Lənkəran şəhəri ilə ABŞ-ın Monterey şəhəri arasında mövcud olan “qardaşlaşmış şəhərlər” əlaqələri çərçivəsində “Cənub mirvarisi”nin İstisu qəsəbəsində salınmış “Dostluq parkı”nda musiqili görüş olub.
Bu park düz 1 il əvvəl yaradılıb. Görüşdə qarşılıqlı əlaqələrin təcəssümü olan parkın gözəl istirahət və ünsiyyət ünvanına çevrildiyi vurğulanıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai işlər üzrə attaşesi Melissa Şauqnessi, Lənkəran–Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycan Diplomatik Akademiyasının (ADA) müəllimi Şəfəq Mehralıyeva görüşdə iştirak ediblər.
Natiqlər bildiriblər ki, 2011-ci ildən qardaşlaşan Lənkəran-Monterey şəhərləri arasında ötən müddət ərzində qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı daim diqqət mərkəzində olub, münasibətlərin daha da yaxınlaşması üçün mütəmadi ünsiyyət saxlanılıb. Qeyd olunub ki, adət-ənənələrin öyrənilməsi, mədəni münasibətlərin genişlənməsi, habelə Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasında şəhərlərin qardaşlaşmasının mühüm rolu var. Lənkəranla Monterey şəhərlərinin əlaqələrinin davamlılığı və inkişafı bu baxımdan bir nümunə təşkil edir.
Çıxışlardan sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Nənələr” xalq folklor kollektivinin və Mərkəzin solistlərinin ifaları təqdim olunub.
XQ