“Bəzi müasir cizgi filmləri uşaqlarda stereotip düşüncənin formalaşmasına səbəb olur”. Bu fikri Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin baş elmi işçisi Elena Şepeleva “Gazeta.Ru” saytına bildirib.
Alimin sözlərinə görə, balaca tamaşaçılar müasir cizgi seriallarındakı personajları əksər epizodlarda gördükləri üçün onları özlərinə yaxın dost, hətta ailə üzvləri kimi qəbul etməyə başlayırlar. Bunun həm müsbət, həm də mənfi tərəfi var. Belə ki, uşaqlar müxtəlif vəziyyətlərdə fərqli insanların necə davrana biləcəyini başa düşürlər. Lakin onlarda bəzi stereotiplər də yaranır.
Məsələn, “Maşa və Ayı” cizgi serialında Maşa hər zaman tərslik edir və səbrli valideyn rolunu canlandıran Mişka isə yersiz inadkarlığının nəticələrini aradan qaldırır. Uşaqlar sevdikləri bu obrazı mənimsəyir və Maşanı təkrarlamağa çalışırlar. Belə hallarda, valideynlər Maşanın hərəkətlərinin nəticələrini uşaqları ilə müzakirə etməlidirlər.
Rusiyalı psixoloqun fikrincə, əgər valideynlər, övladlarınının cizgi filmlərinə baxdıqdan sonra davranışlarında yaranan dəyişiklikləri görüb multfilmlərdəki süjet və obrazları övladları ilə müzakirə edib onlara nəyin yaxşı, nəyin pis olduğunu başa salsalar, yeni cizgi filmləri uşaqlar üçün daha faydalı ola bilər.
Zülfiyyə ZİYA
XQ