Mingəçevirdə şölə saçan söz ocağı

post-img

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist İsmayıl İmanzadə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açıb. İlk dəfə “İşıqlar” adlı şeiri rayon qəzetində, “Söyüd” adlı şeiri isə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Hazırda 30 kitabın müəlifidir. 

Füzuli və Cəbrayıl rayonlarında 19 il müəllim işləmiş, bir sıra məsul vəzifələr­də çalışmış İsmayıl İmanzadə 1993-cü ilin avqust ayına kimi rayonun yazarlarını bir araya gətirən “Ümid” Ədəbi Klubuna rəhbərlik edib. Məcburi köçkün kimi Min­gəçevirə gələndən sonra uzun illər bura­da nəşr olunan “Səda” və “Mingəçevir” qəzetlərində şöbə müdiri olub. Bəstə­karlar Şəfiqə Axundova, Nadir Əzimov və başqaları onun 50-yə yaxın şeirini mahnıya çeviriblər. Düz 25 ildir ki, AYB-nin Mingəçevir bölməsinə rəhbərlik edir. Onunla müsahibəni təqdim edirik:

– İsmayıl müəllim, bildiyimiz kimi, torpaqlarımız işğal olunanda Qara­bağda yaşayan yaradıcı ziyalıların bö­yük bir qismi Bakıya üz tutdu. Sizsə yenidən əyalətdə yaşamağa üstünlük verdiniz. Maraqlıdır, niyə məhz Mingə­çeviri seçdiniz?

– Tale belə gətirdi. Əslində, Bakıda çoxlu tanışlarım, yazar dostlarım vardı. 

Düşmən qəfil başımızın üstünü kəs­dirəndə, başqaları kimi, mən də Arazı keçib İrana, sonra isə Biləsuvar ərazi­sindəki qaçqın düşərgəsinə getdim. Bir neçə gündən sonra boş ciblə, köhnə əyin-başla Bakıda kimlərinsə himayəsinə sığınmağı özümə rəva bilmədim və heç bir tanışlığım olmayan Mingəçevirə ge­dəsi oldum. Beləcə, burada yaşayıb-ya­ratmağa başladım. Şükürlər olsun ki, öz zəhmətimlə ayaqda qalmağı bacardım və heç kimin qarşısında gözükölgəli ol­madım...

– Bəs, AYB-nin şəhərdəki bölməsi necə açıldı?

– Qəzetdə işləməyim məni şəhərin ədəbi aləmi ilə doğmalaşdırdı. Mingə­çevirdə Azərbaycan Yazıçılar Birliyinin yeganə üzvü idim. 1995-cı ildə pedaqoji universitetdə oxuyan tələbə qızıma baş çəkmək üçün Bakıya getmişdim. AYB-nin binasında “Ulduz” və “Azərbaycan” jurnallarına şeirlərimi təqdim etdim. İkinci mərtəbəyə enəndə Xalq şairi Fikrət Qoca ilə rastlaşdım. Onun iş otağında söhbət edərkən Mingəçevirdə AYB-nin bölməsi­nin açılmasını arzuladığımı dilə gətirdim. Onun təklifi ilə birlikdə Anar müəllimin yanına getdik. Təklifim bəyənildi, amma Mingəçevir Şəhər İcra Hakimiyyətinin ovaxtkı başçısı bu istəyin reallaşmasınamüəyyən maneələr törətsə də, on­dan sonra həmin vəzifəyə təyin olunan Məhəbbət Qarabağlı işimizə xeyir-dua verdi. AYB-yə lazımi müraciət göndərildi və bölmə üçün otaq ayrıldı, təmir edildi və fəaliyyətə başladıq. 

– Həmin vaxtdan artıq 25 il keçir. Əsrin dörddə-biri ərzində AYB-nin Mingəçevir bölməsi şəhərdə ədəbi aləmin formalaşması naminə hansı iş­ləri görüb? 

