Həmin gün ölkəmizin media qurumlarının fəaliyyəti ilə tanış olan özbək jurnalistlər Mətbuat Şurasının sədri Rəşad Məcidin müşayiəti ilə “Xalq qəzeti”ndə də oldular.
Daşkənddən gəlmiş media qrupunu salamlayan baş redaktor Əflatun Amaşov Azərbaycanın ən qocaman gündəlik anadilli ictimai-siyasi qəzeti barədə qonaqlara ətraflı məlumat verdi. O, türkdilli xalqların həyatında tarixi uğur olan Türk Dövlətləri Təşkilatının möhkəmlənib dünya güc mərkəzinə çevrilməsində qardaş xalqların mediasının önəmli informasiya dəstəkçisi olduğunu vurğuladı. Baş redaktor bildirdi ki, Türk dünyası, eləcə də Özbəkistanla bağlı müxtəlif mövzulu materiallar qəzetin səhifələrində davamlı və geniş yer tutur. Daşkəndə XQ-nin Mərkəzi Asiya müxbir məntəqəsi də fəaliyyət göstərir.
Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurod Səlimov Bakıda keçirdikləri görüşlərdən, Mətbuat Şurası ilə imzalanan əməkdaşlıq memorandumunun ölkələrimiz arasında media əlaqələrinin yüksək səviyyədə qurulmasına xidmət edəcəyindən söz açdı. “Trest” qəzetinin baş redaktoru Husan Ermatov, “Tonq yüztəri” qəzetinin baş redaktoru Feroza Odilova, Dövlət İnformasiya Agentliyinin redaktoru Əzizə Həlimova də digər qonaqlar çalışdıqları media qurumları barədə məlumat verdilər, iki ölkə jurnalistlərinin əməkdaşlığını yeni müstəviyə qaldırmaqla bağlı mülahizələrini söylədilər.
Mətbuat Şurasının sədri Rəşad Məcid qardaş ölkələrin jurnalistlərinin əməkdaşlığını inkişaf etdirməkdə qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin önəmini qeyd etdi, bu məsələnin memorandumda da yer aldığını söylədi.
XQ