Xalq şairi, MM-in deputatı, VHP sədri Sabir Rüstəmxanlı “XalqTV”-nin qonağı olub. Onunla söhbətin oxucular üçün də maraqlı olacağını nəzərə alaraq “XQ”-də təqdim edirik.
Uşaq yaşlarından şeirə, sənətə könül verən, Yardımlı rayonunda orta məktəbi bitirdikdən sonra BDU-nun filologiya fakültəsinə daxil olan Sabir Rüstəmxanlı hələ tələbə ikən “Ədəbiyyat və İncəsənət” qəzetinə işə qəbul edilib, universiteti fərqlənmə diplomu ilə bitirib və “sərhədsiz ruhumuzun” daşıyıcısı, “haqq pərvanəsi” kimi yoluna davam edib. 30 yaşında “Cəlil Məmmədquluzadə və folklor” mövzusunda dissertasiya işi yazıb və uğurla müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi alıb. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir”, “İki kəlmə” və sair şer kitabları var. “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai Fədailəri”, “Şair və şər”, “Sunami” kimi maraqlı romanların müəllifidir.
Ona ilk sualımız dissertasiya işi ilə bağlı oldu:
– Sabir müəllim, bugünün prizmasından Mirzə Cəlili necə dəyərləndirirsiniz? Özünüzü Mirzə Cəlilin mənəvi varislərindən sayırsınızmı?
– Mirzə Cəlil Azərbaycan ədəbiyyatında ən böyük ədəbi məktəblərdən birinin təməlini qoyub, M.Ə.Sabirlə birlikdə Mirzə Cəlilin Azərbaycan milli təfəkkürünün biçimlənməsində, milli-demokratik ənənələrin yaranmasında misilsiz xidməti olub. Bu baxımdan mən, şübhəsiz, onların mənəvi varisiyəm. Mən Mirzə Cəlil mövzusunu təsadüfən seçməmişəm. Universitetdə onun “Anamın kitabı” pyesindən kurs işi yazmışdım. Müəllimimiz, bizə Mirzə Cəlildən dərs deyən görkəmli yazıçımız, professor Mir Cəlal oxuyub dedi, yaxşı yazmısan, ver, qoy universitetin “Elmi əsərlər”ində çap edilsin. Bir tələbənin kurs işinin “Elmi əsərlər”də çapı nadir hadisə idi. Mən yazımı “Elmi əsərlər”ə verdim, amma 2-3 ay keçsə də, çap olunmadı. Bir gün Mir Cəlal müəllim soruşdu ki, nə oldu, tənbəllik eləyib məqaləni çapa vermədin? Dedim, yox, siz deyən kimi vermişəm, amma çap olunmayıb. O, bir az əsəbləşdi, lazımi adamlara mənim kurs işimin təcili dərc edilməsini tapşırdı. Mənə isə dedi ki, əgər sən elmi işlə məşğul olsan, çalış, böyük adamlardan yazasan. Sonra da zarafatla əlavə elədi: “Özün unudulsan da, araşdırdığın mövzunun obyekti, yəni haqqında yazdığın adamın xatirəsi səni yaşadacaq”. Əlbəttə, mən Mirzə Cəlildən yadda qalmağım üçün yazmırdım, sadəcə olaraq o, hamımız üçün bir məktəb idi.
