Cinayət və cəza

post-img

Sərlövhəyə baxıb, Dostoyevskinin romanından bəhs edəcəyimizi düşünməyin. Soyadı dilimizə “ləyaqət” kimi tərcümə olunan “dostoinstvo” sözündən yaranmış rus yazıçısından deyil, həmin keyfiyyətdən tamamilə xali olan sovet-rus ordusunun 34 il əvvəl Bakıda törətdiyi qanlı cinayətlərdən söz açırıq. Daha doğrusu, qanlı cinayəti törədib cəzasız qalacağına ümid edən imperiya qullarının öz zənnində yanılmasından.

Müstəqillik istəyən, erməni faşizminin yenidən əl-qol açmasından qəzəblənən Azərbaycanda “Qanlı yanvar” qırğınını törədərək azadlıq mücahidlərinin inadını qırmaqda qərarlı olan, bununla da bü­növrəsi laxlamış sovet imperiyasından qopmağa çalışan digər respublikalara göz ağardan Qorbaçov hakimiyyəti hər vəchlə tarixi cinayətini ört-basdır etməyə çalışsa da, alınmadı. Sadalayacağımız amillərin sayəsində dünya qaniçən sovet ordusunun misilsiz cinayətindən elə hə­min gün xəbər tutdu.

Bakıdan ilk harayı Xəzərin sularından hadisələrə şahidlik etmiş dənizçilərimiz qaldırdılar. “Xəzər Dəniz Neft donan­ması”nın 100-ə yaxın gəmisi yanvarın 20-də, günün 2-ci yarısı Bakı buxtasın­dan aramsız SOS həyəcan siqnalları verdi. Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik oke­anlarında üzən gəmiləri dənizçilərimizin səsinə səs verdilər. 

Azərbaycan televiziyasının enerji blo­ku bir gün öncə partladıldığına görə, Bakı studiyasının işi dayanmışdı. Amma Şuşa televiziyası bəd xəbəri bütün dünyaya car çəkə bildi. Lənkəran radio qovşağı da hadisələr zamanı susmadı. Faciəli anlar­da “Azadlıq” radiostansiyasından Mirzə Xəzərin səsi də Qorbaçovun informasiya blokadasını dağıtdı. Yazıçı Yusif Səməd-oğlu telefon bağlantısı ilə ona müsahi­bə verərək dedi ki, saat yarımdır qırğın başlanıb. Xalq şairi Bəxtiyar Vahabzadə isə həmin radiostansiyada SSRİ Ali So­vetinin Azərbaycandan olan deputatla­rının bəyanatını səsləndirdi ki, dünyaya yayılsın. 

Yanvarın 20-də AzTV-nin studiyası işləməsə də, baş rejissoru Vasif Baba­yevin rəhbərliyi ilə operatorlar Ələkbər Muradov, Seyidağa Mövsümov, Rəsul Babayev, İzzət Əzizov, Fikrət Qafarov, Adil Bunyadov və Zahid Bağırov Bakı küçələrində, xəstəxanalarda, morqlarda faciənin görüntülərini lentə aldılar. Onla­rın çəkdiyi kadrlar bu gün də bütün dünya ekranlarında göstərilir.

Bir gün sonra xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycanın Mos-kvadakı Daimi nümayəndəliyinə gələrək bu vəhşiliyi qətiyyətlə pisləməsi, onun törədilməsi səbəblərini açıqlayaraq, təş­kilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etməsi xüsusilə böyük cəsarət nümunəsi idi. Həmin bəyanat, heç şübhəsiz, informasiya qıtlığının ara­dan qaldırılması baxımından böyük bir jurnalistlər ordusunun görə biləcəyi işdən qat-qat artıq təsirli olmuşdu. 

Ünlü fotojurnalistlər – Parisdən Bakı­ya gəlmiş Reza Deqati, Rasim Sadıqov, Mirnaib Həsənoğlu, Hüseyn Hüseynza­də, Fərid Əşrəfoğlu öz maşınlarının için­dən, insan kütləsinin arasından, bir söz­lə, mümkün olan hər yerdən həmin anları əbədiləşdirə bildilər.

Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdə ikən mərhum həmkarımız Məzahir Süleymanzadənin baş redaktoru olduğu “Səhər” qəzeti 2 milyon tirajla nəşr olundu və bütün ölkəyə yayıldı, müxtəlif vasitələrlə xarici kütləvi informasiya vasitələrinə göndərildi. Qə­zetin növbəti nömrəsində isə Səhiyyə nazirliyinə istinadla 20 Yanvar şəhidləri­nin siyahısı ilk dəfə dərc edildi. Kinostudi­yanın fədakar operatorları Nizami Abbas, Köçəri Məmmədov, Rəfael Salamzadə, Bağır Rəfiyev, Zaur Məhərrəmov və Ni­zami Abbas həmin gecə həyatlarını təh­lükəyə ataraq, qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürüb, gizli çəkiliş­lər edərək, Ramiz Fətəliyevin rəhbərliyi ilə qısa müddətdə sənədli filmlər hazır­layıblar. 

Yeri gəlmişkən, fədakar həmkarla­rımızın hünəri dünya mətbuatının ha­disələri dərhal yaymasına vəsilə olub. Türkiyənin “Cümhuriyyət” qəzeti həmin materialları əsas gətirərək yazırdı ki, 7 milyonluq (o zaman sayımız bu qədər idi) Azərbaycan xalqı sonadək mübarizə aparacaq. Britaniyanın nüfuzlu “The Gu­ardian” qəzeti xəbərləri “Bakı küçələri uğrunda savaş”, “Bakını itaətsizlik ruhu bürüyüb” başlıqları ilə dərc edib. Bir­ləşmiş Krallığın “The Times” qəzetində “Gözü yaşlı Bakı izdihamı Sovet qoşun­larına qarşı müqavimət göstərir” başlıqlı yazı dərc edib. “The Independent”dəki yazı isə “Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşırlar” adlanırdı.

Bəli, qanlı şənbə günü şəhidliyi gözə alaraq, qorxmadan haqq mücadiləsinə qatılan dənizçilərimiz, şair və yazıçıları­mız, jurnalistlərimiz, kino və teleopera­torlarımız həm informasiya blokadasını yarıblar, həm də tarixin salnaməsini ya­radıblar. 

Cinayəti törədənlərin isə cəzası o oldu ki, sovet ordusuna inam çat verdi, sarsıldı, imperiyanın çöküşü sürətləndi, Azərbaycan müstəqilliyinə qovuşdu.

Həmin günlər Vətən naminə fədakar­lıq göstərənlərin hamısına minnətdarlıq duyğuları ilə:

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət