Milli kinomuzun qət etdiyi 126 illik yol heç də asan keçməyib, böyük sınaqlarla üz-üzə gəlib. Bütün çətinlikləri məharətlə geridə qoyan kinomuz, dirçəliş dövrünə qədəm qoyub.
Fəxrlə deyə bilərik ki, Azərbaycan mədəniyyətinin 1898-ci ildən başlanan kino intibahı əlamətdar hadisələrlə yadda qalıb, xalqımızın mədəni-mənəvi həyatında unudulmaz anların tarixinə çevrilib. Ölkəmizdə Milli Kino Gününün bayrama çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağıdır.
Ənənəvi olaraq hər il kino xadimlərinin iştirakı ilə müxtəlif tədbirlər təşkil olunur, filmlər təqdim edilir və kinematoqrafiyanın inkişafına xidmətləri ilə fərqlənən şəxslər mükafatlandırılır. Bu dəfə də Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində tanınmış mədəniyyət, incəsənət və kino xadimlərinin iştirakı ilə tədbirlər keçirildi.
Əvvəlcə qonaqlar Azərbaycanın klassik filmlərində istifadə olunmuş geyimlər, rekvizitlər və ralitet kino texnikalarının nümayiş etdirildiyi sərgiyə baxdılar.
Ötən əsrin 40-cı illərdən 90-cı illərə kimi bir çox klassik filmlərimizdə istifadə olunmuş kameralar, dollilər, fayton və arabalar maraqla qarşılandı. Eksponatların sırasında filmlərdə istifadə olunan geyimlərlə bəzədilmiş manekenlər xüsusilə canlı təsir bağışlayırdı. Kino tariximizi yaddaşlarda yeniləyən bu sərgi hər kəsdə xoş ovqat yaratdı, göz-könül oxşadı.
Tədbirdən öncə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev "XQ"yə Azərbaycan kinosunun keçdiyi inkişaf yolu barədə məlumat verdi. Kino bayramı ilə bağlı təəssüratlarını bölüşən kinoşünas dedi:
– Bu gün Azərbaycan kinosu özünün 126-cı yaşını qeyd edir. Kinomuz bu illər ərzində şərəfli yollar keçib. Ötən müddət ərzində film sahəsinin inkişafı üçün zəhmət sərf edən görkəmli şəxsiyyətlərimiz olub. Bu sahədə böyük təsvir rejissorluğu məktəbini də qeyd etmək istərdim. Bu xoş gündə kinematoqrafçı həmkarlarıma xoş arzularımı çatdırır, onlara yaradıcılıq uğurları arzulayıram. Sevinirəm ki, onların arasında Prezidentin fərdi təqaüdünə və “Tərəqqi” medalına layiq görülənlər də var.
Məşhur kinorejissor Akif Rüstəmov budəfəki kino bayramının onun üçün ən gözəl anlarla yadda qaldığını qeyd etdi. O, Prezidentin fərdi tqaüdünə layiq görüldüyünə görə sevincli olduğunu dilə gətirdi.
– Sənətimə göstərdiyi qayğıya görə dövlət başçımıza təşəkkür edirəm. Kinomuza və onu yaşadanlara dəyər verənlər sağ olsunlar. Həmişəki kimi Milli Kino Günü bütün kino xadimlərini bir araya toplayıb. Mən bütün dostları, həmkarları təbrik edir, onlara yeni yaradıcılıq axtarışları arzulayıram. Bundan sonra da kinomuzun inkişafı üçün əmək sərf edəcəyəm.
Tanınmış kinorejissor Rövşən Məmmədov (Rövşən İsax) builki kino bayramında ikiqat sevinc hissi yaşadığını qeyd etdi. O bildirdi ki, dövlət başçısı tərəfindən “Tərəqqi” medalına layiq görülüb.
– Kino incəsənətin ən maraqlı və populyar sahəsi hesab edilir. Kinonun vəzifəsi yalnız əyləncədən ibarət deyil, o insanların mənəviyyatının zənginləşməsinə xidmət etməlidir. Biz hamılıqla əl-ələ verib, kinonuzun daha da inkişaf etməsi üçün bacardığımızı əsirgəməməliyik. Bundan sonra da öz peşəmizlə Azərbaycan mədəniyyətinin çiçəklənməsinə töhfələr verməyə çalışacağıq.
Tədbirin açılış mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək Azərbaycan kinosunun keçdiyi tarixi mərhələlərdən söz açdı, kinomuzun bugünkü durumu barədə məlumat verdi.
– Azərbaycan kinosu keşməkeşli yol keçsə də, daim yüksək mədəni dəyərlərə sadiq qalıb. Müasir Azərbaycan kinosunun inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün o ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Ölkəmizdə kinostudiyaların maddi-texniki bazası möhkəmlənir, milli kinomuzun inkişaf istiqamətləri diqqətdə saxlanılır. Filmlərin çəkilişləri üçün kinoya ayrılan maliyyə vəsaitlərin də dövlət ayrıca dəstək olur. Son 20 ildə Azərbaycan kinosunun inkişafı üçün 100 milyon manatdan artıq vəsait ayrılıb, 1763 sənədli film, animasiya və digər filmlər çəkilmişdir.
Azərbaycan Kinemotoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, Xalq artisti Oqtay Mirqasımov və digərləri çıxış edərək təbriklərini çatdırıb, milli kinomuzun inkişaf yolundan, hazırkı vəziyyətindən söz açdılar.
Sonra Mədəniyyət Nazirliyi tərəfindən bir neçə kino xadiminə mükafatlar təqdim edildi.
Bu il də kino işçilərinin peşə bayramı yeni ekran əsərinin premyerası ilə yadda qaldı.
Mərasimdə rejissor Emin Əfəndiyevin "Tənha bir insanın monoloqu" adlı sənədli film nümayiş olundu.
Ceyhun ALIŞLI
XQ