Sonra “Ədəbiyyat və İncəsənət” qəzetində işləyəndə mənim məqalələrimi görəndən sonra EA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru rəhmətlik Mirzəağa Quluzadə məni instituta dəvət etdi. Daha doğrusu, bir gün qəzetin tənqid şöbəsinin müdiri Ayaz Vəfalı mənə dedi ki, səni Mirzəağa müəllim instituta çağırır. Getdim. Mirzəağa müəllim məni aspiranturaya qəbul etmək istədiklərini bildirdi və hansı dövrü istəsəm, seçə biləcəyimi dedi. Cavab verdim ki, fərq etməz, klassik dövr də, müasir dövr də ola bilər, yalnız XX əsrin əvvəli mənə bir az çətin gəlir, çünki o dövr mürəkkəbdir, qəzet və jurnalların da çoxu əldə yoxdur. Amma, nədənsə, mövzum “Cəlil Məmmədquluzadə: “Molla Nəsrəddin” jurnalı və folklor” oldu. Düzdür, ərəb qrafikasını bilirdim, universitetdə keçmişdik, ancaq “Molla Nəsrəddin”in o hürufatla çap olunmuş 25 illik bir dövrünü tapıb, oxuyub, folklorla bağlı cəhətlərini araşdırmaq elə də asan deyildi. Məcbur oldum ki, Axundzadə kitabxanasının qədim əsərlər bölməsində və alyazmalar institunda oturub həmin jurnalın neçə illik nömrələrini oxuyum. Bir neçə aya gözüm alışdı, gərəkən materialları yığdım. Düzdür, iş, dolanmaq qayğıları, evsizlik, kirayələrdə yaşamaq səbəbindən dissertasiyamı bir qədər gec müdafiə elədim. Arada əsgərliyə də çağrıldım, Bakıya düşdüm və hərbi xidmət dövründə 20 gün tibbi-sanitar hissədə qalaraq, evdən gətizdirdiyim qeydlərimi ipə-sapa düzdüm, qısa müddətdə dissertasiyanı tamamladım və tez də müdafiə elədim. Sonra sırf ədəbiyyatşünaslıqla məşğul olmadım, ancaq publisistik yaradıcılığımda elmi yanaşmalara da lazımınca yer ayırdım.
O ki qaldı Mirzə Cəlilə, dediyim kimi, hamımız üçün böyük məktəbdir, özümü o dahinin sırf varisi saya bilmərəm, amma, mən qarışıq, hamımız daim ondan, digər böyük qələm sahiblərimizdən öyrənmişik və öyrənirik də.
– Hər dəfə Yardımlıya gedəndə Təkdam şəlaləsinin yanında nəfəs dəririk və yadımıza düşür ki, Xəlil Rza Ulutürk bir şeirində onu “Rüstəmxanlı şəlaləsi” adlandırıb, Mikayıl Mirzə də gözəl ifa edib. Hamarkənddə Anarın, Xalidə Hasilovanın... iştirakı ilə sizin 50 illik yubileyinizdə jurnalist kimi iştirakımı da xatırlayıram. Fərəhlənmişik ki, buradan siz adda böyük bir gözəl ziyalı, türk ruhu duyulan hər yeri özünə doğma bilən, yurd hesab edən görkəmli şair, ictimai xadim pərvazlanıb və ürəyimiz dağa dönüb. Lap Savalan kimi bir dağa. Bəs, şair özü Yardımlıda olanda necə duyğulanır, Sabir Rüstəmxanlının yaradıcılıq “şəlalə”sinin daim gur çağlamasında Yardımlı amilinin rolu nə dərəcədə olub?
– Xatirələrimi ha yazıram, hələ də kənddən çıxa, Bakıya gələ bilmirəm. Stalin rejimindən sonrakı çətin dövrdə ucqar, kasıb rayon olan Yardımlıda orta məktəbdə oxumuşam. Yol, maşın, işıq, radio-televiziya olmayan vaxtlar idi. İndi fikirləşirəm ki, o “yox”ların içində bir xoşbəxtlik də vardı. Ümidlə, arzuyla yaşayırdıq. Dağları aşıb böyük dünyaya qoşulacağımızı düşünürdük. O vaxtlar təsəvvürümüzdə kənd yerlərinin bir cənnət ab-havası vardı. Camaatın birgəliyi həyat tərzi idi, əkin-biçin, ot çalını və sair böyük ruhla, holavar, mərasim nəğmələri ilə müşayiət olunurdu. Torpaqdan təyinatı üzrə tam istifadə edilirdi.
