Humanizmi öz maraqları ilə ölçənlər Berlinə irad tuturlar
Ermənistanın əksər media orqanları dünyanın harasında hansı hadisənin baş verməsindən asılı olmayaraq, onu dərhal öz maraqları kontekstində şərh etməyə çalışırlar. Ən müxtəlif mövzular – istər siyasi – hakimiyyət böhranları, istər təbii fəlakətlər, istər də beynəlxalq tədbirlər, pop-ulduzların konsertləri və nüfuzlu idman yarışları – onların təbliğat alətinə çevrilir. Bu zaman əsasən İkinci Qarabağ müharibəsinə və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatına istinad edirlər. Onlar müharibə və antiterror əməliyyatı nəticəsində “etnik təmizləmə” aparıldığını iddia edərək beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar. Həqiqətə uyğun olmayan bu yanaşma ilə həm diaspordan maliyyə qoparmağa, həm də Ermənistanın mövqeyini gücləndirməyə çalışırlar.
Belə dəstə-xətti bugünlərdə Hayastanın özünü bir pillə üstün göstərməyə, hamıya dərs keçməyə çalışan “Armenian Report” analitik informasiya portalında yerləşdirilmiş “Yalançı alman humanizmi” sərlövhəli məqalədə görmək mümkündür. Əvvəlcə yazıda söhbətin nədən getdiyini aydınlaşdırmağa çalışaq. Deməli, Almaniyanın mədəni və intellektual elitasının 200-dən çox nümayəndəsi Federal Kansler Fridrix Mertsə İsrailə silah tədarükünü dayandırmağa çağıran açıq məktub ünvanlayıblar. Məktub Avropa mətbuatında qızğın müzakirələrə səbəb olub. Aktyorlar, rejissorlar, yazıçılar, jurnalistlər və hüquq müdafiəçiləri Qəzza zolağında “humanitar fəlakət” adlandırdıqları və onların fikrincə, silah tədarükü nəticəsində daha da pisləşən hadisəyə qarşı çıxış ediblər. Açıq məktuba emosional başlıq seçilib. O, belə adlanır: “Qəzzanı ölməyə qoymayın, cənab kansler!” Məktubda Almaniyanın silah ixracına nəzarət üzrə beynəlxalq müqavilələrə əməl etmək vəzifəsindən, humanitar risklərdən və beynəlxalq hüququn mümkün pozuntularından bəhs edilir.
Bu xatırlatmadan sonra məqalə müəllifi Razmik Akopcanyan mətləbin üstünə gəlir. Sözünün, necə deyərlər, mustafasını deməyə çalışır. Yenə də avropalıları qınamaq, tənə, giley-güzar motivləri, günahkar axtarışları baş qaldırır. Yazır ki, bəs “Artsax ölərkən” (?) bu səslər harada idi? Bəs deməzsinizmi, Artsaxda yüz minlərlə (?) insan bir ilə yaxın mühasirədə qalıb. Bəs Azərbaycan erməni əhalisini xarici dünya ilə birləşdirən yeganə yol olan “Laçın” dəhlizini bağlayıbmış. Bəs camaat aclığa, dərman, yanacaq, nəqliyyat və rabitə çatışmazlığına məhkum edilibmiş. Sən demə, bu, beynəlxalq humanitar hüququn bütün mümkün normalarını pozan blokada aktı imiş. Müəllif o vaxt həmin 200 alman mədəniyyət xadiminin harada olduğunu soruşub: “Onların “Artsaxı ölməyə qoymayın, cənab kansler” şüarı harada idi? İndi Fələstindəki vəziyyəti hər gün işıqlandıran alman mediası harada idi?”
Yazıda alman elitası nümayəndələrinin humanizminin selektiv olduğu iddia edilir: “Suallar çoxdur və cavablar yoxdur. Amma indi Qəzza zolağındakı vəziyyətdən narahat olan almanların susması fonunda 2023-cü ilin sentyabrı bütün dünya erməniləri üçün təqvimdə qara günlərə çevrildi”.
