Heydər Əliyevin Qafqaz xalqları arasında da çox böyük nüfuzu var idi

post-img

Görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovla müsahibə. 

(əvvəli qəzetimizin 14 noyabr 2023-cü il tarixli sayında)

– Elə bilirəm, sələflərindən fərqli olaraq, Ulu öndərin Qafqaz siyasəti, xüsusilə şimal qonşumuzla, onun böyük ərazi vahidləri ilə münasibətlərə yeni, sıx və isti bir yanaşma nümayiş etdirməsi yəqin ki, daha vacib hədəflərə hesablanmışdı. Bu barədə nə deyə bilərsiniz?

– Ermənistanın işğalçı hücumlarının davam etməsinin, bir neçə rayonumuzu zəbt etməsinin fonunda, təbii ki, şimal cinahımızı etibarlı qorumaq üçün yeganə vasitə uğurlu siyasət və diplomatik gedişlər ola bilərdi. Axı, bizim nə mükəmməl və müasir silahlı qüvvələrimiz, nə yetərincə güclü sərhəd xidmətimiz, nə də ölkəni tam idarə etmək iqtidarında olan dövlətimiz var idi. Bütün bunlar Heydər Əliyev hakimiyyətə qayıdandan sonra təməldən başlayaraq qurulurdu. Həm də Ermənistanla müharibə apardığımız, daxildə çəkişmələrin davam etdiyi bir şəraitdə. 

Həmin illərdə mən Heydər Əliyevin tapşırığı ilə demək olar hər ay Dağıstanda olurdum. Dağıstan Respublikasının milli siyasət naziri Məhəmmədsaleh Qusayev bir gün ora gedəndə mənə dedi: “Siz bura gələndə mənə deyirlər Hidayət Orucov görəsən yenə niyə gəlib bura? Sizin bir filminiz var e, almanlar deyir Mixaylo şəhərdədir, eynən onun kimi”. Eyni sözləri Gürcüstan Prezidenti Eduard Şevardnadzenin milli məsələlər üzrə köməkçisi də mənə deyirdi. 

Ulu öndər Dağıstanda keçirilən mədəni tədbirlərə çox böyük diqqət yetirirdi. Xüsusilə orada Azərbaycanla bağlı tədbirlərin keçirilməsinə. Məsələn, Dağıstanda Şeyx Şamilin 200 illik yubileyi keçiriləndə Heydər Əliyev öz adından ora məktub ünvanladı və gedib həmin zirvə tədbirində iştirak edib həmin məktubu oxudum. Bu, respublika ictimaiyyətinə çox xoş təsir bağışladı. Sonra Bakıda Opera və Balet Teatrında Şeyx Şamilin təntənəli yubileyi keçirildi. Həmin illərdə Dağıstan Parlamentinin sədri, sonralar Dağıstanın prezidenti olan Muxu Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti gəlib həmin tədbirdə iştirak etdilər. Dağıstanın Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovun Azərbaycana səfəri təşkil edildi. Bakıda Dağıstan mədəniyyəti günləri keçirildi. 

Heydər Əliyev təkcə Dağıstanda deyil, bütün Qafqaz regionunda çox böyük və faydalı işlər görürdü. Onun Qafqaz siyasəti ayrıca bir tədqiqat mövzusudur. Bu regionda Ulu öndərin sözünün ağır çəkisi vardı. Qısqanclıq, paxıllıq azarından qurtara bilməyən ermənilər istisna olmaqla bütün Qafqaz xalqları arasında Heydər Əliyev çox böyük nüfuza malik idi. Bu ondan irəli gəlirdi ki, Ulu öndər bu xalqların milli dəyərlərini yüksək qiymətləndirirdi.

