Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə təşkilata üzv olan 11 dövlətin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü keçirilib.
BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu görüşün üzv dövlətlərin turizm təhsili verən ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsinin asanlaşdırılması baxımından faydalı olacağını vurğulayıb. O, turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalmasına diqqət çəkib və Azərbaycan gənclərini karyera imkanlarını nəzərə alaraq ixtisas seçərkən turizmyönümlü sahələrə üstünlük verməyə çağırıb.
QDİƏT-in Baş katibi Lazar Komanesku çıxış edərək deyib ki, iki gün davam edəcək tədbirdə turizmin inkişafı istiqamətində əməkdaşlıq perspektivləri və turizm təhsilinin inkişafına töhfə verəcək məsələlər ətraflı müzakirə ediləcək. “Azərbaycana çox sayda səfərlərim olub. İlk səfərim 2008-ci ildə həyata keçirilib. Mən bura gələn turistlərin Azərbaycandan nə qədər məmnun ayrıldıqlarına şahid olmuşam. Tam səmimi şəkildə deyə bilərəm ki, Azərbaycanda turizm sektoru günü-gündən inkişaf edir və nəticələri də göz qabağındadır”, – deyə Lazar Komanesku vurğulayıb.
Sonra görüş çərçivəsində “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr” mövzusunda panel keçirilib. Azərbaycan Hotel Assosiasiyası İB İdarə Heyətinin sədri Eldar Əlimuradov, Ankara Hacı Bayram Vəli Universiteti turizm fakültəsinin professoru Yalçın Aslantürk, Buxarest İqtisadi Araşdırmalar Universiteti biznes və turizm fakültəsinin dekanı Qabriela Tiqu, Rusiya Turizm Sferasında Beynəlxalq Əməkdaşlıq Departamentinin işçisi Mixail Serov, Varna İqtisadiyyat Universitetinin nümayəndəsi Genka Rafailova mövzu ilə bağlı maraqlı fikirlər söyləyiblər.
Panel zamanı əsas əməkdaşlıq sahələrinin və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, əməkdaşlığın təşviqində problemlər və potensial həll yollarının müzakirəsi, məzunların turizm sektorunun tələblərinə hazır olmalarını təmin etmək yolları, sənayedəki trendlərin təhlili və onların təlim proqramlarına daxil edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Aprelin 23-də davam edəcək görüş çərçivəsində “Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi” mövzusunda panel diskussiya, həmçinin “Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya” mövzusunda dəyirmi masa keçiriləcək.
XQ