Müəllif həyasızcasına iddia edib ki, Azərbaycan “Artsaxa qarşı cəza tədbiri” həyata keçirib, onun “siyasi və fiziki strukturunu” məhv edbi. Guya, ermənilər kütləvi şəkildə evlərini tərk etmək məcburiyyətində qalıblar. Jurnalist bunu digər haylar və haypərəstlər kimi, “etnik təmizləmə” adlandırıb. Beynəlxalq təşkilatların, hüquq müdafiəçiləri və jurnalistlərin indi bu barədə çox gec və çox sakit danışırdıqlarını qeyd edib.
Berlinin sükut nümayiş etdirdiyini vurğulayan Akopcanyan Almaniyanın Azərbaycanın hərəkətlərini pisləmədiyindən, hətta onunla əməkdaşlığı davam etdirməsindən qəzəbini bu sözlərlə ifadə edib: “Ticarət, enerji sazişləri, siyasi səfərlər. Bakıdan gələn təbii qazın insan həyatından qiymətli olduğu ortaya çıxdı. Bu gün Qəzza mövzusunda tələblər irəli sürən eyni adamlar Azərbaycanın az qala eyni hərəkətlərinə (?) göz yumdular”.
***
Yazı bütövlükdə bu cür qərəzli, yalan məlumatlarla doludur. Onu təkcə bir jurnalistin şəxsi yanaşması kimi deyil, həm də Ermənistanın klassik təbliğat üslubunun növbəti nümunəsi kimi qiymətləndirmək mümkündür. Müəllif Almaniyada bir qrup mədəniyyət və ictimaiyyət nümayəndəsinin İsrailə silah ixracına qarşı çıxış etməsini əsas götürərək diqqəti yenidən 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirmək məcburiyyətində qaldığı antiterror əməliyyatına yönəltməyə cəhd edir. Hər zamankı kimi, mövzuya kənardan yanaşan oxucuda elə təəssürat yaradılmasına çalışılır ki, guya, həmin vaxt Qarabağda həqiqətən də “etnik təmizləmə” həyata keçirilib. Halbuki bu yanaşmanın heç bir əsası yoxdur. Çünki ölkəmizin Qarabağda keçirdiyi birgünlük antiterror tədbiri heç bir beynəlxalq sərhədi aşmayıb, ölkənin suveren ərazisində “boz zona”nın aradan qaldırılması məqsədilə həyata keçirilib. Digər məqsəd separatçı silahlı birləşmələrin zərərsizləşdirilməsi olub. Bunu görməmək, yaxud görmək istəməmək ya qərəzdən, ya da obyektivlikdən uzaq mövqedə olmaqdan irəli gəlir.
Müəllifin iddialarından biri də bundan ibarətdir ki, guya, Qarabağdakı erməni əhalisi blokada şəraitində saxlanılıb, aclıq və dərmansızlıqla üzləşib, nəticədə isə “etnik təmizləmə” aparılıb. Bu, artıq neçə dəfə təkzib olunmuş və beynəlxalq ekspertlərin səfərləri ilə təsdiqlənmiş yalandır. Həmin dövrdə Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin rezident ofisləri bölgəyə dəfələrlə daxil olub, Azərbaycanın həmin vaxt bölgədə olan Rusiya sülhməramlıları vasitəsilə humanitar yardım təklif etdiyi, Laçın yolu ilə paralel Ağdam istiqamətindən yük daşınmasına icazə verildiyi sənədlərlə sübut edilib. Bu baxımdan “blokada” və “mühasirə” kimi məfhumlar, sadəcə, hisslərə toxunmağa, emosiya oyatmağa və reallığı pərdələməyə xidmət edir. Ermənilərin könüllü şəkildə bölgəni tərk etməsi isə Azərbaycanın hansısa təzyiqi ilə deyil, Qarabağdakı keçmiş separatçı xunta rejiminin, Ermənistan mediasının və diasporunun qəsdən yaydığı təşvişedici informasiya fonunda baş verib.