Yəqin bilirsiniz ki, Şeyx Şamilin İmaməti Çeçenistanın Vedeno yaşayış məntəqəsində olub. O zaman orada da Şeyx Şamilin yubileyini keçirirdilər. Həmin ərazi isə Çeçenistan hökumətinə müxalifətdə olan Şamil Basayev və onun silahlılarının nəzarətində idi. Bizi də dəvət etmişdilər. Ulu öndər mənə sual verdi ki, “necə bilirsən, getmək lazımdırmı ora?” Dedim: “Cənab prezident, getməyin hər halda müsbət təsiri olar”. Dedi: “Onda get, amma ehtiyatlı ol”.

Həmin illərdə o ərazilərə yola çıxmaq həqiqətən çox təhlükəli idi. Yola düşdüm. Axşam Dərbəndə çatdım və elə burada Qusayev bildi ki, mən Vedenoya gedirəm, qəti etiraz etdi və bildirdi ki, yollar çox qorxuludur. Səid Qurbanov məni qonaq evində qalmağa qoymadı, öz evinə apardı. Sonra Məhəmmədəli Məhəmmədov mənə zəng elədi ki, “ora getmə, yollar təhlükəlidir, vəziyyət çox çətindir”. Onu sakitləşdirdim. Hətta Seyid Camaloğlu mənə: “Əgər sizə Vedenoya tədbirə getməməyi Heydər Əliyevə məruzə etmək çətindirsə, mən telefon açım deyim”. Dedim: “Yox, mən getməliyəm”. Çünki getmək vacib idi və bu bizim milli xarakterimizi nümayiş etdirəcək bir addım idi. 

Səhəri gün yola çıxdım, Çeçenistan sərhəddində çeçen hökumətinin nümayəndələri məni qarşıladılar. Tədbir açıq havada idi. Orada, həqiqətən, nə desən baş verə bilərdi. Bəlkə 10 min insan toplaşmışdı. Mən tədbirdə çıxış etdim və Heydər Əliyevin təbriklərini, xoş sözlərini çatdırdım. Çox yaxşı qarşıladılar. O zaman Çeçenistanın prezidenti Məshədov mənə dedi: “Biz sizi Qroznıda gözləyirdik. Amma siz birbaşa bura gəlmisiniz”. Sonra məni Qroznıya dəvət etdi. Təhlükəsizlik məsələlərilə bağlı olduğu üçün mən Qroznıya gedə bilməzdim. Çünki hər dəqiqə nə desən, baş verə bilərdi...

...Qayıdanbaş Dağıstanla sərhəddə çatanda sərhədçilər dedilər ki, Məhəmmədəli Məhəmmədovun köməkçisi və Dağıstan Dövlət Şurasının üzvü Səid Qurbanov iki dəfə zəng edib mənim Vedenodan qayıdıb-qayıtmadığımla maraqlanıblar... 

Bilirsiniz, belə tədbirlərdə məqsəd təkcə Dağıstanla deyil, Çeçenistanla da münasibətləri yaxşılaşdırmaq idi və ­Heydər Əliyevin uzaqgörən diplomatik gedişləri ilə buna da nail olduq. İnquşetiya ilə də sıx münasibətlər və əlaqələr qura bildik. Mən ora da tez-tez səfərə gedirdim. Hətta Ulu öndərin tapşırığı ilə yeni prezident seçilən Ruslan Auşevin andiçmə mərasimində iştirak etdim və Prezidentimizin ona ünvanlanan təbrik məktubunu oxudum. Sonra Ruslan Auşev Bakıya Ulu öndərin 75 illiyinə gələndə elə onun yanında məni göstərib dedi: “Siz mənim xaç atamsınız”.

Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xüsusi önəm verirdi. Çünki erməni təbliğat maşını çox güclü işləyirdi. Onların bütün dünyada güclü və mütəşəkkil lobbiləri, diaspor təşkilatları var idi. Ulu öndər gələnə qədər biz bu sahədə çox geridə idik. Dünyada informasiya, təbliğat çox mühüm rol oynayırdı və Heydər Əliyev bunu çox yaxşı bilirdi. 

İlk olaraq Azərbaycan həqiqətlərini yaxın xarici ölkələrə çatdırmaq lazım idi. Keçmiş sovet respublikalarına səfərlər, onların rəhbərlərinin ölkəmizə dəvət olunması bu yolda əsas vasitələrdən biri idi. Məsələn, Heydər Əliyev Tatarıstanın Prezidenti Mintemir Şaymiyevi Azərbaycana səfərə dəvət etdi. Bakıda onu mən müşayiət edirdim. Şaymiyev Azərbaycana səfərindən çox məmnun qaldı. Yəqin xatırlayırsınız ki, o zaman keçmiş sovet respublikalarının hamısında gərginlik var idi və milli münasibətlər kəskin xarakter almışdı. Mintemir Şaymiyev Prezident Heydər Əliyevə mənim də iştirak etdiyim şam yeməyi zamanı belə bir fikir söylədi: “Heydər Əliyeviç, bir çox respublikalardan, ölkələrdən Tatarıstana tatar qaçqınları köçüb gəlir. Bircə Azərbaycandan qaçqınlarımız yoxdur. Mən əminəm ki, bu sizin xidmətinizdir”. 

Ulu öndər yalnız ölkəmizə coğrafi baxımdan yaxın olan ölkələrlə deyil, Rusiyanın ayrı-ayrı subyektləri ilə, məsələn Çuvaşıstan, Kalmıkiyailə, Moldovanın Qaqauziya vilayəti ilə və sair ölkələrlə əlaqələr qururdu. 

Heydər Əliyev bütün vasitələrdən istifadə edirdi ki, Ermənistanın hərbi təcavüzünə məruz qalan, amma özünün tarixi tolerantlıq, multikultural ənənələrinə sadiq olan Azərbaycan reallıqlarını dünyaya göstərsin, bu yolla ölkəni informasiya blokadasından çıxarsın, Vətənimiz haqqında formalaşan mənfi rəyi dəyişsin. 

Məsələn, dini liderləri Azərbaycana tez-tez dəvət edirdi. Rus Provaslav Kilsəsinin başçısı, Moskva Ümumrusiya Patriarxı, mərhum II Alekseyi Bakıya səfərə dəvət etmişdi. Maraqlıdır ki, II Aleksey Azərbaycana səfərə gələn Rusiyanın ilk patriarxı idi. Ona qədər Rusiyanın heç bir patriarxı nə sovet dönəmində, nə də ondan əvvəl Azərbaycana gəlməmişdi. Onu da əvvəldən axıradək Bakıda mən müşayiət edirdim. Təbii ki, onun Azərbaycanda yaşayan rusların, ümumiyyətlə provoslavların vəziyyəti ilə yaxından tanış olması və rəy bildirməsi Rusiyanın ictimai fikrində həlledici amillərdən biri oldu. Bundan az bir müddət sonra Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə mərkəzi Bakıda olan müstəqil Xəzər yeparxiyası yaradıldı. Bütün bunlar Rusiya ilə Azərbaycan arasında əlaqələrə yeni impuls verirdi və Azərbaycanda yaşayan ruslara münasibət yaxşılaşdıqca, Rusiyada yaşayan həmvətənlərimizə də münasibət dəyişir və yaxşılaşırdı. 

– Hidayət müəllim, təbii ki, bunlar Rusiya Federasiyasının subyektləri idi və onlarla münasibətlərə həm də Rusiya ilə əlaqələr kontekstindən yanaşmaq lazım idi. O dövrdə rəsmi mətbuat orqanında çalışdığım üçün Azərbaycanın düşdüyü vəziyyəti yaxşı xatırlayıram. Həmin dövrdə, xüsusilə AXC–Müsavat hakimiyyəti illərində Azərbaycan–Rusiya münasibətləri çox gərgin vəziyyətdə idi. Etiraf etmək lazımdır ki, Ermənistanın ölkəmizə təcavüzünün genişləndiyi bir vaxtda bu amil Azərbaycanın xeyrinə deyildi, mən deyərdim, hətta çox təhlükəli idi. Heydər Əliyev Azərbaycan–Rusiya münasibətlərinin mehriban qonşuluq və əməkdaşlıq axarına düşməsində hansı rolu oynadı? 

