“ABŞ-nin dövlət katibi Antoni Blinkenin bəyanatı təəssüf doğurur, çünki ABŞ-nin Gürcüstana ayırdığı yardım yalnız suverenliyini möhkəmləndirdiyinə görə cəzalandırılan gürcü xalqı üçün istifadə edilib. Bunu hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının deputatı Beka Odişariya deyib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti rəhbərinin bəyanatı təəssüf doğurur. “Bu, strateji tərəfdaşlıq və dostluq çərçivəsinə sığan yanaşma deyil. Tərəfdaşların gürcü xalqının xarakterini Gürcüstanın keçmiş ombudsmanı Nino Lomjaria və "Beynəlxalq Şəffaflıq - Gürcüstan" QHT rəhbəri Mak Qiqauridən deyil, gürcü xalqının özündən öyrənməsinin vaxtı çatıb”.
Deputat ABŞ-nin 6 milyard lari də daxil olmaqla, yardımlarına da toxunub: “Yardıma görə gürcü xalqı son dərəcə minnətdardır, lakin heç kimdən sonra onların qınanmasına səbəb olacaq heç nə istəmir”.
Eyni zamanda deputat ictimaiyyətə xatırladıb ki, Gürcüstana eyni məbləğdə pulu hakim partiyanın qurucusu Bidzina İvanişvili əvəzsiz ayırıb və indiyədək bu şəxs, bu barədə heç vaxt, heç nə deməyib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, ABŞ hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaların mümkün tətbiqi ilə bağlı bəyanatları şantajdır: “ABŞ“ qlobal müharibə partiyası”nın təsirini aradan qaldırmaq üçün öncə öz daxilində deoliqarxizasiya həyata keçirməlidir. Gürcüstanı sanksiyalarla hədələməyə ehtiyac yoxdur. ABŞ-nin bu tonu əks nəticə verir”.
Gürcüstanın baş naziri ölkəsinin ABŞ ilə münasibətləri normallaşdırmağa hazır olduğunu da vurğulayıb: “Biz ABŞ ilə münasibətləri bərpa etməyə tam hazırıq. Bu münasibətlərdə şantaj və təhdidlər əvəzinə, sağlam dialoq aparmalıyıq".
Bundan əvvəl, Antoni Blinken ABŞ “Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstan hökumətinə 95 milyon dollardan çox yardımın dayandırıldığını açıqlamışdı. "Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumətinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırır”.
Gürcüstan müxalifəti, qeyri-hökumət təşkilatları və bütün Qərb qanunun qəbuluna görə Gürcüstan hakimiyyətini tənqid edərək, bu qanunun Qərb dəyərlərinə zidd olduğunu bildirib.
“ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı isə bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq”. Bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib: "Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər”.
Patel, həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb.
Qeyd edək ki, Avropa İttifaqı əvvəllər bəyan etmişdi ki, onlar hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi artıracaqlar.
PÜNHAN
XQ