HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi Yaxın Şərq regionunu böyük müharibənin astanasına yaxınlaşdırır. Fələstin hərəkatının ictimai siması olan və dəfələrlə dünyanın bir çox paytaxtlarına səfər etmiş siyasi liderinin öldürülməsi mürəkkəb olan vəziyyəti daha da qəlizləşdirir. İsrail hücum ilə bağlı rəsmi açıqlama verməsə də, İran və ona sadiq qüvvələr yəhudi dövləti ilə döyüşü “yeni səviyyəyə” qaldıracaqlarını bildirirlər. Belə bir iddia da var ki, İ.Haniyənin ölümü İsrail və HƏMAS arasında razılaşma şansını faktiki olaraq sıfıra endirir.
Ötən çərşənbə günü səhər Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranın mərkəzində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus binada öldürüldü. Məsud Pezeşkianın 80-dən çox ölkədən yüksək rütbəli qonaqların iştirakı ilə keçirilən andiçmə mərasimində iştirak edən Haniyə yeni seçilmiş prezidenti və ölkənin ali dini lideri Ayətullah Əli Xamenei ilə də görüşmüşdü. “Əl-Hadas” telekanalının verdiyi məlumata görə, İ.Haniyə son gecəni keçirdiyi evə birbaşa raket zərbəsi nəticəsində qətlə yetirildi. Mütəxəssislər qeyd edirlər ki, İ.Haniyyənin qətli adətən hava hücumları zamanı baş verən güclü partlayışlar olmadan həyata keçirildi. HƏMAS liderinin iqamətgahına hansı silahın - hava bombası, idarə olunan raket və ya pilotsuz təyyarənin vurulması hələ də qeyri-müəyyən olaraq qalır. İran torpaqlarında səs-küylü qətl hadisəsi “Hizbullah”ın hərbi-strateji rəhbəri Fuad Şükrün öldürülməsindən 24 saat sonra baş verdi.
İranın əsas təhlükəsizlik qüvvəsi olan SEPAH-dan verilən ilk qısa şərhdə cinayətkarların adları çəkilmədi və yalnız İsmayıl Haniyə və onun mühafizəsinin ölüm xəbəri verildi. Həmçinin qeyd edildi ki, “insidentin səbəbi araşdırılır və nəticə yaxın vaxtlarda elan olunacaq”. Lakin bundan az sonra Tehran İsmayıl Haniyənin qətlində İsraili günahlandırdı. İsmayıl Haniyəni “Fələstin mücahidlərinin cəsur lideri” adlandıran Ayətullah Əli Xamenei onun ölümünə görə “ağır cəza” vəd etdi. Prezident Pezeşkian da oxşar bəyanat səsləndirdi. O, İsraili birbaşa qeyd etməsə də, HƏMAS liderinin qatillərinə münasibətdə “terrorçu işğalçılar” ifadəsini işlətdi: “İran İslam Respublikası öz ərazi bütövlüyünü qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”.
Bəs İsmayıl Haniyənin ölümü Yaxın Şərq regionuna, xüsusilə də İsrail-Fələstin münasibətlərinin gələcəyinə necə təsir göstərəcək? Hadisələrin sonrakı inkişafı ilə bağlı müxtəlif bəyanatlar səsləndirilir. Məsələn, Vaşinqtonun reaksiyası çox təmkinli oldu. ABŞ-nin müdafiə naziri Lloyd Ostinin fikrincə, müharibənin qaçılmaz olduğunu düşünmür: “Mən bu nöqteyi-nəzərdən razıyam. Düşünürəm ki, diplomatiya üçün hər zaman yer və imkan var”. Ancaq Avropa İttifaqının xarici siyasət sözçüsü Piter Stano İRNA-ya bildirdi ki, Aİ “prinsipial mövqe tutur: o, qeyri-qanuni qətlləri rədd edir və beynəlxalq cinayət ədaləti sahəsində qanunun aliliyini dəstəkləyir”. Rusiya da, həmçinin İsmayıl Haniyənin qətlini qətiyyətlə pislədi və bütün tərəfləri təmkinli olmağa çağırdı.
Siyasi mütəxəssislərin sözlərinə görə, Yaxın Şərqdə böyük müharibənin başlanması təhlükəsi var. Ancaq nə ABŞ, nə də Avropa İttifaqı regionda böyük silahlı münaqişənin baş verməsində maraqlıdır. Qərb mətbuatı yazır ki, Qərb ölkələri regionda eskalasiyanın müharibə səviyyəsinə qalxmaması üçün diplomatik səylərini artırırlar. Amma İsmayıl Haniyənin İran ərazisində öldürülməsi Tehranı bu qətl hadisəsinə reaksiya verməyə vadar edir. Artıq Tehrandan qisas xəbərləri yayılır. Hadisələrin inkişafını təxmin etmək getdikcə çətinləşir. Lakin istənilən halda HƏMAS liderinin öldürülməsi İsrail-Fəlsətin qarşıdurmasındakı son vəziyyətə öz mənfi təsirini göstərəcək.
S.ELAY
XQ