– Təbii ki, Heydər Əliyev Rusiya ilə münasibətlərə çox böyük əhəmiyyət verirdi. Baxın, hakimiyyətə qayıdışının ilk günü, yəni 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev Milli Məclisdəki ilk çıxışında nə deyir: “Rusiya çox böyük dövlətdir, o bizim şimal qonşumuzdur. Şüb­həsiz, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplərə əsaslanan münasibətlər yaxşı, geniş və səmərəli olmalıdır”. Bu fikri ilə Ulu öndər təkcə Azərbaycan siyasi elitasına deyil, Rusiyanın isteblişmentinə də öz xarici siyasət kursunu, Rusiyaya münasibətini bəyan etdi.

Onu da deyim ki, Heydər Əliyev Azərbaycana hakimiyyətə qayıdan gündən ölkəmizə münasibət dəyişdi. Təkcə Rusiyada deyil, bütün dünyada artıq Azərbaycana daha hörmətlə yanaşmağa başladılar. Amma Rusiya təbii ki, xarici siyasət prioritetlərdən sayılırdı, çünki bu dövlət, regionun əsas söz sahiblərindən biri idi.

Heydər Əliyevin ictimai-siyasi tədbirləri Milli Məclisdəki bəyanatla bitmədi və bu münasibətlər də dərhal qurulmadı. Müstəqil Azərbaycanla Rusiya arasında münasibətlər bu bəyanatdan 4 il sonra– 1997-ci il iyulun 3-də iki dövlət arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik müqaviləsi” ilə rəsmiləşdi. Müqavilə də məhz həmin günlərdə – 1997-ci il 2-4 iyulda Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına ilk rəsmi səfəri çərçivəsində imzalandı. Sənədin imzalanmasından sonra Azərbaycan–Rusiya münasibətləri sürətlə genişlənməyə başladı. Buna qədər isə ulu öndər bir çox tədbirlər həyata keçirməli oldu. 

Bu mənada, əlbəttə, Prezident ­Heydər Əliyev Azərbaycan–Rusiya münasibətlərinin iki qonşu, müstəqil dövlətin qarşılıqlı hörmət və ehtiram əsasında, o cümlədən, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin yeni dövrün tələbləri səviyyəsində qurulmasının əsasını qoydu. Lakin bu, addımlar, ilk növbədə, Heydər Əliyevin daxili milli siyasətindən başladı. Mən söhbətimizin əvvəlində qeyd etdim ki, Azərbaycanda yaşayan ruslar 1990-cı ildən sonra ölkəni tərk etməyə başlamışdılar. Sonralar axın bir qədər də güclənmişdi və bu hal Rusiyanın siyasi hakimiyyətini, Rusiya siyasi elitasını son dərəcə qıcıqlandırırdı. Nəticədə nəhəng qonşu dövlətdə Azərbaycana və azərbaycanlılara qarşı mənfi münasibət formalaşırdı. Həmin illərdə Rusiyanın özündə də separatizm meyilləri güclü idi, çünki hakimiyyətdə bir zəiflik, daxili qarşıdurma vardı, ölkə idarə edilmirdi. Bu da bizə yaxşı bir şey vəd etmirdi. 

Heydər Əliyev bəlkə də heç kimin dərk edə bilmədiyi dərəcədə, təkcə ölkədə yaşayan ruslarla deyil, ümumiyyətlə, bütün millətlərarası və konfessiyalararası münasibətlərin qorunmasının və inkişafının vacibliyini dərk edirdi. Çıxışlarının birində Ulu öndər bunun Azərbaycan üçün nə qədər böyük dəyər olduğunu qeyd edərək dedi: “Azərbaycan Respublikasının çoxmillətli dövlət olmasını, biz öz ölkəmiz üçün böyük üstünlük hesab edirik... Bizdə həmçinin xristianlığa iman edənlərə də böyük ehtiramla yanaşırlar və onlar da qalan vətəndaşlarımız kimi hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edirlər”. 

Yaxşı xatırlayıram, mənim də iştirak etdiyim rus icması ilə görüşdə Ulu öndər ruslara üz tutaraq dedi: “Ruslar, heç bir yerə getməyin, mən Prezident kimi sizin bütün hüquqlarınızın qarantıyam!” Şübhəsiz, ki, ölkəmizdə gedən bütün bu prosesləri şimal qonşularımız diqqətlə izləyirdilər. 

Yadımdadır, Azərbaycanda siyasi ab-hava öz axarına düşəndən, ölkədə əmin-amanlıq yaradılandan sonra Rusiyanın tanınmış jurnalistlərindən biri ­Heydər Əliyevdən müsahibə alanda onu “hakimiyyət ustası” adlandırdı. Ulu öndər də gülərək dedi: “Mən belə bir ifadəni ilk dəfə eşidirəm”. Mən isə deyərdim ki, Heydər Əliyev “hakimiyyət ustası” yox, “hakimiyyət ustadı” idi. Hələ çox-çox əvvəllər bunu demişəm də, yazmışam da: Azərbaycanda belə dövlət başçısı ənənəsi olmayıb. Xüsusilə son iki əsrdə. Azərbaycan dövlətçiliyinin qədim tarixində necə olub, o bizə elə dəqiqliklə gəlib çatmayıb. Amma XX əsrdə dövlət idarəçiliyində belə ənənə olmayıb. Heydər Əliyevin dahiliyi ondadır ki, o belə bir ənənəni yaratdı və ondan sonra Prezident İlham Əliyev bu ənənəni yüksək ustalıqla, əzmlə, dəyanətlə davam etdirir. Bu çox böyük hadisədir və Azərbaycan üçün çox böyük dəyərdir. 

Mən o zaman artıq Rusiyanın müvafiq qurumları, Dövlət Duması, Prezident Aparatının milli münasibətlər şöbəsi, hökuməti ilə işləyirdim və görürdüm ki, ­Heydər Əliyevdən sonra Azərbaycana yanaşma yaxşı mənada necə sürətlə dəyişir. Harada olur-olsun bizimlə söhbətə məhz Heydər Əliyev haqqında qürur doğuracaq fikirlər söyləməklə başlayırdılar. 

Onu da deyim ki, 2000-ci ildə Vladimir Putin Rusiya Federasiyasının Prezidenti seçiləndən sonra iki olkə arasında münasibətlər daha sıx xarakter aldı. Çünki Rusiyanın yeni Prezidenti Azərbaycanla münasibətlərdə qarşıya praqmatik vəzifələr və prioritetlər qoyurdu. 

– Həmin illərdə Azərbaycan üçün həssas məsələlərdən biri də qonşu Gürcüstanla münasibətlər idi, çünki bu ölkədə yüz minlərlə soydaşımız yaşayırdı. Onlara qarşı da, hələ qatı millətçi Zviad Qamsaxurdiyanın prezidentliyi dövründə deportasiya təhlükəsi yarandı. Onun hakimiyyəti devrildikdən sonra belə bu təhlükə qalmaqda idi. Heydər Əliyev bu problemin aradan qaldırılması üçün qarşınızda hansı məsələləri qoyurdu və hakimiyyət ustadı özü bu problemin həllinə necə nail oldu? 

– Əslində deportasiya başlamışdı. Həmin vaxt artıq Gürcüstanı 80 min azərbaycanlı tərk etmişdi. Qalanların da əksəriyyətinin, demək olar ki, çamadanları əllərində idi. Gürcüstan hələ müstəqilliyimizin ilk illərində çox şeyə iddialı idi. Zviad Qamsaxurdiyanın vaxtında əvvəl azərbaycanlıların Gürcüstandan köçürülməsi, sonra isə Azərbaycanın müəyyən ərazilərinə sahib olmaq çağırışları mövcud idi. O zaman Gürcüstanda bu prosesləri sürətləndirmək üçün Qamsaxurdiyanı qızışdıran müəyyən qüvvələr var idi. Bu qüvvələr də Ermənistan tərəfindən idarə olunurdu. 

