Ana dilinə sevgi ilə

post-img

Salyan Tarix-Diyarşünaslıq Muzeyində “Dahi Azərbaycan şairi Füzulinin söz dünyası” adlı tədbir təşkil olunub.

Azərbaycan Yazıçılar Bir­liyinin Muğan bölməsinin sədri yazıçı-publisist Nəbi İb­rahimov bildirib ki, Prezident sərəncamı ilə böyük Füzuli­nin 530 illik yubileyinin qeyd olunduğu bu il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xüsusilə fərəhlə keçirilir. Ana dilimiz xalqımızın milli sərvətidir və millətimiz, tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimiz gələcək nəsil­lərə ötürülməlidir. Məhəmməd Füzuli isə bu dilə ehya verən mütəfəkkir şairimizdir.

Mərasimdə AMEA Dilçilik İnstitutunun direktoru, profes­sor Nadir Məmmədli maraqlı çıxış edib. O, doğma dilimizin keçdiyi inkişaf mərhələsindən, tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalmasından, sovet ha­kimiyyəti dövründə tariximizə, eləcə də dilimizə qarşı yeri­dilən yadlaşdırma siyasətindən danışıb. 

O, həmçinin Türk dünya­sının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsəri haqqında ətraflı məlumat verərək deyib ki, bu əsərin 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivin­dən tapılması böyük hadisədir. Sonra professor Nadir Məm­mədli AMEA Rəyasət Heyəti­nin qərarı ilə 3 cilddə çapdan çıxmış “Divanü lüğat-it-türk” kitabını AMEA prezidenti, akademik İsa Həbibbəyli­nin adından Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana­sına hədiyyə edib. 

Tədbirdə Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik İnstitutunun dissertantı Günel Orucova, tanınmış şair Zabil Pərviz, tarixçi-tədqiqatçı Sa­hib Həsənov, rayonda çıxan “Qələbə” qəzetinin əməkdaşı, şair-publisist Əzizağa Məm­mədli, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Oqtay Sarıcalı və Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxa­na Sisteminin direktoru Səidə Əliyeva ana dilimizin zəngin­liyindən, Füzuli lirikasının po­etik ifadəliyindən bəhs ediblər. 

Çıxışlarda Azərbaycan dilinin xalq danışıq dili kimi keçdiyi zəngin inkişaf ta­rixinə nəzər salınıb, görkəmli mütəfəkkirlərin ana dilimiz haqqında fikirləri təhlil olu­nub, dilimizin qorunub sax­lanmasında elm adamlarının, xüsusilə gənc nəslin üzərinə düşən vəzifələrdən bəhs edilib. Məhəmməd Füzulinin anadilli əsərləri də nəzərdən keçirilib, nümunələr səsləndirilib. 

Tədbirə bədii proqramla yekun vurulub.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət