IV MƏQALƏ
Azərbaycan dövlətinin yeni tarixi missiyası
Bizcə, bu fikir dövlətçilik uğrunda aparılan savaşın ana tezisidir. Bir terminoloji dəqiqləşdirmə aparaq: “Yeni tarixi missiya” içi boş gəlişi gözəl söz deyildir – hər bir azərbaycanlı (burada “azərbaycanlı” etnik mənsubluğundan asılı olmayaraq Azərbaycan Respublikasının siyasi-coğrafi hüdudları daxilində yaşayan Azərbaycan vətəndaşını, daha geniş anlamda isə dünya miqyasında bütün azərbaycanlıları əhatə edir) qarşısında dayanan dövləti vəzifədir. Bu tezis nə pafosdur, nə də şişirtmə. Azərbaycan dövlətçiliyinin son 300 ildə keçdiyi keşməkeşli yola “dönüb baxanda” yeni fürsətlə qurulan tələlərin kəsişmə sahəsində tarixi savaşın ifadəsidir. Onun səbəbləri çox düşündürücüdür!
İmperiya əngəli
Səfəvinin çöküşündən sonra Azərbaycan dövlətçiliyinə qarşı Qərb və Rusiya imperialist düşüncəsi və praktiki təsir vasitələri 1918-ci ilə qədər ölkəmizi coğrafi, mədəni, siyasi, ideoloji, mənəvi və demoqrafik parçalama planlarını durmadan həyata keçirdi. Bir zamanlar 2 milyon kvadratkilometrlik coğrafiyanı əhatə edən nəhəng imperiyanın Şimal hissəsindəki 114 min kvadratkilometrlik ərazidə Demokratik Respublika quruldu. Cəmi bir ilə onu da çökdürdülər. Həm də əlindən ərazisinin yeni hissələrini almaqla “Azərbaycan SSR” yaratdılar.
1922-1939-cu illər ərzində SSRİ tərkibində, ümumi deyək, bədnam “Zaqafqaziya federasiyası” adı altında, sözün həqiqi mənasında Azərbaycan ərazisi, mədəniyyəti, dövlətçilik yapısını insafsızcasına “sökdülər”.
Nəticədə 1939-cu ilə ərazimiz artıq 86 min kvadratkilometr qalmışdı, əlifbamız da kirilləşmişdi. Elmimiz rus maraqlarına uyğun institutlaşırdı, ideologiyada millilik böyük cinayət və xəyanət kimi təqdim edilir, minlərlə Azərbaycan türkü əsassız yerə cəzalandırılırdı. Cavidlərimizi özümüzə düşmən kimi təqdim edirdilər. Bolşevik-daşnak yığınının total vəhşiliyinin sərhədi yox idi.
1948-1953-cü illərdə azərbaycanlıları Qərbi Azərbaycandan növbəti dəfə amansız şərtlər altında deportasiya etməklə onlarda dövlətə sahib olmaq mövzusunda psixoloji kompleks, “hər yerə gəlmə adam” sindromu yaratdılar.
1988-1992-ci illərdə isə növbəti deportasiya dalğası ilə Qərbi Azərbaycan torpaqlarında qondarma “Ermənistan” əmələ gətirdilər və elə sandılar ki, Azərbaycan dövlətçilik ənənəsini, dövlətçilik şüurumuzu, demoqrafik kimliyimizi “məhdud siyasi-coğrafi” sahəyə sıxışdırdılar. Elə güman etdilər ki, azərbaycanlılar bir daha Azərbaycan dövlətçiliyinin möhtəşəmliyini bərpa edə bilməyəcəklər. Və bu niyyətin fonunda dövlətçilik kimliyimiz baxımından daha dəhşətli prosesləri formalaşdırmağa çalışdılar.
“Sən müstəqil dövlət ola bilməzsən”
Öncə XVIII əsrin əvvəllərindən XX əsrin ikinci onilliyinin sonuna qədər Qərb və Rusiya imperialist dairələri azərbaycanlılara “sən müstəqil ola bilməzsən” psixologiyasını yeritməklə məşğul idilər. Bunu erməni terrorunu şiddətləndirmək və müxtəlif bəhanələrlə ermənilərin dövlətçilikdə bizdən üstün olduğunu təlqin etməklə həyata keçirdirlər.
Məhz Azərbaycan Xalq Cümhuriyyəti (AXC və ya ADR) bu zehniyyətə öldürücü zərbə vurdu. 200 illik məhvetmə siyasətində Azərbaycan dövlətçiliyi baxımından əsas məqsədlərinə çata bilmədiklərini rəsulzadələr, topçubaşovlar, ağayevlər və yüz minlərlə qəhrəman Azərbaycan ölvadları sübut etdilər. Hansı xalq olsaydı, başına açılan oyunlardan sınar və geri çəkilərdi. Azərbaycanlılar isə Avropa demokratiya və azadlıq hərəkatı səviyyəsində kükrədilər və Şərqdə ilk demokratik dövlət qurdular!
