Fəaliyyətinin 25 ili tamam olan “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəni başa çatdırıb. Layihə Südabə Şirəliyevanın rəhbərliyi ilə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınların iştirakı ilə həyata keçirilib. İctimai birliyin sədri S. Şirəliyeva həyata keçirilən layihə ilə bağlı söhbətində dedi:
– Azərbaycanda qadın sahibkarlığının inkişafının təhlilinə, mövcud problemlərin müəyyənləşdirilməsinə, iqtisadiyyatın bu mühüm sahəsinin gələcək inkişaf perspektivlərinin nəzərdən keçirilməsinə və keçirdiyimiz təlimlərə nəzər saldıqda nələri müşahidə edirik? Müasir çağırışlar və biznes mühitində baş verən dəyişikliklər kontekstində qadın sahibkarlığı təkcə iqtisadi qüvvə olmaqla yanaşı, həm də sosial-mədəni aktuallıq kəsb edir. Təəssüf ki, biz Azərbaycan regionlarında qadınların sahibkarlıq fəaliyyətini məhdudlaşdıran – stereotiplər, maliyyə və bacarıqları artırmaq üçün resurslara çıxışın və şəbəkə dəstəyinin qeyri-kafi olması kimi amillərlə qarşılaşdıq. Bu maneələr araşdırma tələb edir. Bununla belə bu sahədə müsbət irəliləyişləri, o cümlədən qadınlar arasında sahibkarlığa marağın artması, KOBİA-da dəstək proqramlarının hazırlanması, qadınların biznesdə rolu ilə bağlı ictimai rəydə dəyişikliklər də gördük.
Təlimlər zamanı KOBİA-nın Dağlıq Şirvan Regional Mərkəzinin rəhbəri Cavanşir Məhərrəmov, Ağsu rayonu üzrə nümayəndəsi Abas Abasov, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsindən Nazim Şirvanov, Qubad Qubadov və Qalib Kərimli iştirak edib, qadın sahibkarları maraqlandıqları məsələlərlə bağlı məlumatlandırdılar. Əminik ki, qadınlarımız bu əməkdaşlıqdan faydalanacaqlar.
– Bölgələrdə qadınların sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaranıbmı?
– Qadınların sahibkarlıq fəaliyyətinə əngəllərin azaldılmasına və onların inkişafının stimullaşdırılmasına yönəlmiş siyasət və dəstək tədbirlərinin işlənib hazırlanması vacibdir. Gələcəkdə bu sahədə regionlardakı qadınlar üçün daha davamlı təlimlər təşkil olunmalıdır. Qadın sahibkarlar üçün əlverişli mühitin yaradılması təkcə biznes ideyalarının və innovasiyaların müxtəlifliyinə deyil, həm də onların ölkənin iqtisadi inkişafında iştirak etmələri üçün bərabər imkanların yaradılmasına fayda verər. Qadın sahibkarlığın inkişafı ilə bağlı problemlərin və perspektivlərin başa düşülməsi, məhdudiyyətlərin aradan qaldırılması və ölkədə qadın biznesinin inkişafı üçün effektiv siyasətin və dəstək tədbirlərinin hazırlanmasına kömək edər.
İsmayıllı qadınları üçün iyulun 10-da, qobustanlılar üçün 18-də baş tutan təlimlərdə kənd yerlərində yaşayan qadınların iqtisadi həyatda fəal iştirak etmələri, sahibkarlıq və bacarıqların inkişaf etdirilməsi üçün iqtisadi imkanların genişləndirilməsi məsələləri müzakirə edildi. Ümid edirik ki, bu layihə sahibkar qadınlara və onların həmkarları üçün yeni iş yerləri yarada və onlara öz icmalarının üzləşdiyi problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Qadınlar cəmiyyətdə dəyişikliklərin mühüm amilidir. Qadın sahibkarların potensialından istifadə Azərbaycanın dayanıqlı və inklüziv inkişafı üçün mühüm əhəmiyyət kəsb edər. Qadın sahibkarlara daha çox dəstək verilməsi təkcə sosial baxımdan deyil, həm də iqtisadi baxımdan vacibdir. Qadınlar ölkə əhalisinin yarısını təşkil etdiyindən və ümumiyyətlə, kişilərdən daha aşağı gəlirlərə və iqtisadi iştirak səviyyəsinə malik olduğundan onların cüzi qazancı belə ümumi iqtisadi artıma əhəmiyyətli təsir göstərir. Bütün sahələrdə daha çox gender bərabərliyinə nail olmaq əmək bazarında gənc qadınların və kişilərin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusilə vacibdir. Sahibkarlıq həm də qadınların öz iqtisadi müstəqilliklərini təmin etmələri üçün yaxşı imkandır. Öz müəssisələrini idarə etmək, həm də onlara həmfikir qadınlarla ünsiyyət qurmaq, təcrübə mübadiləsi aparmaq və sosial həyata daha çox cəlb olunmaq imkanı verir ki, bu istiqamətdə rayon və ya mühafizəkar icmalarda çətinliklər mövcuddur.
