“Yaşıl dünya” qara buludları dünyamızdan qovacaq

post-img

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfran­sının 29-cu sessiyasına Azərbayca­nın evsahibliyi etməsi cəmiyyətdə ”yaşıl düşüncə”nin formalaşmasına, vətəndaşlarımızı ”yaşıl həyat” tərzi keçirməyə sövq edəcək, prioritet hədəf olan ”yaşıl inkişaf” üçün yeni səhifə açacaq.

Qlobal istiləşmə və iqlim dəyişikli­yi dünyamızın üzləşdiyi təhlükələrdən biridir və inkişaf səviyyəsindən asılı ol­mayaraq heç bir ölkə iqlim dəyişikliyinin təsirindən sığortalanmayıb. İstixana qazı emissiyalarının artması, qalıq yanacaq­ların yandırılması və meşələrin qırılması bu problemləri yaradan başlıca amillər sırasındadır. Temperaturun artması, buz­laqların əriməsi və dəniz səviyyəsinin yük­səlməsi kimi hadisələr hər kəsin diqqətini çəkir. Bunun nəticəsi kimi qasırğalar, qu­raqlıqlar və daşqınlar kimi ekstremal hava hadisələri də tez-tez baş verir. 

İqlim dəyişikliyi insan sağlamlığına təsir edərək insanlarda qan-damar, tənəf­füs problemlərinin yaranmasına, onkoloji xəstəliklərin, anadangəlmə patologiyala­rın çoxalmasına səbəb olur. Bundan əlavə temperaturun yüksəlməsi bir çox bitki və heyvan növlərini təhdid altında saxlayır. Bu, biomüxtəlifliyin itirilməsini və ekosis­temlərin tarazlığının pozulmasını şərtlən­dirir. 

İqlim dəyişikliyi ilə mübarizə üçün ən effektiv yollardan biri qalıq yanacaqlardan günəş, külək və su enerjisi kimi bərpaolu­nan enerji mənbələrinə keçiddir. Bu, istixa­na qazı emissiyalarını azaltmağa və daha dayanıqlı enerji sistemi yaratmağa kömək edir. Meşələrin, bataqlıq ərazilərin və di­gər ekosistemlərin mühafizəsi və bərpası atmosferdən karbon qazının udulmasına və biomüxtəlifliyin qorunmasına müsbət təsir göstərir. Davamlı monitorinq aparıl­ması və proqnozlarının verilməsi, uyğun strategiyalarının işlənib hazırlanması, ekstremal hava hadisələri üçün erkən xə­bərdarlıq sistemlərinin təkmilləşdirilməsi iqlim dəyişikliyinin təsirlərini uğurla idarə etmək imkanı yaradır. 

Biomüxtəlifliyin azalması planetimizin üzləşdiyi ən kritik problemlərdən biridir. Meşələrin qırılması, təbii ərazilərin məhv edilməsi və insan fəaliyyətinin nəticələ­ri kimi digər təsirlər də bitki və heyvan növlərinin sayının həyəcanverici sürət­də azalmasına səbəb olur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının 2023-cü ilin statistik məlumatlarına əsaslanaraq 150 mindən çox növ qlobal “Qırmızı Kitab”a daxil edilib. Qlobal səviyyədə 993 növ, ümumiyyətlə, yoxa çıxıb, 9 mindən çox növ isə təəssüf ki, məhvolma təhlükəsi ilə üz-üzə qalıb. Yeri gəlmişkən, “Qırmızı Ki­tab”ın hər üç nəşrində verilən təhlilə görə, ümumilikdə, Azərbaycanda nadir növlərin sayı 1989-cu ildə 248, 2013-cü ildə 523, 2023-cü ildə 701 növdür, 58 növ isə “çəh­rayı siyahı”ya daxil edilib. 

Azərbaycan dövləti təbiət ərazilərinin mühafizəsində müstəsna ekoloji siyasət yürüdür və regional təbii tarazlığın mü­hafizəsində qlobal əhəmiyyət daşıyır. 2003-cü ilə qədər Milli Parkı belə olma­yan respublikanın bu gün 10 milli parkı var. Bundan əlavə, 10 dövlət təbiət qo­ruğu və 24 dövlət təbiət yasaqlığı xüsusi ekosistemlərin və növlərin qorunmasında əhəmiyyətli rol oynayır. 

Yaxın illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin və kiçik rezervatların sayının artırılması qaçılmaz olacaq. Ona görə də nadir və nəsli kəsilmək təhlükə­si olan flora və faunanın bəzi növlərinin reintroduksiyasının həyata keçirilməsi la­yihələrinin hazırlanıb həyata keçirilməsi problemin həllində yumşaldıcı effekt kimi çıxış edə bilər. 

