Aprelin 19-da Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Əməkdar jurnalist İlqar Rüstəmovun şəhidlərimizin xatirəsinə həsr etdiyi "Sizi kim unudar..." kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlandı. Sonra tədbirin aparıcısı AJB-nin üzvü Hüsaməddin Abbasov kitabın müəllifi haqqında məlumat verərək bildirdi ki, İlqar Rüstəmov milli mətbuatın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilib. Dövlət başçısının bu il fevralın 2-də imzaladığı sərəncamla isə o, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb. Bu il işıq üzü görən, şəhidlər və qazilər haqqında oçerklərin və “Şəhid anası” poemasının yer aldığı yeni toplu İlqar Rüstəmovun sayca 3-cü kitabıdır. Uzun illərdən bəri “Xalq qəzeti”nin məsul katibi vəzifəsində çalışan müəllifin Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə Azərbaycanda milliləşmə, erməni separatizmi ilə mübarizə, kadr siyasəti və respublikanın sosial-iqtisadi inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərinin bir çox məqamlarından bəhs edən sanballı “Heydər Əliyev xatirələr işığında” kitabı da 2023-cü ildə nəşr olunub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Prezident, müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi altında Zəfər tariximizin 44 günlük salnaməsini qanları ilə yazan igid əsgər və zabitlərimizin döyüş yoluna həsr olunmuş bu kitabın gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində önəmli rol oynayacağını bildirdi. Natiq dedi: “Bu kitabın özünəməxsusluğu ondadır ki, burada adı çəkilən hər bir şəhidin və qazinin ömür yolu, qalib əsgər kimi formalaşdığı uşaqlıq illəri və həyatlarının ibrətamiz məqamları öz əksini tapıb”.
Mərasimdə ziyalı Məzahir Ağayev, politoloq Arzuman Muradlı, iş adamı Ehtiram Miriyev, Rövşən Rəhmanov, Nizam Babayev, həmçinin Balaşirin Nəsirov, Gültəkin Şıxəliyeva, tanınmış şairlər Ağacəfər Həsənli, Xanlar Həmid və başqaları müəllifin 12 şəhid, 2 qazi və 30-dən çox əsgəri əlil olmaqdan xilas edən hərbi həkim haqqında ürək yanğısı və məhəbbətlə yazdığı oçerklərin hər birinin bir filmin, bir televiziya tamaşasının mövzusu ola biləcəyini qeyd etdilər. Əminlik ifadə olundu ki, İlqar Rüstəmov bu mövzuda oxucularını yeni əsərləri ilə sevindirəcək.
Şəhid valideynləri Rəbbil Heydərov, Hüseynverdi Rəhmətov, Mükafat Yaqubov, ehtiyatda olan polkovnik Əbülfət Həmidov, Aslan Hüseynov və qazi polkovnik-leytenant Ramin Əliyev çıxışlarında müəllifə minnətdarlıqlarını bildirib qeyd etdilər ki, belə əsərlərin əsas məramı şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onları şərəfli döyüş yolunun və vətənpərvərlik nümunəsinin gələcək nəsillərə çatdırılmasıdır. Müəllif bunun öhdəsindən uğurla gəlib.
Təqdimat mərasimində orta məktəb şagirdləri kitabda yer alan “Sizi kim unudar...” elegiyasından və “Şəhid anası” poemasından parçalar söylədilər.
Sonda kitabın müəllifi, Əməkdar jurnalist İlqar Rüstəmov tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edərək bidirdi ki, bütün yazarların, qələm sahiblərinin şəhid və qazilərimiz qarşısında böyük mənəvi borcu var – onların qəhrəmanlıqlarını əbədiləşdirmək və gələcək nəsillərə çatdırmaq borcu. “Bu kitab da mənim haqqında yazdığım 12 qəhrəmanlara borcumun bir qismidir. “Şəhid anası” poemam isə igid oğulları Azərbaycana bəxş edən analara olan borcumdur. Mən bunu onlara həsr etdiyim elegiyada da yazmışam: “...Neçə vaxtdı yanınızda xəciləm. Şəkillərinizə baxıb, içim qançır ola-ola qalıram. Sizin ucaldığınız zirvəyə yüksələ biləcək söz tapmıram yazmağa. Elə içimə çəkilib özümün söz acizliyimə acımağa gücüm çatır. Heç olmasa, bu işdə azacıq da olsa, sizə oxşamaq istəyirəm. Sözü sizin qalxdığınız zirvəyə ucaltmaq istəyirəm. Sizin yolunuzda sözün şəhidi olmaq istəyirəm. Bu dürr dəryasından adınıza, şücaətinizə dəyər verə biləcək inci tapmaq, sizin Vətəni candan uca tutan eşqinizi mədh etmək istəyirəm...” Bacarmışam, ya yox – bunu oxucular deyəcək.
İlqar Rüstəmovun “Sizi kim unudar...” kitabının Lerik rayonunun Çayrud və Vizəzəmin kəndlərində təqdimatı da maraqla qarşılanıb. Müəllif Çayrud kənd ziyalıları ilə birlikdə əvvəlcə Vətən müharibəsində şəhid olan Cavanşır Həmodovun məzarını ziyarət edib. Sonra şəhidin oxuduğu doğma Çayrud kənd orta məktəbində təqdimat mərasimi keçirilib. Şəhidin valideyni Namiq Həmidov müəllifə minnətdarlıq edərək bildirib ki, bu, onun ailəsi üçün çox dəyərli kitabdır və şəhidin ev muzeyinin ən qiymətli eksponatları arasında yer alacaq.
Vizəzəmin kəndində isə təqdimat “Zəfər parkı”nda açıq havada keçirilib. Tədbirdə bu kənddə böyüyüb boya-başa çatmış şəhidlər – XTQ-nin giziri Tərzan Həşimov və tankçı baş gizir Cəlal Ağayevin qəhrəmanlıqları haqqında söhbət açılıb, onların xalqımızın yaddaşında əbədi yaşayacaqları qeyd edilib.
Hər üç açılışda müəllif İlqar Rüstəmov şəhid ailələrinə, onların yaxınlarına, tədbirdə iştirak edən ziyalılara və gənclərə 100-ə yaxın kitab hədiyyə edib.
Qabil ƏLİYEV
XQ