1993-cü ilin noyabrında Heydər Əliyevin tapşırığı ilə mən Tiflisə getməli oldum. “Qırmızı körpü”də məni Gürcüstan baş nazirinin müavni, eyni zamanda millətlər­arası münasibətlər üzrə Dövlət Komitəsinin sədri Aleksandr Kavsadze qarşıladı. Oradan birbaşa Marneuliyə getdik. Qaçağanın Mədəniyyət Mərkəzində burada yaşayan soydaşlarımızla görüş oldu. Hamı paltoda, istilik yox, vəziyyət çox acınacaqlı idi. Görüşdən sonra birbaşa Tiflisə yola düşdük. 

Gürcüstanda bir həftə işləməli olduq. Çünki Qamsaxurdiyadan miras qalan millətçilik hələ özünü göstərirdi. Azərbaycanlıları sıxışdırır və erməni kartından ustalıqla istifadə edirdilər. Həmçinin ölkənin vəziyyətinin son dərəcə ağır olması da azərbaycanlıların Gürcüstanı tərk etməsinə güclü təsir göstərirdi. Məsələn, biz gəlib Bolnisidə, Marneulidə, Dmanisidə işləyir, axşam Tiflisə qayıdırdıq. Marneulidən çıxanda təpənin üstündən Tiflis görünürdü. Hər geri qayıdanda məni müşayiət edən Aleksandr Kavsadze təpədən çox diqqətlə Tiflisdə bir nöqtəyə baxırdı. Bir dəfə özümü saxlaya bilməyib soruşdum: “Nəyə belə diqqətlə baxırsınız?” Dedi: “Baxıram görüm Prezidentin iqamətgahında, bizim də qaldığımız yerdə işıq var, ya yox”. Bundan aydın bəlli olurdu ki, ölkədə vəziyyət necədir. 

Məsələn, Gürcüstan Parlamentinin sədri məni qəbul edəndə çay təklif edə bilmədilər, meyvə şirəsini bir az isidib verdilər. Çünki çay qoymağa istilik yox idi. Bir həftəlik görüşlərdən, danışıqlardan sonra Prezident Şevardnadze məni qəbul etdi. Gürcüstana gedəndə əynimə bir qalın, isti yun köynək geyinmişdim. Eduard Ambrosoviçin qəbuluna gedəndə, düşündüm bu köynəkdə getmək yaxşı olmaz. Onu çıxarıb qonaq evində qoydum. Qəbuluna girəndə baxdım ki, Şevardnadze qırmızı yun köynəkdə kabinetdə oturub. Kabinet də çox soyuq idi. 

Bolnisidə olanda, öyrənmişdim ki, oranın icra başçısı ermənidir və soydaşlarımıza qarşı açıq diskriminasiya siyasəti aparırdı. Şevardnadze ilə görüşəndə dedim: “Eduard Amvrosieviç, bir gürcü yoxdur Bolnisiyə rəhbər təyin edəsiniz? Mən demirəm azərbaycanlı qoyun, amma erməni yox da...” Dedi: “Mən bunu mütləq nəzərə alacağam”. Bir ay sonra məlumat verdilər ki, həmin icra başçısını dəyişiblər. Bir dəfə də gedəndə yolumu Laqodexidən saldım. Oradan gəldim Telaviyə, gecə burada qaldıq. Telavidə “Pankisi dərəsi” deyilən təhlükəli bir yer var. Səhər gedib o ərazidə azərbaycanlılara görüşdüm, toplantı keçirdim. Sonra Laqodexiyə qayıdıb burda da görüş keçirdik. Yerli adamlar dedilər ki, buranın rəhbəri ermənidir və azərbaycanlılara qan uddurur. Azərbaycanlıları qorxudub torpaqlarını əllərindən alıb satır, yüz fırıldaqdan çıxır. 