– Dəyərli alim dostum Rüstəm Kama­lın və tanınmış ictimai xadim, ədəbiyyat­şünas Ramiz Göyüşün mətbuatda dərc edilmiş yazılarında deyildiyi kimi, sovetlər birliyi dövründə rus dilinin hökm sürdüyü bir şəraitdə tədricən kosmopolitləşən bir şəhərin adını ölkəmizin “ədəbi xəritəsinə” yazdıra bilmişik. İllər uzunu Mingəçevir­də yaşasalar da, uzaqbaşı arabir imzala­rı yalnız yerli mətbuatda görünən qələm sahiblərinin əsərlərinin mərkəzi mətbuata “ayaq açmasına” bölmə yardımçı olub. 2001–2003-cü illərdə bölmənin nəşr et­dirdiyi “İnam” qəzeti, 2008–2020-ci illər aralığında isə işıq üzü görən “Bənövşə” (əvvəlki adı “Mingəçevir leysanı”) jurnalı da yazarlarımızın ölkə səviyyəsində ta­nınmasına böyük töhfələr verib. 

Bildirim ki, 2014–2022-ci illər aralı­ğında “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik”, “Ruhu­muzun yaz havası” adlı almanaxlarımız nəşrolunub və həmin topluların hər biri­nin həm Mingəçevirdə, həm də AYB-nin Natəvan klubunda təqdimat mərasimləri keçirilib. Ölkə Prezidentinin sərəncamla­rına əsasən, klassik və çağdaş Azərbay­can ədəbiyyatının görkəmli simalarının yubileyləri, çoxsaylı poeziya gecələri və kitab təqdimatları keçirilib. Ötən il ulu ön­dər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhər icra hakimiy­yətinin dəstəyi ilə 2 nominasiya üzrə şeir müsabiqəsi təşkil etmişik. 

– Bölmə üzvlərindən kimlərin adını çəkərdiniz?

– Ayrı-ayrı illərdə istedadlı yazarla­rımızdan Bəsti Bərdəli, Qaraş İsmayıl, Fəxrəddin Əziz, Məhyəddin Məhərrəm-oğlu, Zümrüd Rəhimova, Əhməd Sü­leymanov, Sabir Abdinli, Rafiq Ələkbər, Elşən Əzim, Nəsib Süleymanov, Zahid Kədər, Əbülfət Həsənoğlu, Səxavət Kəl­bəcərli, Elçin Məhərrəmli, Rəfael Dəmir-oğlu, Namiq Zaman... bizim təqdimatı­mızla AYB üzvlüyünə qəbul olunublar. Müntəzəm olaraq hər ayın 15-də və ayın sonuncu bazar günündə bölmənin tərki­bində fəaliyyət göstərən “Palitra” Ədəbi Klubunun məşğələləri keçirilir. Bölmə­nin fəal üzvlərindən Bəhman Gülövşə­li, Məmməd Mərzili, Mehman Rəsulov, Samir Zəngəzurlu, Namaz Manafov və başqalarının da adını qeyd etmək istər­dim. 

– İsmayıl müəllim, torpaqlarımız azad olunandan sonra Cəbrayıla, Böyük Mərcanlıya getmisinizmi? 

– Ötən il aprel ayında o ulu məkan­da olmuşuq. Tarixi Zəfərimizdən sonra yolların çəkilişi, rayon mərkəzinin və bir çox kəndlərin bərpası yönündə görülən önəmli işlər bizi qürurlandırıb. 30 illik yurd həsrətimizin sonunda keçirdiyimiz sevinc hissi qəriblikdə üzləşdiyimiz ağrı-acıları­mızın üstündən biryolluq xətt çəkmək gü­cündədir. Bu sevinci bizə bəxş eləyən Ali Baş Komandana, Milli Ordumuzun əsgər və zabitlərinə dönə-dönə minnətdarlığı­mızı bildiririk! Şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzulayırıq. 

– Yəqin ki, Cəbrayıla qayıdışın ön sıralarında olacaqsınız.

– O günü həsrətlə gözləyənlərdən biri də mənəm. İnşallah, Allahdan ömür möhlətim tükənməyibsə, qayıdıb yara­dıcılığımı doğma yurdumda davam et­dirəcək, rayonumuzun mədəni aləminin dirçəldilməsi naminə əlimdən gələni edə­cəyəm. Gün o gün olsun ki, növbəti mü­sahibəni “Xaq qəzti”nə orada – dünyaya göz açdığım Böyük Mərcanlıda verim! 

Müsahibəni qələmə aldı:
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Müsahibə