(yaşantı)
Koronanın tüğyan elədiyi vaxtlar idı. Şəhərdə əhalini bəzən blokdan çıxmağa belə qoymurdular. Həkimlər də camaatı elə qorxudurdular ki…
Nə gizlədim, mən də yaman qorxurdum. Qorxurdum yox, ee, üyüdürdüm... Marketdən aldığım ərzağı, demək olar ki, spirtlə yuyurdum.
Həm də darıxırdım. Dünyaya nigaran-nigaran baxırdım. Elə bilirdim ki, bir də dönməyəcək o dəmlər. Bir də dostlarla yığışıb çay içməyəcəyik. Bir də ürəyimiz istəyəndə doğmalarımıza, dostlarımıza sarılmayacağıq, harasa üz tutub getməyəcəyik....
Nigarançılıq, doğrudan da çox pis şeymiş. Günlər də acı bağırsaq kimi uzanırdı. Biri yazırdı ki, dünya düzəni dəyişəcək, əhalinin çoxu qırılacaq. O biri yazırdı ki, koronaya qarşı dərman ən tezi 2026-ci ilin axırında hazır olacaq. Bir ara da yazdılar ki, artıq Avropa ölkələrində, ABŞ-da insanlara cip yerləşdirirlər.
Medianın yazdığına görə, koronaya qarşı ən effektiv mübarizə işi Azərbaycanda aparılırdı. Ümumdünya Səhiyyə Təşkilatı da bizləri tərifləyir, təşəkkür edirdi.Çünki biz bu işdə bəzi ölkələrə yardım edir, maska da göndərirdik. Halbuki, o boyda Amerikada bu virusdan ölənlərin sayını eşidəndə adam az qalırdı dəli ola.
Amma Avropa öz kefində-damağında idi. Karantini gah yumşaldırdı, bir neçə gün keçməmiş yenidən ağırlaşdırırdı. Üstəlik, koronaya görə xalqa pulsuz maska və çoxlu pul verirdi. Bizdə isə maska apteklərdə 20-30 qəpiyə satılırdı. Halbuki dəyəri heç 10 qəpik deyildi. Özü də deyirdilər ki, maskanı gərək tez-tez dəyişəsən. Daha hansı pulla alınacağını deyən, bildirən yox idi. Ailələr vardı, heç çörəyinin, suyunun pulunu tapa bilmirdi. İşləməyən ailə üzvlərinə 2 ayda verilən pul da 15 günə bəs eyləyə-eyləməyə...
TƏBİB isə deyirdi, yaşamaq istəyirsinizsə, dözün! Xumar Qədimova da oxuyurdu ki, bir azca da döz, döz... Bax, elə çətini bu dözmək məsələsi idi.
Nə isə, gəlin belə xırda məsələlərə görə başımızı ağrıtmayaq. Olan oldu, keçdi...
Hə, o günlərdə gündüzlər çox vaxt balkonda oturub, bu gözəlim dünyanı dönə-dönə seyr edirdim. Sonra qıyıqgöz “kitay”ların atabaatasına o ki, var söyürdüm. Qardaşım da arabir zəng edib deyirdi ki, istidə nə oturmusan o şəhərdə, çıx gəl kəndə. Burada korona-morona nə gəzir, hərə öz işində-gücündədi...
Mən onda ürəyimdə kəndimizin adamlarını dünyanın ən bəxtəvər insanları sanırdım: “İlahi, gör dünyada necə xoşbəxt yerlər var, e, orada korona yoxdu, insanlar istədikləri ilə əl tuturlar, öpüşürlər, hara istəsələr gedirlər...”
Balkonda bir çiçək vardı. Bekarçılıqdan tez-tez torpağını yumşaldır, su verirdim.
Söhbətləşməyə adam olmadığından bəzən o ətirşah gülü ilə danışırdım. Deyirdim ki, sənə nə var, ee, Günəş hər gün çıxır, suyunu da mən verirəm. Korona da sənə heç-zad eyləyə bilməz. Darıxmağın da yoxdu. Mən binəva isə...
Üçüncü mərtəbədə yaşayan bir qonşum vardı, adı Rahim idi. Sakit, dolu bədənli bir gənc idi. Necə olmuşdusa, əməliyyatdan sonra qıçları tutulmuşdu. Həkim ona tapşırmışdı ki, hər gün bir-iki saat gəzməyə çalışsın…
Amma Rahim nə illah eləyirdi, ayağını torpağa düz basa bilmirdi. Həyat yoldaşı Ceyran da daim yanında idi. Rahimin yeriyə bilməməsi Ceyranı çox üzürdü. İçin-için ağlayırdı. Mənə elə gəlirdi ki, Rahimin ayaqları açılmasa, Ceyran bu dərdə dözə bilməyəcək...
Axşamlar mən də həyətə düşür, şəkildəki gözəl kötüyün ətrafında gəzişirdim. Bu dəqiqələrdə Ceyran yenə Rahimin qolundan tuta-tuta onun addımlamasına kömək olmağa çalışırdı. Mən qonşularıma ürək-dirək vermək üçün deyirdim:
- Rahim, qardaşım, darıxma, səbirli ol. Hər şey düzələcək. İnşallah, yeriyəcəksən də, yüyürəcəksən də...
Bu sözlərdən sonra Ceyran bacı gülümsəməyə çalışırdı...
Bir çoxları kimi mən də “yol” tapıb şəhərdən çıxdım. Yolda öz-özümə deyirdim: “İlahi, şükür Sənin kərəminə, koronasız dünya nə gözəlmiş…”
Kənddə məni xeyli adam qarşıladı və mənimlə görüşmək, qucaqlaşmaq istədi. Mən isə onları yaxın buraxmadım. Əvvəlcə əllərimi spirtlədım, paltarlarımı dəyişib atdım. Onlar isə mən baxıb xeyli güldülər...
Dedilər ki, burada da bir-iki nəfər qızdırmışdı, iki-üç gün dərman atdılar, keçib getdi....
O zaman qərara gəldim ki, gərək kənddə bir koma qaralayım....
Şəhərə gediş-gəliş açılandan sonra getdim Bakıya. Hələ insanların ürəyində korona qorxusu, xofu yaşayırdı. Buna görə də xeyli adam maskadan istifadə edirdi.
Bloka girib mərtəbələri qalxanda hiss elədim ki, qonşularda nəsə olub. Cavanlardan biri qarşıma çıxdı. Öyrəndim ki, Ceyran xanım ürək tutmasından dünyasını dəyişib....
Bir müddət sonra yenə kəndə qayıtdım. Payızın sakit çağlarını kənddə gəzib-dolandım. Yağışlar başlayanda şəhərə getdim. Bu dəfə isə eşitdim ki, Rahim dünyasını dəyişib..
İndi hər dəfə blokdan çıxıb həyəti gəzmək istəyəndə, o başı kəsik gözəl kötük koronalı günlərimizi və Rahimlə Ceyranı yadıma salır...
P.S. Beş-on gün olar ki, xəbər saytları yalan-gerçək tez-tez dəhşətli virusun yayılması haqqında xəbəri tez- tez paylaşır, insanlarda şok effekti yaratmağa çalışırlar. Həkimlərimiz isə susurlar.
Səməd MƏLİKZADƏ