Digər tərəfdən, alman ziyalıların Fələstinə mövqeyini Qarabağla eyniləşdirmək cəhdinin özü absurd və qeyri-ciddidir. Ermənistan Azərbaycana qarşı 30 ilə yaxın işğalçılıq siyasəti yürütmüş, nəinki beynəlxalq hüquqa, hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrinə belə məhəl qoymamış bir ölkədir. Bu baxımdan, “Artsax”a görə, guya, susulması, amma Qəzzaya görə danışılması kimi suallar, əslində, əsassız və absurddur.
Məqalədə diqqət çəkən digər məqam odur ki, müəllif Azərbaycanı “Artsaxın siyasi və fiziki struktur”larını məhv etməkdə ittiham edir. Guya, bu qondarma struktur sülhpərvər, demokratik və legitim bir qurum olub. Halbuki “Artsax” deyilən qondarma separatçı rejim 1991-ci ildən bəri nə beynəlxalq aləmdə tanınıb, nə də hüquqi əsaslara malik olub. Özünü “dövlət” adlandıran keçmiş qondarma rejim, onun “strukturları” qeyri-qanuni silahlı dəstələrin siyasi örtüyü olub. Antiterror əməliyyatı həm də bu psevdoqurumların iflic edilməsi üçün həyata keçirilib. Əgər bu, “strukturun məhvi”dirsə, onda bu, beynəlxalq hüquqa tam uyğun bir məhvdir.
Sonda müəllifin qaldırdığı “niyə o vaxt alman mədəniyyət xadimləri səslərini çıxarmadılar” sualı açıq qalır. Əslində, cavab çox sadədir. Zənnimizcə, məqalə müəllifi də bu sualın cavabını bilməmiş deyil. Məsələ ondadır ki, Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa uyğun, legitim və zəruri idi. Qarabağda aparılan tədbirlər ölkənin suverenliyini təmin etməyə yönəlmişdi və heç bir formada etnik təmizləmə, işğalçılıq, kolonializm və ya irqi ayrı-seçkilik siyasəti deyildi. Əgər bu gerçəklik beynəlxalq ictimaiyyətin susqunluğuna səbəb olubsa, deməli, Azərbaycan doğru olanı edib və dünya bunu qəbul edib. Reallıq ondan ibarətdir ki, Azərbaycan yalnız suveren hüquqlarını bərpa edib və beynəlxalq hüquq normalarına əsaslanıb.
Erməni jurnalistin rəsmi Berlini hədəfə alan bu fikirləri hay təbliğatının ikiüzlülüyünü və siyasi məqsədlərə xidmət etdiyini bir daha göstərir. Azərbaycanın suveren ərazisində apardığı antiterror əməliyyatını Yaxın Şərqdə 70 ildən çox davam edən qanlı hadisələrlə eyniləşdirmək təkcə reallıqdan uzaqlaşmaq deyil, həm də məqsədli təhrifdir. Almaniya Azərbaycana qarşı niyə sərt çıxış etməlidir? Azərbaycanın BMT-nin tanıdığı ərazisində separatizmi ləğv etməsinə, beynəlxalq hüquqa uyğun addım atmasına görə? Almaniyanın bununla bağlı qınanması, əslində, Berlinin ədalətli mövqeyinə qarşı əsassız hücumdur.
Bu cür təbliğat yazılarının əsas məqsədi aydındır: beynəlxalq aləmdə baş verən istənilən humanitar hadisəyə “Artsax prizması”ndan yanaşmaq və bütün diqqəti yenidən “əzabkeş erməni qurbanlıq mifinə” yönəltmək. Ancaq daha bu taktika da tükənib. Dünya ədalət tərəzisində daha ədalətli və realist seçim etməyə başlayıb. Ermənistan və onun informasiya platformaları isə hələ də keçmiş miflərlə yaşamaqda israrlıdır.
Səxavət HƏMİD
XQ