Bu, çox ciddi bir siqnal idi. Bütün dünyaya göstərildi ki, azərbaycanlıların müstəqil dövlət qurmaq bacarıqlarını, imkanlarını və dövlətçilik şüurlarını yox etmək mümkün deyildir. Bununla həm də anladılar ki, azərbaycanlıların dövlətçilik şüurlarının qədim kökləri vardır! Bizcə, məhz bu keyfiyyətlərinə görə, sovetlər azərbaycanlılara qarşı daha amansız və güzəştsiz siyasət yeritməyə başladılar. Bizim dövlət qurmaq əzmimizi qırmaq üçün torpaqlarımızı, mədəniyyətimizi, kimliyimizi, adət-ənənələrimizi, mətbəximizi hissə-hissə erməni vəhşilərinə hədiyyə etdilər.
Oyanışın sinerjisi: Azərbaycan türk nümunəsi
Azərbaycan xalqının dövlətçilik şüurunun “səsi” bax, o dərinliklərdən, sonsuz əngəllərin yaratdığı bataqlıqlardan gəldi! Heydər Əliyevin məharətli siyasəti o səsi sinerjiyə çevirdi, öncə azərbaycanlıların özlərinə, sonra isə bütün dünyaya dinlədə bildi! Dövlətçilik şüuru, qəlbi, mənəviyyatı, vicdanı və tərbiyəsini dinlədik və müqəddəs oyanışın yeni mərhələsi başladı.
Azərbaycanlılar tarixi baxımdan qısa bir müddətdə Ulu öndərin siyasəti ilə ölkənin və millətin təbii sərvətlərini milli sərvətə çevirdilər və müstəqil dövlətçiliyin siyasi institutlarını qurdular, sonra isə ərazi bütövlüyünü 44 günə bərpa etdilər. Ondan üç il sonra bir neçə saata düşmənin 15 minlik hərbi qüvvəsini darmadağın edərək tam suverenliyə qovuşdular! Alimlər deyirlər ki, XX əsr və XXI əsrin ilk üç onilliyində analoji nailiyyətə çatan başqa dövlət yoxdur!
Tarixi yüksəliş
Çox uzatmaq istəmirik. Ancaq Azərbaycan dövlətçiliyi, səhv etmiriksə, tarixində ilk dəfə olaraq yeni zirvə fəth etmişdir. O zirvəni Azərbaycançılıqdan görmək olar. Lakin bunun üçün Azərbaycançılıq məfkurəsi “Azərbycanşünaslıq” nəzəri təliminin “çırağında nurlanmalıdır” (AMEA çox haqlıdır!). Çünki XXI əsrin çağırışları dövlətçilik viziyonunu yüksək səviyyədə elmiləşdirməyi, məfkurələşdirməyi, bir sözlə, “intellektləşdirməyi” tələb edir. Bu parametrlər AMEA-nın strateji inkişaf konsepsiyasının əsas hədəflərinə aiddirlər.
Əlbəttə, Azərbaycan müasir mərhələdə müstəqil dövlətçiliyin tarixi yüksəlişinin memarı Heydər Əliyev-İlham Əliyev xəttidir. Məhz bu kursun çərçivəsində Azərbaycanşünaslığın daim inkişaf etdirilməsi zərurətini hər kəs qəbul etməlidir. Bizim üçün bu məqam “dövlətçilik vizyonu” adlandırdığımız prosesin mahiyyətinə aiddir. Azərbaycan Prezidentinin yüksək səviyyədə “intellektləşdirdiyi” milli dövlətçilik viziyonunu Azərbaycanşünaslıq kontekstində sistemli təbliğ və təşviq etməliyik. Məhz bu mənada AMEA-nın yeniləşməsi fəlsəfəsini təşkilatın rəhbərliyi mövcud dövlətçilik tələbatına adekvat müəyyən etmişdir!
Bütün bunların fonunda “dövlətçilik vuzyonu” anlayışının təhlilinə keçmədən öncə bir mühüm məqama aydınlıq gətirək.
Dövlətçilikdə növbəti tarixi yüksəliş 2020-ci il Vətən müharibəsindən sonra başlamışdır. Bizim baxdığımız kontekstdə bu, son 300 ildə Azərbaycanın ilk dəfə müdafiə mövqeyindən hücum mövqeyinə keçidini ifadə edir. O mənada ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş dövlət kimi, artıq qlobal dairələr tərəfindən güclü dövlət olaraq qəbul edilir. Bu vaxta qədər Azərbaycanı imkanlarının maksimum hansısa dəyərlərini qorumağa çatan və lazımi gücə sahib olmayan dövlət (əsasən də ölkə) kimi təsəvvür edirdilər. Onlara elə gəlirdi ki, böyük anlamda Azərbaycan dövlət kimi hansısa dəyişikliyi (xüsusilə, geosiyasi) etmək iqtidarında deyildir.
Kütlədə isə belə bir fikir formalaşdırmışdılar: “Azərbaycan bütün qonşularından – İrandan, Rusiyadan, Gürcüstandan, Ermənistandan və s. qorxur”. Ola bilər ki, kənardan belə bir fikir yeridilirdi, lakin məişət həyatında eşidirdik: “Azərbaycan filan dövlətdən qorxdu, qarşısına çıxa bilmədi”, “Rusiya bir neçə saata buranı viran qoyar”, “İran dağıdar” və s.
Bütün bunların fonunda Azərbaycan dövləti 44 günə dünyanın ən güclüləri sayılan dövlətlərinin siyasi, diplomatik, ideoloji, informasiya, geosiyasi və hərbi dəstək verdiyi Ermənistanı hərb meydanında darmadağın etdi, başqa sferalarda da ağır məğlubiyyətə uğratdı. Bu, dövlətçilik idenitkliyinin qəbul edilməsində dönüş nöqtəsi idi. Yəni hər kəs anladı ki, Azərbaycan nəinki kimsədən qorxmur, hətta artıq öz müstəqilliyi və dövlətçiliyi üçün uğurlu hücumlar edən dövlətə çevrilmişdir! Azərbaycan dövlətçiliyi uğrunda savaşa yeni nəfəs vermişdir və tarixin hər bir dönəmində bu prosesi davam etdirəcək.
Buradan ən azı üç nəticə çıxarmaq olar.
Birinci, Azərbaycanın dövlət kimi identikliyində demokratiya, hüquq, əməkdaşlıq, barış kimi ümumbəşəri parametrlərlə yanaşı, özünü daimi inkişaf etdirmək, güclü dövlətçiliyi təkmilləşdirmək və güclü vətəndaş cəmiyyəti formalaşdırmaq kimi strateji faktorlar da ön sıraya çıxarılmışdır.
İkinci, bu vəziyyət Azərbaycanı dövlətçiliyi uğrunda mübarizəsinin prinsipcə yeni mərhələsinə çıxarmışdır. Bu mərhələ müasir dövlətçilik tariximizin dönüş nöqtəsi və bu anlamda ən məsuliyyətli dönəmidir.
Üçüncü, vurğulanan iki dəyişiklik uğurlu olmanın formulunu tapmağı tələb edir. Bu formulu Prezident İlham Əliyev dəqiq müəyyən etmişdir. Onu biz yığcam olaraq “müstəqil dövlətçilik vizyonunun genişləndirilməsi” adlandırırıq.
Dövlətçilik vizyonu
Dövlətçilik vizyonunun fəlsəfi-nəzəri anlamı genişdir. Bu termin özündə dövlətçilik haqqında tarixi və müasir təsəvvürlərin ortaq məntiqi sahəsində daha uğurlu dövlət quruculuğunun başlıca ideyasını, prinsiplərini, prioritetlərini və reallaşma fəlsəfəsini ehtiva edir. “Vizyon” dövlətçilik kontekstində bu anlamda statik baxış deyildir, daim yeniləşən və adaptasiyadan dəyişdiriciliyə yönələn dinamik prosesdir.
Daha sadə formada dövlətçilik vizyonu hər kəsdən öncə, liderin dövlətin inkişafı kursunun mahiyyətini təşkil edən baxışlar sistemidir. Bunun adekvat dərk edilməsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır. Toplum liderin dövlət quruculuğu vizyonunu doğru dərk edə bilirsə, bütövlükdə konkret tarixi dönəmdə dövlətçilik vizyonu inklüziv legitimləşir. İnklüziv legitimlik, yəni xalqın dövlətçilik vizyonunun doğru və hüquqi olduğuna inamı mühüm faktordur.
Buna görə də daim dövlətçilik vizyonunun düzgün, obyektiv və sistemli təbliği aparılmalı və o, təşviq edilməlidir. Bu prosesdə ideoloji baxımdan aparıcı rolu, təbii ki, Azərbaycançılıq və onun fəlsəfi-nəzəri, konkret elmi intellektual təcəssümü olan Azərbaycanşünaslıq oynamalıdır.
Bu tezis AMEA rəhbərliyi tərəfindən yeniləşmə kursu çərçivəsində konkret olaraq məzmunlaşdırılmışdır! Onun əsas tezisləri sırasında “Dövlətçilik vizyonunun genişləndirilməsi”, “Azərbaycançılığın yeni tarixi mərhələdə dövlətçilik uğrunda mübarizə məfkurəsi” olması, “Azərbaycanın türk dünyası ailəsinin üzvü kimi dövlətçiliyinin XXI əsrin çağırışları fonunda inkişaf etdirilməsi” xüsusi yer tutur.
Bunları vahid məntiqi bucaq altına gətirsək, ümumiləşdirici tezisi belə formulə edə bilərik: “Dövlətçilik uğrunda yeni tarixi mərhələdə aparılan savaşda əsas məqsəd Azərbaycanın regional liderliyi təmin edən dövlət quruculuğu strategiyasından, onu türk ailəsinin aparıcı qüvvəsi olmağı ehtiva edən səviyyəyə yüksəldən strateji vizyona keçidindən ibarətdir”.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru