“Nəğmə dolu ürək” Göyçayda

post-img

İsgəndər Coşqunun əsərləri yeni əlifbada çap olunub

Ölkəmizin ictimai həyatında mühüm yer tutan, müxtəlif mövzularda yüzlərlə kitab hazırlayaraq dərc etdirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) özünün sanballı “Göyçay Ensiklopediyası”nın davamı olaraq, görkəmli şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni “Nəğmə dolu ürək” kitabını rayon ictimaiyyətinə təqdim edib. 

Heydər Əliyev Mərkəzində maraqlı təq­dimat mərasimi keçirilib. AVCİYA-nın pre­zidenti Elxan Süleymanov tədbirdən öncə müxbirimizlə söhbətində bildirib ki, Asso­siasiyanın xəttilə “Göyçay Ensiklopediyası” hazırlanarkən bu bölgədən olan İsgəndər Coşqunun əsərlərinin cüzi hissəsinin (özü də kiril əlifbası ilə) işıq üzü gördüyü məlum oldu: “Rayon mərkəzi kitabxanasında belə, dillər əzbəri olan şeir və nəğmələrin, aktual poema və pyeslərin müəllifi olan İsgəndər Coşqunun, demək olar ki, heç bir kitabı yox idi. Odur ki, biz onun əsərlərinin külliyyatını hazırlayıb nəfis şəkildə çap etdirməyi qəra­ra aldıq. AVCİYA-nın əməkdaşları müxtə­lif mənbələrdən gərgin axtarışlar sayəsində ədibin yaradıcılıq nümunələrini toplayaraq, 576 səhifəlik fundamental toplu hazırladılar. Sənətkarın ruhunu şad etməyimizdən son dərəcə məmnunuq”. 

Elxan Süleymanovun “Şair dostum İs­gəndər Coşqun haqqında” adlı “Ön söz”ü ilə başlayan kitab şairin müxtəlif mövzu və jan­rlı əsərlərini əhatə edir. Külliyyat “Nə xoş saatda gəldin sən bu cahana, oğlum!”, “Mən sənsiz qanadları qırılmış bir qartalam”, “Hər vətən deyəndə mən”, “Yaxın, uzaq ellər”, “Ana laylası, ata qayğısı”, “Ömür yolu” kimi yarımbaşlıqlarda əhatə olunmuş 103 şeirdən ibarət “Şeirlər” bölümündə; 39 mətndən ibarət “Nəğmələr” bölümündə, “Əmək qəhrəmanla­rına”, “Ağ zənci”, “Gəmidə söhbət” adlı əsər­lərdən ibarət “Poemalar” bölümündə, “Söhrab və Rüstəm”, “Ana laylası”, “Çal, oyna”, ”Açıl, bənövşəm, açıl” adlı mətnlərdən ibarət “Pyes­lər” bölümlərində təqdim edilib.

Kitabda filologiya elmləri doktoru, pro­fessor Asif Hacılının “Nəğmə dolu ürək aşiqiyəm mən: İsgəndər Coşqunun sənət dünyası”, Azərbaycan Dövlət Gənc Tamaşa­çılar Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimlinin “Sabaha səpilən nur”, sənətşünaslıq üzrə fəlsəfə dok­toru, Əməkdar artisti Gülüstan Əliyevanın “Gəlin qayası” operasında qadın obrazlarının musiqi xasiyyətnaməsindən” adlı məqalələri dərc olunub. 

Kitabın maraqlı bir bölməsi də İsgəndər Coşqunun həmkarlarının, ailə üzvlərinin onun haqqında xatirələrindən ibarət bölümü­dür. Burada Xalq artistləri Tariyel Qasımo­vun, Yasin Qarayevin, Əməkdar artist Mü­bariz Həmidovun, “Göyçay” qəzetinin baş redaktoru, Əməkdar müəllim Adil Məmmə­din, şairin qızı – İsveçin Malmö şəhərindəki “Vahid Azərbaycan dərnəyi”nin rəhbəri Ay­gün Coşqunun, nəvəsi Zərifə Hümbətzadə­nin xatirələri dərc edilib. 

Fundamental toplunun tərtibçisi və re­daktoru Asif Hacılı, məsul redaktoru Əmək­dar jurnalist Fuad Babayev, bədii redaktoru İrina Muxtarovadır. 

Görkəmli şair-dramaturqun əsərlərini oxucuya qaytaran, onun həyat və fəaliyyəti haqqında zəngin təsəvvür yaradan toplunun Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin, tanınmış mədəniyyət xa­dimlərinin, rayon ictimaiyyətinin iştirakı ilə keçən təqdimat mərasimini RİH başçısının müavini Zivər Zeynalova açıb. Sonra kitabın ideya müəllifi, təşəbbüskarı və naşiri Elxan Süleymanov şair dostu haqqında xatirələrini, şairin həyat və yaradıcılığı ilə bağlı müşahi­dələrini tədbir iştirakçıları ilə bölüşüb.

Digər natiqlər – Asif Hacılı, Tariyel Qa­sımov, Rafiq Rəhimli, Ədalət Məmmədov, Ətraf Sərraf, Adil Məmmədli, Elşad Məm­mədli, şairin ailə üzvləri kitabın məziyyət­lərindən danışıb, onun çapını təqdir ediblər. Gənc ifaçılar İsgəndər Coşqunun sözlərinə bəstələnən nəğmələri, qiraətçi məktəblilər şairin şeirlərini səsləndiriblər.

Sonda tədbir iştirakçılarına “Nəğmə dolu ürək” kitabı hədiyyə olunub.

İlqar HƏSƏNOV
XQ



Sosial həyat