Yardımlı, doğrudan, başqa bir aləm idi. Oradan neçə el yolu gəlib-keçib. Arana, Muğana, Savalana. Şah İsmayılın ova çıxdığı Şahnişin yaylağı, Xoca döngəsi, Cavad qəzasından Ərdəbilə gedən, 6 arabanın sığışdığı yol vardı, Deman indi sərhədin o üzündə qalıb. Əslində, ucqar olmayıb Yardımlı, Azərbaycanın normal coğrafiyasında mərkəzi yerlərdən sayılıb. Məhdudiyyətlər, məhrumiyyətlər olsa da, gözəl təbiəti, dağları, babalarımızın aran-yaylaq xatirələri... bütün bunlar tamam ayrı bir hava yaradırdı. Mən ora qayıdanda yenə həmin duyğulara sarılıram, şəlaləyə salam verib keçirəm. Adam təzədən uşaqlaşır. Dağ kultu türkün qan yaddaşındadır. Şeirlərimin, lap elə romanlarımın əsas özəyidir bu. Hamısı o yaddaşı diriltməyə xidmət edir. Sovet rejimi türk dünyasına yollarımızı kəsib, bizə saxta tarix sırıyırdı, kiçildərək balaca bir millətə çevirmək istəyirdi. Şeirlərimin də əsas xətti o keçmiş ruhu, unudulanları qaytarmaqdır. Romanlarım da – “Göy tanrı”dan ta “Sunami”yə, “Akademikin son əsəri”nə qədər həmin amaca, mərama xidmət edir.
– Rəhmətlik Məmməd Aslanın da qan yaddaşı Kəlbəcərin işğalı dövründə elə hey onu Yardımlıya çəkib aparırdı. Sizinlə dəfələrlə gedib oralara. Həmişə deyirdi ki, Yardımlıya gedəndə sanki Kəlbəcərə gedir, özünü orada suda balıq kimi hiss edir...
– Hə, deyirdi ki, sanki Kəlbəcər dağları aşağılarda – Şirvan, Muğan düzlərində batıb və Yardımlıda üzə çıxıb. Bir videokamerası vardı, onunla Yardımlının bütün gülünü, çiçəyini çəkirdi, sonra başqa rayonlardan hazırladığı “Dərədən-təpədən” verilişlərində də istifadə edirdi. Heyf ki, Məmməd Aslan Qarabağın, Kəlbəcərin işğaldan azad olunmasını görmədi...
Yeri gəlmişkən, böyük şəxsiyyətlər olan dostlarımın hamısı – Xudu Məmmədov, Anar, Məmməd İsmayıl (“Ana payı” adlı şeir də yazıb), Musa Yaqub, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Səyavuş Sərxanlı, Seyran Səxavət Yardımlıda qonağım olublar. İlk olaraq Xudu müəllim təkidlə getmək istədi. “Sənin də atanın adı Xududur, – dedi, – mən onunla tanış olmaq istəyirəm, sənin haqqında deyəcəyim sözlərim var”. Nə isə, getdik. Ayağının altında anamın, bacılarımın toxuduğu xalçalara baxıb mənə dedi ki, bəs deyirsən, kasıbıq, amma bu xalçalar çox qiymətlidir, izah eləsəm, görərsən ki, hansı sərvətin üstündə oturmusan. Sonra o ikiotaqlı balaca evdən neçə-neçə ev ayrıldı, qardaşlarımın, bacılarımın evləri...
– Sabir müəllim, sizdən danışanda, istər-istəməz, 1988-ci il, Meydan hərəkatı yada düşür. O hərəkatın öncülü, milli oyanışımızın, azadlıq mücadiləmizin carçısı olmusunuz. “Ömür kitabı”nız əl-əl gəzib. Vurulmağınız, sonrakı mitinqlərdə başı sarıqlı vəziyyətdə çıxış etməyiniz də yaddadır. Hamısı gözümüzün qabağında olub. İndi illərin deputatı, qitələri gəzib haqq səsimizi yayan ictimai xadim, dünyada tanınan ziyalı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi bütün bu fəsilləri ömür kitabınıza sığışdıra bilirsinizmi?
