsahibənin, publisist yazıların, oçerklərin, ressenziyaların, elmi, tarixi məqalələrin müəllifidir. Onun 20-yə qədər kitabı çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib.
Söhbətimizdə onun teatra sonsuz can yanğısının, bu sehirli aləmə möhkəm bağlılığının bir daha şahidi olduq. Beləliklə, teatr fədaisi ilə müsahibəni təqdim edirik:
– Ağalar müəllim, keçən il ölkəmizdə ilk teatr forumu keçirildi. Ötən ay isə ATXİ-nin növbəti konfransı baş tutdu və siz də orada maraqlı çıxış etdiniz. Sevimli aktyorumuz, gözəl teatr təşkilatçısı, Xalq artisti Hacı İsmayılov yekdilliklə sədr seçildi. Forumdan və konfransdan sonrakı gözləntiləriniz, ümidləriniz nədən ibarətdir?
– Əvvəla vurğulayım ki, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin belə bir maraqlı kəlamı var: “Yüksək səhnə mədəniyyəti ilə seçilən Azərbaycan teatrının zəngin repertuarı sayəsində xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdir. Beləliklə, Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır”.
Bu fikirlər hər bir sənətçidə ruh yüksəkliyi yaradır. Qeyd etdiyiniz tədbirlərlə bağlı isə deyim ki, bunlarla fəaliyyətimizin yol xəritəsi cızılır. Uğurlar xatırlanır və qarşıda duran vəzifələr, əsas hədəflər müəyyənləşdirilir. Nəzəri düşüncələrin təcrübədə reallaşması gərgin çalışmalar tələb edir. Bu gün məndə belə bir nikbinlik var ki, dövlətin, cəmiyyətin və bizim özümüzün birgə səylərimizlə milli teatrımızın yüksək dünya səviyyəsinə çatmasını təmin edə biləcəyik. Elə Məryəm Əlizadə, Sabir Məmmədov, Əli Əmirli, Ağalar İdrisoğlu, Şövqi Hüseynov, Larisa Tarusova, İntiqam Soltan, Rəhman Rəhmanov və başqaları da çıxışlarında teatrların bəzi problemlərinə toxunsalar da, əsasən müsbət tonda danışdılar. İttifaqın idarə heyətinə də tanınmış və işgüzar şəxsiyyətlər seçildilər. Bunlar İlham Namiq Kamal, Cənnət Səlimova, Siyavuş Kərimi, Mərahim Fərzəlibəyov, Azər Zeynalov, Azad Şükürov və İlham Əsgərov oldu. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, bundan sonra da Teatr Xadimləri İttifaqında maraqlı işlər görüləcək. Təkcə biz sənət insanları yox, tamaşaçılar da çox razı qalacaqlar.
– Siz çıxışınızda bir sıra konkret təkliflər səsləndirdiniz...
– Bəli. Dedim ki, istedadlı gənclərin Bakıda və xaricdə qiyabi ali aktyorluq və ya rejissorluq təhsilinə cəlb edilməsi, tanınmış pedaqoqlardan aktyor sənətinin, səhnə danışığının, plastikanın sirlərini mükəmməl səviyyədə öyrənməsinə şərait yaradılması vacibdir.
Bu gün Tiflisdə və Dərbənddə iki Azərbaycan Dövlət Dram Teatrı fəaliyyət göstərir. Həmin teatrlarda ali təhsilli rejissor, aktyor və aktrisalar, demək olar ki, yoxdur. Bu məsələ də həllini tapmalıdır. Dərbənddə teatr üçün bina da tikilib. Əgər teatr orada mütəmadi tamaşalar oynamasa, həmin binanı onların əlindən ala bilərlər... Biz hökmən bu teatrlara sahib çıxmalıyıq. Bundan başqa, sənətçilərimiz üçün istirahət evinin tikilməsi, teatr binalarının kommunal xərclərinin ödənilməsi gərəkdir. Biletlərdən gələn cüzi pulla işıq pulunu, su pulunu ödəmək olmur. Yaradıcı heyətin mənzil-məişət qayğısı da həllini tapmalıdır. Bir də teatrdan cüzi vergi tutulmalı, ya da onlar vergidən azad olmalıdırlar ki, özlərini dolandıra bilsinlər.
– Teatrın inkişafı naminə daha hansı addımlar atmaq olar?
– Bu gün Bakı, Gəncə, Masallı, Şabran və başqa bölgələrdə həvəslə işləyən, yaxşı tamaşalar hazırlayan Xalq teatrları və Özəl teatrlar var. Amma Mədəniyyət Nazirliyi Xalq teatrlarına cəmi iki ştat ayırıb: bir rejissor, bir də rəssam ştatı. Xalq teatrlarında rollar oynayan həvəskar aktyorların isə bəziləri başqa sahələrdə işləyirlər və ya heç harada işləmirlər. Əlbəttə, belə adamların marağı olmayacaq ki, güzəranlarının belə çətin durumunda gəlib Xalq teatrında mütəmadi rollar oynasınlar. Amma Azərbaycanda inkişaf etmiş təxminən 10 Xalq teatrına və Özəl teatrlara Dövlət Teatr-Studiyası adı verilsə və yaradıcı, inzibati heyyət üçün əlavə 20-30 ştat ayrılsa, qısa vaxtda bölgələrimizdə teatrların inkişafı sürətlənər və həm də teatra maraq çox artar. Ən əsası isə çoxlu istedadlı gənc yetişə bilər.
Belə Teatr-Studiyaları Bakıda, Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Zaqatala, Qəbələ, Masallı, Şabran və başqa bölgələrdə yaratmaq olar. Binaya gəlincə isə çoxlu mədəniyyət evlərimiz var ki, orada heç bir iş görülmür. Həmin Teatr-Studiyalar və Özəl teatrlar o mədəniyyət evlərində yerləşdirilə bilər. Elə yaşayış massivlərindəki istifadəyə yararlı zirzəmiləri də təmizləyib Teatr-Studiyalara vermək olar. Bununla da ərazilərdə teatra maraq artar və gənclər də zərərli vərdişlərdən uzaqlaşarlar.
Əgər teatrın binası yoxdursa, ondan şedevr tamaşalar gözləmək absurddur. Təsəvvür edin ki, 86 yaşlı Qazax Dövlət Dram Teatrının, 32 yaşlı Qusar Dövlət Ləzgi Dram Teatrının, 31 yaşlı Bakı Bələdiyyə Teatrının və 25 yaşlı Bakı Uşaq və Gənclər Teatrlarının binaları yoxdur.
Daha bir məsələ. Bəzi regional təhsil idarələrinin rəhbərləri məktəblərdə teatra bilet satılmasının və beləliklə də şagirdlərin tamaşalara getməsinin qarşısını alırlar. Bəzi rayon rəhbərlərinin teatra laqeydliyi də təəssüf doğurur. Bu, həm uşaqların, gənclərin teatrdan uzaq düşməsinə səbəb olur, həm də teatrların işini çətinə salır. Görünür, maarifçilik işini bir qədər də gücləndirməliyik.
– Teatr Xadimlər İttifaqının maliyyə dəstəyilə “Qonaq Teatr” layihəsi çərçivəsində bölgə teatrlarının ən yaxşı tamaşalarını gətirib Bakıda, Aktyor evində göstərmələri təqdirəlayiq haldır...
– Doğrudur. Amma Azərbaycan televiziyaları gəlib həmin tamaşaları çəkməmələri təəssüf doğurur. Bu, ən azı tarix üçün edilməlidir. Axı illər keçəndən sonra həmin tamaşalarda oynayan aktyorlar, aktrisalar və tamaşaya quruluş verən rejissorlar dünyalarını dəyişəcəklər. Biz onları gələcək nəsillərə daha yaxından tanıtmaq üçün nə göstərəcəyik? Heç olmasa, bundan sonrakı bölgə tamaşaları çəkilsə, yaxşı olar.
– Çıxışınızda “yaş senzi” barədə də danışdınız...
– Bəli. Teatrlardan bu, götürülsə, ümumən sənətin xeyrinə olar. Bu gün dünya teatrlarında yaşı 90-ı keçən çoxlu aktyorlar, aktrisalar, rejissorlar çalışır. Çünki təcrübəli mütəxəssilərin olması hər yerdə vacibdir. ATXİ də bu barədə düşünməli, optimal variantlar təklif etməlidir. Axı, səhnəmizin müqtədir sənətkarlara – ağsaqqal və ağbirçəklərə böyük ehtiyacı var.
Mənim konfransda toxunduğum bir məsələ də sənətçilərin 700 nəfərdən çox üzvü olan İttifaqa simvolik olaraq üzvlük haqqı ödəməsi ilə bağlı idi. Təklif etdim ki, hər birimiz ATXİ-yə ayda cəmi 5 manat üzvlük haqqı ödəyək. Bu, bir ildə çox böyük pul eləyər və bəzi cari xərclərə sərf edilər.
Teatr millətin ülvi sənət məbədidir, burada çalışanlara da dəyərli insanlardır. Onları sevmək, qayğı ilə əhatə etmək hamımızın borcudur. Münbit və yaradıcı şərait isə hər zaman uğura vəsilə olur.
– Müsahibəyə görə sağ olun!
Əli NƏCƏFXANLI
XQ