Dünən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə BP arasında icmalarda su təchizatı ilə əlaqədar vəziyyəti yaxşılaşdırmağa kömək edəcək potensial su layihələrinin müəyyən edilməsi, seçilməsi və həyata keçirilməsi istiqamətində birgə işləmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə “XQ”-yə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Bildirilib ki, icmalarda su təchizatı ilə əlaqədar vəziyyəti yaxşılaşdırmağı nəzərdə tutan əməkdaşlıq çərçivəsində ilkin olaraq üç potensial layihənin reallaşdırılması nəzərdə tutulur. Göyçay rayonunda yeni su təchizatı sisteminin yaradılması ilə bağlı birinci layihədə məqsəd sel sularının toplanması, çökdürülməsi və təmizlənməsindən ibarətdir. Layihə çərçivəsində təmizlənmiş sudan torpaqların suvarılması üçün istifadə ediləcək. Yeni su təchizatı sisteminin ildə 500 min kubmetrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur. Bu isə rayon ərazisində 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.
İkinci layihə Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin – kəhrizin bərpa edilməsi məqsədini daşıyır. Bərpa edildikdən sonra bu iki kəhrizdən il ərzində 2,5 milyon kubmetrə qədər şirin su əldə ediləcək. Bu da öz növbəsində 15 min nəfərə yaxın icma üzvünün məişət istehlakı və torpaqların suvarılması ilə əlaqədar ehtiyaclarını təmin etməyə imkan yaradacaq.
Digər bir layihə isə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarını əhatə edəcək. Layihə çərçivəsində adı çəkilən rayonlarda içməli su, suvarma və sanitariya təyinatlı 25 su sistemi yaradılacaq. Bundan da 20-yə yaxın kəndin 25 min nəfər sakini faydalanacaq.
İmzalanma mərasimində ADSEA sədrinin müşaviri Əsəd Şirinov deyib ki, ölkəmizdə həyata keçirilən “yaşıl” siyasətin əsas hədəflərindən biri də dayanıqlı su ehtiyatlarının formalaşdırılması və sudan səmərəli istifadənin təmin edilməsidir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırda bu sahədə genişmiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıran qurum rəsmisi bildirib ki, Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilir. Onun sözlərinə görə, ekosistemin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın “yaşıl” gələcəyə doğru addımlar atmasının göstəricisidir.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Şirin su çatışmazlığı problemi ilə üzləşən kənd icmalarına kömək etmək istiqamətində Dövlət Su Ehtiyatları Agentliyi ilə səylərimizi bir araya gətirməkdən məmnunuq. Diqqətimizi xüsusilə kifayət qədər şirin suyun olmadığı və ya təhlükəsiz su təchizatı mənbələrinin əlçatan olmadığı ərazilərə yönəldəcəyik. Ümid edirik ki, əməkdaşlığımız və birgə layihələrimiz minlərlə insanın məişət, sağlamlıq və sanitariya, eləcə də kənd təsərrüfatı istehlakı üçün suya olan tələbatını təmin etməyə kömək edəcək”.
Xatırladaq ki, iki il müddətinə nəzərdə tutulmuş layihələrin ümumi dəyəri 2,6 milyon ABŞ dollarından artıqdır.
Yeri gəlmişkən, BP şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi ötən 32 il ərzində neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısı kimi çıxış edib. Şirkət bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirib. Ötən müdddətdə BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə, təxminən, 84 milyard dollar sərmayə yönəldib. Şirkət Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə sərmayə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyini götürüb.
Britaniya nəhənginin ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə onların həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa mühüm töhfələr verib. Belə ki, şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə, ümumilikdə, 110 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Qeyd edək ki, “BP-Azərbaycan” şirkətində təxminən 2353 yerli vətəndaş çalışır ki, bu da qurumun ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
Mirbağır YAQUBZADƏ
XQ