– Demək çətindir... “Ömür kitabı”nın o zaman geniş yayılması bir fakt idi. Ailədə 4 qızı olan valideynlər 4 kitab alıb cehizlərə qatırdılar. İndi adamlar nədənsə kitabdan soyuyublar, yazılanlar çox oxunmur. Mənim 10 romanım çıxıb, qədim oğuzların tarixindən üzü bu yana, bacardığım qədər yazmışam. Tarixi düşüncənin, tarixi ənənələrin qırılmazlığını göstərən yazı silsiləsidir. Əslində, bunlar hamısı bütövlükdə mənim Ömür kitabımdır. Sevinirəm ki, hələ düşüncəmiz yerindədir, qələmimiz işləkdir. Bu, elə o dağların verdiyi bir xoşbəxtlikdir.
Mən sovet dövründə gənc şair kimi çox yerlərə ədəbi tədbirlərə gedirdim. Sonra Konqresin həmsədri kimi də ta Avstraliyaya qədər bütün dünyanı gəzdim. Hər yerə də Azərbaycanın sözü ilə, Azərbaycanın dərdi ilə – haqq işimizi anlatmağa getdim. Əvvəl tribunam “Azadlıq” meydanı idi, tədricən o meydan böyüdü, Amerikada, Kanadada oldum. Yadıma gəlir, 1992-cü ildə Nyu-Yorkda məlum 11 sentyabr terror aktı zamanı vurulan Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinin yaxınlığında, “Vitsa” otelində konqresmenlərin də iştirak etdiyi məclisdə dedim: “Təsəvvür edin ki, Amerikanın 40 milyon qaçqını var, onları necə saxlayar, necə dolandırarsınız?” İzah etdim ki, bizim 7 milyonluq əhalimizin (o vaxtkı statistika ilə) 1 milyonu, yəni ölkə əhalisinin 7-də 1-i qaçqındır. Bu hesabla, sayın ki, Çinin 200 milyon qaçqını var. Necə edər, necə dolandırar? Niyə dünya bizim faciəmizi görmür? Təəssüf ki, dünya elə indi də buna göz yumur. Hər yerdə belə kəskinliklə, millətin haqq səsini çatdırmaq ehtirası ilə, həm də çəkinmədən sözümüzü demişik.
Biz qeyri-hökumət təşkilatı kimi, Dünya Azərbaycanlıları Konqresi adından hətta bəzi rəsmilərin, səfirlərin aça bilmədikləri qapıları aça bilmişik və sözümüzü demişik. Görüşlərimizin çoxu haqqında yazmışam. Xocalı soyqırımı indi dünyanın çox yerində tanınıb, amma bu mövzuda Türkiyədə ilk toplantını keçirən, həmkarları da bu işlərə qoşan, yürüşlər, mitinqlər keçirən bizlər olmuşuq. Allahın verdiyi gücü, bacarığı boş yerə sərf etmədiyimə sevinirəm. Bəzən qohum-əqraba, dost-yoldaş inciyib, toydan imtina eləmişəm, yaslara çatdıra bilməmişəm, istirahətdən imtina etmişəm, amma yazmaqdan heç vaxt imtina etməmişəm.
– Sizin əqidəniz, məsləkiniz, ona görə möhkəm olub, fəaliyyətiniz ona görə sanballı olub ki, əsasında, bayaq dediyimiz kimi, Mirzə Cəlildən başlanan bir platforma olub. Məhəmməd Hadiyə həsr etdiyiniz “Şair və şər” romanı olub və sair...
– İlk şeirlərimdən birində Hadinin adı var. “Vətən” şeirimdə Cavad xanın adı var. Hər ikisi sonra romanlarımın qəhrəmanı olublar. Elə insanlar, sənətkarlar, milli qəhrəmanlar, rəmzlər var ki, onlarsız tariximizi, milli kimliyimizi, xarakterimizi təsəvvür edə bilmərik.
