Əmtəə bazarı rəqəmsallaşdırılacaq

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində görüş keçirilib. Toplantıda Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı Yol Xəritəsində dövlət satınalmalarının rəqəmsallaşdırılması və optimallaşdırılması üzrə görüləcək tədbirlər müzakirə edilib.

İqtisadiyyat, Maliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və digər aidiyyəti dövlət orqanları nümayəndələrinin iştirak etdikləri müzakirədə nəzərdə tutulan işlərin reallaşdırılması üzrə müvafiq icra mexanizmlərinin müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə agentliyin dövlət satınalmalarının təhlili şöbəsinin müdiri Elşən Həsənov və digər dövlət orqanlarının nümayəndələri çıxış ediblər. Dövlət satınalmalarında sahibkarlıq subyektlərinin iştirakının təşviqi, bu məqsədlə qanunvericilikdə nəzərdə tutulan güzəşt mexanizmlərinin tətbiqi, dövlət satınalmalarında gender bərabərliyinin, eləcə də qadın sahibkarların iştirakı ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili imkanları, elektron satınalma portalının funksionallığının genişləndirilməsi, standart tender sənədlərinə dayanıqlılıq şərtlərinin əlavə edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində təkliflər dinlənilib, görüləcək işlər üzrə prioritetlər müəyyənləşdirilib, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün konkret icra mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.

XQ

Son xəbərlər