Bu il Azərbaycanda ümumi gücü 1300 meqavat olan 5 günəş-külək stansiyasının inşasına başlanacaq. Bunu energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi” çərçivəsində “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda keçirilən sessiyadakı çıxışı zamanı bildirib.
Nazir Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilən Azərbaycanın hazırda “yaşıl enerji”yə keçidi sürətləndirən təşəbbüslərə liderlik etdiyini, “Qlobal Metan Vədi”nə qoşulmaqla və “Enerji Effektivliyi Fondu”nu yaratmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək verdiyini qeyd edib. Bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə 28 qiqavat gücündə “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq etdiyi, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 33 faizə yüksəldəcək 2 qiqavatlıq “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyasını həyata keçirdiyi bildirilib.
İlkin mərhələdə 5 qiqavat “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan–Mərkəzi Asiya–Avropa” “yaşıl enerji” dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atıldığını diqqətə çatdıran Pərviz Şahbazov deyib ki, Azərbaycanın bərpaolunan enerjinin inkişafına BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” ilə bərabər, postmünaqişə quruculuğu kontekstində yanaşması azad edilmiş ərazilərimizdə “yaşıl enerji zona”larının yaradılmasına da təkan verib.
XQ