– Əhməd bəy Ağaoğlunun baş qəhrəman olduğu “Difai fədailəri” romanınız da var. Mərhum dostum Rövşən Almuradlı da sizin ssenarinizlə “Cavad xan” filmini çəkib. Yeri gəlmişkən, bu günlərdə onun 70 yaşı tamam olur.
– Hə, Allah Rövşənə rəhmət eləsin. Milli ruhlu, ayıq, qeyrətli vətəndaş və əsl peşəkar rejissor idi, müəyyən birgə planlarımız da vardı, təəssüf ki, bizləri tez tərk elədi...
– Sizinlə görüşə hazırlaşanda dilimizin vəziyyəti məsələsi barədə sual verməyi də nəzərdə tutmuşdum.
“Sağ ol, ana dilim” şeirinizi bir daha oxumuşdum:
Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.
Barmağım altında düymə fırlanır,
Londonla, Parislə yanaşı Bakı…
Doğma sözlər üçün darıxan hanı?
Deyin qoy dinləsin: “Danışır Bakı!”
Dil məsələsi bu gün ciddi problemə çevrilib. Siz Xalq şairimizsiniz, Azərbaycan Dil Qurumunun başqanısınız, bu yaxınlarda Dil Qurumunda qanun və kargüzarlığın dili məsələsi müzakirə olunub, öncələr də monitorinqlər, dəyirmi masalar keçirmisiniz, bəyanatlar vermisiniz. Sizin ifadənizlə desək, kürəsəlləşmə dövründə milli atributların arxa plana keçməsi ana dilinə nə dərəcədə ziyan vurur? Bununla necə barışa bilirik?
– İndi dəb düşüb: bir çox ailə uşaqlarını ingiliscə oxudur, guya, bu, insanın ağlını artırır-filan... İnformasiyasını artıra bilər, amma insanı insan edən iradədir, ağıldır, əxlaqdır. Əgər öyrəndiyin hansısa dil səni öz əxlaqından uzaqlaşdırırsa və başqa mədəniyyətdən, başqa düşüncə tərzindən asılı olursansa, onda yaxşı insan olmaq üçün üçayağın gərəkən iki dayağı gedir, qalırsan tək ayaq üstündə və bu da heç kəsə kömək etməz. Mən 1992-ci ildə Suriyada və Misirdə İslam ölkələri mədəniyyət və informasiya nazirlərinin görüşündə, sonra Suriyada, Namibiyada, Dünya Parlamentlərası Şurada, Afrika ölkələrində parlament ittifaqlarının toplantılarında çıxış etmişəm. Hər yerdə azərbaycanca danışmışam. Tərcüməçi var, qoy, tərcümə eləsin. Bir də ki, niyə ingilis dili, fransız dili kimi, türk dili də rəsmi dil olmasın? Mən uca tribunalardan bunu söyləyəndə, Türkiyədən olan qardaşlar gəlib dedilər ki, nə yaxşı, sən bu məsələni qaldırırsan!
İndi Azərbaycan müstəqildir, Prezidentimiz çox yerdə Azərbaycan türkcəsində danışır. Bu, bizi qürrələndirir. Lazım olanda dövlət başçımız rusca da, ingiliscə də mükəmməl danışır və hamıya cavab verir. O dilləri də bilməliyik, amma öndə öz dilimiz olmalıdır. Xarici dil adamı daha ağıllı göstərmək üçün reklam vasitəsi deyil, axı. Baxın, dilimiz əcnəbi sözlərlə, terminlərlə dolur. Siyahısını çıxarmışdım, 100-lərlə yabançı, dilə yatmayan sözdən istifadə olunur. Bəzi qanunlarımızda da yabançı sözlər mətni anlaşılmaz edir. Deyrlər ki, bunlar beynəlxalq sözlərdir. Dünyada “beynəlxalq söz” deyilən bir anlayış yoxdur, hər sözün ana dilində bir qarşılığı var, sadəcə tapıb işlətmək lazımdır. Qarşısını almasaq, 10-15 ilə dilimiz nə günə düşəcək? O gün bir görüşdə idim, cavan oğlan “Mən moderator olaraq...” deyə sözə başladı. Məgər “aparıcı” pis sözdür? Niyə belə demirsən? Hər iki kəlmədən bir xarici sözlərlə qulağımızı yağır edirlər, sanki bu, bir ziyalılıq göstəricisidir. Bir vaxt rus dilindən bu cür gen-bol istifadə olunurdu. Ona görə də 2006-cı ildə Azərbaycan Dil Qurumunu yaratmışıq. Müzakirələr keçiririk, məsələlər qaldırırıq. Bakının mərkəzində, görürsünüz, reklamların 90 faizi kənar sözlərdir.
