Azərbaycan qlobal hədəflər çevrəsində

post-img

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Naxçıvan Muxtar Respublikası əlverişli günəş radiasiyasına və yüksək bərpaolunan enerji potensialına malikdir. Qədim diyarda ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Tədbirlər Planına əsasən, burada “Yaşıl enerji zonası”nın yaradılması nəzərdə tutulur, eyni zamanda külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına işə salınması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixrac olunması qarşıda əsas vəzifə kimi qoyulur. 

Mütəxəssislər bildirirlər ki, hazır­da Fransanın “TotalEnergies” şirkə­ti ilə 250 MVt gücündə və “Nobel Energy” şirkəti ilə 400 MVt gücündə günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisi­nin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edilir. Eyni zamanda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “A-Z Czech Engineering” MMC ara­sında imzalanan bərpaolunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respub­likasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikinti­si, eləcə də elektrik enerjisinin Tür­kiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Me­morandumu çərçivəsində müəyyən layihələr həyata keçirilir.

Energetika Nazirliyi yanında Bər­pa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbə­sinin müdiri Fəqan Abdurəhmano­vun sözlərinə görə, hazırda “yaşıl enerji” mənbələri üzrə yüksək po­tensiala malik olan Azərbaycanda bu ehtiyatdan istifadə istiqamətində mühüm tədbirlər reallaşdırılır. 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanını “ACWA Power”, Böyük Britaniyanın BP, Avstraliyanın “Fortescue Future Industries”, Çinin “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, ABŞ-ın “Nobel Energy”, Çex Pespublikasının “A-Z Czech Engineering” və Türkiyənin “Balte­ch” şirkətləri ilə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlıq uğurla davam etdirilir. 

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi­nin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikli­yi və onunla mübarizə istiqamətində layihələrin gerçəkləşdirilməsi, eləcə də ölkəmizdə “yaşıl enerji” məkanı prinsiplərinə əsaslanan bərpaolu­nan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Ölkə başçısının müva­fiq sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsə­dilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Energeti­ka Nazirliyi tərəfindən 2030-cu ilə qədər respublikanın ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çat­dırılması isə əsas hədəf kimi müəy­yənləşdirilib. 

F. Abdurəhmanov qeyd edib ki, 2023-cü ildə bərpaolunan ener­ji sahəsində ən əlamətdar hadisə oktyabrın 26-da “Masdar” şirkəti tərəfindən inşa olunmuş 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansi­yasının (GES) istismara verilməsi olub. Bu GES Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Bundan əlavə “Masdar” şirkəti tərəfindən Neftçala­nın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda 445 MVt-lıq günəş elekt­rik stansiyaları və Abşeron–Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyası layihələrinin icrası ilə bağlı işlər davam etdirilir ki, bu da 1 QVt gücündə bərpaolunan enerji mənbəyinin istismara verilmə­si deməkdir.

Mütəxəssislər tərəfindən Azər­baycanın dənizdə külək enerjisi üzrə də yüksək potensiala malik olması qeyd edilir. Xəzər dənizinin respub­likamıza məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyevin “Azərbay­can Respublikasının energetika sek­torunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamı ilə verilmiş tapşırıqların icrasının reallaşdırılması məqsədilə ölkəmizdə bərpaolunan enerji sahə­sində yeni istehsal güclərinin yara­dılması və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamə­tində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasi­yası ilə hazırlanan “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi” də sözügedən sahənin inkişafı baxımından əhəmiy­yətli sənəd kimi dəyərləndirilir. 

Xatırladaq ki, dənizdə külək enerjisi potensialından istifadə çər­çivəsində “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gü­cündə, daha sonra isə 6 QVt gücün­də günəş və külək enerjisi layihələ­rinin həyata keçirilməsi ilə bağlı razılaşma əldə olunub. Əlavə olaraq “Fortescue Future Industries” şirkəti ilə imzalanmış Azərbaycanda bərpa­olunan enerji layihələri və “yaşıl hid­rogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsində ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutu­lub. 

V.BAYRAMOV
XQ

İqtisadiyyat