Bakının simasını daha da gözəlləşdirən istirahət guşələrindən biri də Nərimanov adına parkdır. Göz oxşayan dizaynda yenidən qurulmuş park artıq sakinlərin sevimli məkanlarından birinə çevrilib.
Burada insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif istirahət guşələri, uşaqların doyunca əylənə bilmələri üçün atraksionlar quraşdırılıb, həmçinin uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanı yenidən qurularaq istifadəyə verilib.
Sakinlərin park haqqında fikirlərini öyrənmək üçün bura üz tutduq. Ətraf insanlarla dolu idi. Yaşlı insanlar skamyalarda əyləşib söhbət edir, uşaqlar və gənclər isə əylənirdilər.
Nəvələrini parka gəzməyə gətirən nurani bir kişi diqqətimizi cəlb etdi. Yaxınlaşdıq. Parkla bağlı fikirlərini öyrəndik. 67 yaşlı Rafiq baba hələ institutda oxuduğu illərdə bu parka dincəlməyə gəldiyini dedi:
– Tələbə vaxtı həftə sonu bir-iki saat dincəlmək üçün bu parka gələrdim. Bu gün isə nəvələrimin əlindən tutub onları gəzdirməyə gətirmişəm. Təmirdən sonra, ilk dəfə bura gəlirik. Buranı çox bəyənirik.
Başqa bir müsahibim - Arzuman dayı buranın dincəlmək üçün daha sakit bir məkan olduğunu dedi:
– Əvvəllər parkda o qədər səs-küy olurdu ki, rahat oturub dincələ bilmirdik. İndi isə belə deyil. Sakitlikdir. Mərkəzdə qurulmuş fontanı seyr etmək, saatlarla suyun səsini dinləmək insana böyük zövq verir.
Parkı başdan-başa gəzdikdən sonra, uşaqların və valideynlərin bir yerə yığışdığı məkana getdik. Buradakı atraksionlar, idman qurğuları elə gözəl və cəlbedici idi ki, lap uşaq olmaq istədim...
Balacaların üzündəki təbəssüm, yaşadıqları sevinc hissi nəyə desən dəyərdi. Dostları ilə bolluca əylənən balaca qızcığaz qaça-qaça yanıma gələrək ingilis dilində dedi:
– Adım Nasdır. Amerikada yaşayıram. Hər il bura baba və nənəmi görməyə gəlirəm. Bu gün nənəm məni parka gətirdi. Bura çox gözəldir.
Nas sonra dedi ki, onun artıq burada çoxlu dostları var. Sonra rəfiqələri Mədinə və Reyhanı təqdim etdi:
– Biz birlikdə oyun qurğularında əylənirik. Birinci dəfədir gəlirəm. Çox xoşuma gəldi.
Sonda onu da qeyd edək ki, ərazisi 4,1 hektar olan park ötən əsrin 50-ci illərində salınıb. 1960-cı illərdə parkın yaxınlığında N. Nərimanov adına metro stansiyası inşa edilib.
...Düşünürük ki, COP29-a evsahibliyi edəcək ölkəmizin paytaxtına təşrif buyuracaq çoxsaylı qonaqlar da bu parkı görəndə məmnun qalacaqlar.
Fidan SALMANOVA,
Elşən AĞALAR (fotolar)
XQ