– Brendləri başa düşmək olar, amma, düz deyirsiniz, reklamlarda gərəksiz olaraq yazılan, anlaşılmaz əcnəbi sözlər də çoxdur.
Son illərdə qanunlarımız vasitəsi ilə dilimizə çoxlu əcnəbi söz keçir. Əslində, bu sözlərin bir qisminin ana dilində hamının başa düşəcəyi, dilə yatımlı qarşılığını tapmaq olar. Deyək ki, Təhsil Qanunundakı distant təhsil əvəzinə – uzaqdan və ya məsafədən təhsil, informal təhsil yerinə – özeyitim və ya özünütəhsil, kampus əvəzinə – tələbə şəhərciyi, hind quşlarının qurultusuna bənzəyən kurikulum yerinə – təhsil proqramı, eksternet təhsil yerinə – qabaqlayıcı təhsil desək, dünya dağılmaz. “Təhsi investisiyası” anlayış olaraq qəbul edilir, açıqlamasını “təhsil sərmayəsi” kimi verirlər. Olmazdımı sərmayə anlayış olsun, investisiya açıqlayıcı söz? Yaxud “perkvizit fənlər” ifadəsini valideyn necə başa düşsün? Əslində, burada söhbət dərsin ardıcıllığından gedir və dilimizdə keçid fənlər şəklində ifadə oluna bilər...
Həm qanunlarımızın, həm də idarələrimizin adları Sovet dövründən qalma vərdiş üzrə rus dlindən mexaniki şəkildə çevrilib. Məsələn, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu və s. Bu adlarda təkrarlanan “haqqında” kəlməsi rus dilindəki “o” sözönünün mexaniki tərcüməsidir. Qanunlarımızın əksəriyyəti bu üsulla adlandırılır. Halbuki, dilimizin quruluşu və tarixi gələnəklərimiz bu adların aşağıdakı şəkildə yazılmasını tələb edir:
“Azərbaycan Respublikasının Təhsil Qanunu”, “Azərbaycan Respublikasının Elm Qanunu”, “Azərbaycan Respublikasının Sosial Sığorta Qanunu” və s.
Təəssüf ki, bəzi dövlət idarələrinin adında da bənzər yanlışlığa yol verilir. Məsələn, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövət Komitəsi... Dövlət sözü irəli çəkilməklə üzrə sözü atılmalıdır. Məsələn, Azərbaycan Resspulikasının Dövlət Diaspor komitəsi.
Axı, bizim dilimizin imkanları yetərincədir, nədən qondarma sözlər dilimizə gətirilsin? Belə məsələlərdə Türk dünyasının imkan və təcrübəsi də nəzərə alına bilər.
– Sabir müəllim, medianın, televiziya və radionun da dili bərbaddır...
– Televiziya ciddi məsələdir və təəssüf ki, televiziyalarda çox vaxt dil mədəniyyəti qorunmur. Cümlə quruluşundan, ifadə tərzindən başlamış ayrı-ayrı sözlərə qədər xeyli misal çəkmək olar ki, efirdə səslənməməlidir. Bircə misal deyim. Son günlər tez-tez eşidirəm ki, cavan aparıcılar insan filan qidanı yeməlidir əvəzinə “idxal etməlidir” deyir. Guya savadlı danışır. Bu aparıcıya demirlər ki, televiziya dili sadə, aydın olmalı, ədəbi dil normaları qorunmalıdır. Toplum ünsiyyətin ən gözəl formasını televiziyalardan öyrənməlidir. Televiziyalar Azərbaycanın simasıdır. Buna görə hər kəs aparıcı ola bilməz. Aparıcının nitqi, səsinin tembri, siması, geyimi, əxlaqı milli xarakterə uyğun gəlməlidir. Axı, ona dünya baxır, milyonlar baxır. Yoldan ötənin biri televiziyaya gəlib veriliş açır və ad qoyur: “Filankəsin verilişi”, “Filankəslə bir saat” ?! Və elə bilir ki, verliş onun şəxsi mülkiyyətidir, özünü necə istəsə o cür apara bilər.
– Bu gün onlayn yayımlar, qəzetlər, saytlar da dil sarıdan bərbad gündədir. Aparıcı, jurnalist, həmsöhbət dilin incəliklərinə qədər duymalı, bilməlidir, amma...
– Bilirsiz, söz özü də canlıdır, onun da enerjisi olmalıdır. Olmasa, söz ölüdür. Sözün ruhu, atmosferi, sirri-sehri var. Mən bir vaxt “Məmməd Araz sözünün sehri” adlı bir məqalə yazmışdım. Qəzetlər, jurnallar, televiziyalar ölü sözlər qəbiristanlığına çevrilməməlidir. Nə qədər yan-yana düzsən də, ölü sözlər heç bir təsir etməyəcək.
– Bu gün oxucu qəzetdən, seyrçi ekrandan soyuyub. Bir səbəb də dilin korlanmasıdır, təbii dildə danışılmamasıdır, yəqin... Sabir müəllim, sizin 15 cildlik “Seçilmiş əsərlər”iniz nəşr olunur, artıq 11-i çıxıb. Bu cildlərdə şeir və poenmalarla, romanlarla bərabər, günün aktual məsələləri barədə publisistik yazılarınız, aktual qeydləriniz də yer alıb. Sirr deyilsə, indi nə yazırsız?
– Bir nəsr əsərim var – 2017-ci ildə şair dostum Rüstəm Behrudinin yubleyini keçirməyə gedəndə, Ordubadda yaranmışdı onun ideyası. Yazmağa da o vaxt başlamışdım. Ancaq araya başqa işlər düşdü, onun üstündən 3 yeni kitab çap etdirmişəm, o yazı isə hələ bitməyib. Bir az vaxt sıxır – bu var, həm də orada insan alveri, qadınların üzləşdikləri faciələr və başqa sosial məsələlər var. Üzdən keçib getmək olmur, yazmaq çətindir. İnsan ömrünün və milli taleyin acılarını bütün faciəvi xırdalıqları ilə göstərən müəlliflər var. Çingiz Aytmatovun “Dağlar yıxılır” romanındakı kimi. Son 30 illik tariximizin elə müdhiş süjetləri var ki, bəzən onun reallığını özünə belə etiraf etmək istəmirsən və qələm dayanır. Amma, şübhəsiz, bu faciələr mütləq yazılmalıdır.
– Sabir müəllim, suallar da çoxdur və sizin də fikirləriniz bizim üçün çox dəyərlidir. Amma hələlik bu qədər deyək. Çox sağ olun ki, vaxt ayırıb redaksiyamıza söhbətə gəldiniz.
– Məmnuniyyətlə gəldim, çünki son dövrlərdə sizin qəzetin siması xeyli dəyişilib, mən də həvəslə oxuyur və bəyənirəm. “Xalq qəzeti”, doğrudan da, xalqın qəzeti olub. Bizim də yazı-pozumuzun bir məqsədi var ki, dünyada gedən ağır proseslərdən xalqımız uğurla çıxsın, daha gözəl gələcəyimizi qura bilək. İstərdim ki, oxucu sıraları seyrəlməsin, adamlar yenə də mütaliədən zövq alsınlar, kitabı unutmasınlar.
Əli NƏCƏFXANLI
XQ