Dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçılarından birinə çevrilmiş Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngindir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərimizin günəş və külək enerjisi potensialı olduqca yüksək qiymətləndirilir. Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazidə 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Elə xarici investorların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl” sərvətinə marağın getdikcə artması da bundan qaynaqlanır. Ötən müddətdə bu sahədə xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı müəyyən addımlar da atılıb.
Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Artıq sürətli quruculuq meydanına çevrilmiş bu ərazilərin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində də konkret tədbirlər həyata keçirilir, xarici tərəfdaşlarla sazişlər imzalanır, yeni layihələr işlənib hazırlanır. Dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli sərəncamına uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edib. Sözügedən sənədə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” texnologiyaların və enerji səmərəliliyin tətbiqi ilə yanaşı, bir çox ümumi enerji infrastrukturuna və sahənin inkişafına müsbət təsir edəcək tədbirlər nəzərdə tutulub. Bütövlükdə isə, hökumətin bununula bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak olunan elektrik enerjisi yalnız bərpaolunan enerji mənbələrindən alınacaq.
Eyni zamanda tədbirlər planındakı öhdəliklər, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl” texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə işçi qrup yaradılıb. İşçi Qrupun iclasında qəbul edilmiş qərara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə aidiyyəti qurum üzvlərinin iştirakı ilə monitorinqlər həyata keçirilir. Monitorinqlərin nəticələri, eləcə də görülmüş və icrası nəzərdə tutulan işlər qurumun iclaslarında mütəmadi müzakirə olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji mənbələri ilə zəngin olduğunu vurğulayan şöbə müdirinin sözlərinə görə, bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe həmin potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. “İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7200 meqavatdan çox günəş və 2 min meqavatadək külək enerjisi üzrə potensial mövcuddur”, – deyə o əlavə edib. C. Əliyev deyib ki, günəş enerjisi potensialı Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində cəmləşsə də, dağlıq rayonlar olan Laçın və Kəlbəcər rayonları isə daha çox külək enerjisi ilə zəngindir.
Qurum rəsmisi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sənaye miqyaslı layihələrlə bağlı da məlumat verib. O deyib ki, Böyük Britaniyanın BP şirkəti ilə imzalanmış İcra Müqaviləsinə əsasən Cəbrayıl rayonu ərazisində 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin tikintisi üzrə işlər davam etdirilir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının tikintisinə dair “China Gezhouba Group Overseas Investment” və “Nobel Energy” şirkətləri ilə də müqavilələr imzalanıb.
“Hazırda “yaşıl enerji zonası”nın yaradılması çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında “yaşıl enerji” qurğularının (xüsusən də günəş panellərinin) quraşdırılması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi “yaşıl” texnologiyaların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”, – deyə şöbə müdiri əlavə edib.
M. YAQUBZADƏ
XQ