Planetimizdə növlərin ən çox nadir növ kateqoriyasına düşdüyü əsas təbiət əraziləri meşələrdir. Təbii fəlakətlər, xü­susilə insan fəaliyyətinin nəticəsində baş verən meşə yanğınları bütün ekosistemin pozulmasına səbəb olur. Həmin meşələ­rin yenidən bərpası uzun illər tələb edir. Yanğından sonra meşənin biokütlə olaraq azalması davamlı ekosistem zəncirinə tə­siri ilə bərabər, karbon çirklənməsini, elə­cə də istiləşməni artırır. 

Azərbaycanda uzunmüddətli şiddətli yanğınlar baş verməsə də, son illər sta­tistikada artım müşahidə edilir. Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarına əsasən, 2012–2022-ci illərdə, ümumi­likdə, yanğın çağırışlarından 102 min 622-si bitki resurslarını (meşə, kol, otlaq, kənd təsərrüfatı və s.) əhatə edir ki, bu hadisələr nəticəsində son 10 ildə 262 min 696 hektar ərazidə bitki resursları yanıb. Bitki əsaslı yanğın hadisələrinə statistik nəzər salsaq, yanğınların 261-i meşələr­də (2924 hektar), 91 min 980-i kol-kosda (172 min hektar), 554-ü taxıl sahələrində (4915 hektar), 9827-si isə biçilmiş taxıl sahələrində (83 min 848 hektar) baş verib. Maraqlıdır ki, hər il ümumi yanğın çağırış­larının təqribən 60 faizi bitki resurslarına aiddir. “Azərkosmos”un monitorinq mə­lumatına görə, təkcə 2022-ci ilin avqust ayında ölkə üzrə 19 yanğın hadisəsi baş verib və 5311 hektar yanan ərazinin 32 fa­izini meşə sahələri təşkil edib.

Azərbaycan qanunvericiliyinə əsasən, meşənin yandırılmasına və ağacların kə­silməsinə görə səbəbkar məsuliyyət da­şıyır və məhv edilmiş ağacların oduncaq həcmi və onun öncədən təyin olunmuş qiyməti qədər cərimə ödəyir. Kəsilmiş ağa­cın nəticəsində ekosistemə dəyən ekoloji zərər də dəyərləndirilməlidir. Bu zaman bitkinin karbon saxlama, digər canlıların varlığına təsiri, torpagın eroziyası və s. kimi dəyərlər dövlət tərəfindən qiymət­ləndirilməlidir. Bir çox ölkələrdə təbii eh­tiyatların topladığı və saxladığı karbon dəyərinin ödəniş mexanizmi tətbiq edilir.

Sənayenin inkişafı nəticəsində havada karbon qazı (CO2) şəklində artan karbon emissiyaları iqlim dəyişikliyi, o cümlədən qlobal istiləşmə ilə nəticələnir. İqlim Dəyi­şikliyi üzrə Dövlətlərarası Panelin təqdim etdiyi məlumata görə, 2019-cu ildə qlobal karbon dioksid (CO2) emissiyaları rekord həddə (36,4 milyard ton/kvadratmetr) çatıb. CO2 emissiyalarında mövcud ten­densiyalar əsrin sonuna qədər qlobal tem­peraturun 4,4°C-ə qədər yüksəlməsinə səbəb ola bilər. 

Torpağın deqradasiyası, o cümlədən eroziyası, torpağın münbitliyinin azalması, əkin sahələrinin itirilməsi, qida məhsulları­nın çiklənməsi, qida maddələrinin tükən­məsi qlobal ərzaq təhlükəsizliyini, ümumi­likdə, ekosistemin sabitliyini təhdid edən narahatlıqdır. Azərbaycanın 2024-cü ildə dərc olunan Milli Ekosistem Qiymətləndi­rilməsi sənədinə görə, ölkə torpaqlarının təxmini 42 faizi eroziya, 7 faizi isə şoran­laşmanın mənfi təsirinə məruz qalıb və kənd təsərrüfatı üçün yararsızdır, bundan 14 min hektar ərazi isə neftlə çirklənib. 

Hazırda yaranmış qlobal ekoloji prob­lemlərin intensiv həllinə və daha davamlı həyat tərzinə keçidə təcili ehtiyac oldu­ğunu daha çox dərk edirik. Bu keçidin mərkəzində təbii ehtiyatların davamlı şə­kildə idarə olunması və sosial rifahın yük­səldilməsini təmin etməklə yanaşı, iqtisadi artımı şərtləndirən “yaşıl iqtisadiyyat” kon­sepsiyası dayanır. Yalnız “yaşıl iqtisadiy­yat”a keçidlə dünyada yeni iş imkanları yaradıla, əhalinin sağlamlığı yaxşılaşdırıla və ekoloji çağırışlara qarşı davamlılıq arta bilər. 

Afət MƏMMƏDOVA,
Bakı Dövlət Universiteti biologiya fakültəsinin dekanı, professor

İqtisadiyyat