– Çətinliklərin aradan qaldırılması üçün mövcud imkanlardan istifadə etmək fayda verərmi?
– Hesab edirik ki, kənd qadınları üçün regional Biznes Resurs Mərkəzlərinin yaradılması vacibliyi dövlət qurumlarının diqqət mərkəzində olmalıdır. Qadınlar üçün mərkəzlərdə “Mühasibat uçotunun əsasları”, “Maliyyə bacarıqları və ailə büdcəsinin tənzimlənməsi”, “Qadın sahibkarlıq təşkilatlarının potensialının dəstəklənməsi”, “Kompüter bacarıqları”, “Biznes plan nədir?”, “Kənd qadınlarının məlumat və xidmətlərə çıxış imkanlarının artırılması” üzrə təlimlər və kurslar təşkil edilməlidir. Bu mərkəzlər ölkənin bütün kənd yerlərində iqtisadi fəal qadınlar arasında pilot layihəyə başlamalı, onların şəbəkələşməsini dəstəkləməli, biznes və sosial imkanlarını genişləndirməyə kömək etməlidir. Ümumilikdə, bu, çətin prosesdir və çoxlu maliyyə tələb edir. İki aylıq az büdcəli layihə ilə kənd qadınlarının sahibkarlığa başlamaları və inkişaf etmələrini təşkil etmək asan deyil. Bu, ancaq arzuların kiçik bir hissəsini həyata keçirməyə imkan verər və onların arzusu xəyal olaraq qala bilər. Layihəmizin məqsədi informasiyadan kənar qalmış qadınları sahibkarlıq sahəsində böyük imkanlardan istifadə etməyə cəlb etməkdir.
Ağsu rayonunda 20-dən çox qadının iştirak etdiyi təlimdə biznes-planların hazırlanması, biznesin təşkili və idarə edilməsi, layihələrinin hazırlanması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac bazarlarına çıxış imkanları, layihələrin idarə edilməsi və bacarıqların inkişaf etdirilməsi barədə ətraflı məlumatlar verildi. Bu tədbirlər çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Müşahidə etdik ki, bu gün kənd qadınları çox aktivdirlər. Həmin qadınların yeni iş yerləri tapmaları üçün yalnız bilik və bacarıqları artırılmalıdır.
– Kənd qadınlarının əsas problemini nədə görürsünüz?
– Son təlimlərimiz Şamaxıda baş tutdu. Orada daha çox müşahidə etdik ki, kənd yerlərində yaşayan qadınların əsas problemi yoxsulluq və işsizlikdir. Bir də kənd yerlərində şəhərlərə nisbətən məişət zorakılığı daha çoxdur. Qadınlar iqtisadi problemlərdən də əziyyət çəkirlər. Onlar xırda məvaciblə ailələrini dolandırmalı olurlar. Doğrudur, rayonlarda başqa iş yerlərinin sayı da azdır. Az sayda qadın xırda sahibkarlıqla məşğul olur. Onlara dövlət dəstəyi yoxdur. Bu qadınların mikrokreditlərə əlçatanlığı çox aşağıdır. Kəndlərdə kiçik sahibkarlıqla məşğul olmaq üçün çox yaxşı imkanlar var, ancaq maliyyə yoxdur. Qadınların yoxsulluğun aradan qaldırılması proqramlarına cəlb olunması da kampaniya xarakteri daşıyır, mikrokreditlərə əlçatanlıq olsa, onlar yüksək səviyyədə qərarların qəbul edilməsində rol oynaya bilərlər.
Yoxsulluğun aradan qaldırlmasında gender məsələsi nəzərə alınmalıdır. Qadınlar bölgələrdə yüksək vəzifələr tuta bilmir. Onların sahibkarlıq fəaliyyətinin inkişafı, hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi 25 illik təcrübəyə malik QHT – nin iqtisadi sahədə qadınların gücləndirilməsi üçün atdığı addımlardan sadəcə bir hissəsidir.
Sahibkar yenilik və yaradıcılıq anlayışlarını özündə birləşdirən şəxsdir. Sahibkarlıq maliyyə, fiziki və sosial riskləri olan kifayət qədər səy və vaxt sərf edərək yeni dəyər yaratmaqdır. Bu fəaliyyət növündə qadınların aktivliyi artan dinamika ilə inkişaf edir. Qadınların iqtisadiyyatda rolunun artırılması həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir.
Müsahibəni apardı:
Zərifə HÜSEYNOVA
XQ