Qayıdan günün səhəri Telavinin qubernatoru mənə zəng vurdu. Rayon rəhbəri ilə bağlı ona kəskin etirazımı bildirdim. Bir aydan sonra onu da dəyişdilər. Belə faktlar kifayət qədərdir. Təbii ki, bütün bunlar Heydər Əliyevin nüfuzu, regiondakı hörməti sayəsində həyata keçirilirdi. 

Bir gün də Tiflisdəki “9 Aprel” şəhidlərinin məzarına əklil qoymağa gəlmişdik. Ətrafdakı insanlar yol polislərinin müşayiəti ilə nümayəndə heyətinin gəldiyini görüb burada dövlət adamlarının da olduğunu anlayırlar. Bir neçə dəqiqəyə ora xeyli adam toplaşdı və Kavsadzeni dövrəyə aldılar. Bir qadın ona nəsə deyirdi, hamı da hay-küysüz, təmkinlə qulaq asırdı. İmir Məmmədli onun dediklərini mənə tərcümə edirdi. Qadın deyirdi: “Mən tək qadınam, ötən il şəxsi vəsaitimdən dövlətə 100 min dollar kömək etdim. Lazım olsa, yenə kömək edərəm. İstədiyim öz puluma rahat istilik, elektrik enerjisi və çörək almaqdır. Başqa bir iddiam yoxdur”. Doğrusu, qadının sözləri məni çox mütəəssir etdi. O da çox xoşuma gəldi ki, bu qədər adamın içində o qadından başqa kimsə danışmadı. 

Bakıya qayıdanda gördüyümüz işlər haqqında Ulu öndərə məruzə etdim və qarşılaşdığım bu səhnəni də ona danışdım. Dedi: “Bu çox ibrətamiz bir hadisədir. Bunu sən Azərbaycan Televiziyasında ictimaiyyətə çatdır”. Bizdə vəziyyət bu qədər dözülməz deyildi, amma bəzi adamlar narazılıq edirdilər. Heydər ­Əliyevin tapşırdığı kimi çıxıb bu hadsələri, Tiflisdə gördüklərimi televiziyada canlı yayımda danışdım.

Tiflisə bu səfərdən 6 ay sonra yenidən Gürcüstana getdim. Orada Azərbaycan ədəbiyyatı günləri keçirirdik. Bakıdan böyük bir nümayəndə heyəti aparmışdıq. Amma artıq vəziyyət müsbətə doğru dəyişirdi. Prezident Eduard Şevardnadze bizim nümayəndə heyətini qəbul etdi. 

Ümumiyyətlə, Şevardnadze prezident olduğu vaxtlarda dövlət müşaviri kimi Gürcüstana 14 dəfə səfərə getmişəm. Bir dəfə o xaricdə olub, bir dəfə Ulu öndəri Gürcüstana rəsmi səfərində müşayiət etmişəm, bir dəfə də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyində Milli Məclisin sədri Murtuz Ələsgərovla birgə getmişəm. 11 dəfə Şevardnadze məni tək qəbul edib. Onunla çox məsələləri müzakirə etmişəm. O, əvvəllər tərcüməçi ilə danışırdı, sonralar mənə dedi, vaxta qənaət naminə gəl rus dilində danışaq. Bizim söhbətlərimizdə iki məsələ daimi müzakirə mövzusu idi. Birinci, Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması idi. Şevardnadze mənə dedi: “Eto bılo diskriminaçionnıy vopros”. İkincisi də, Axıska türklərinin öz vətənlərinə qayıtması məsələsi idi. İlk dəfə bunu müzakirə edəndə Şevardnadze dedi: “Doroqoy Qidayat! Ya ne pokinu kreslo prezidenta do tex por, poka ne reşu etix voprosov...”

Bir gün də Aleksandr Kavsadze Bakıya gəldi. Həyat yoldaşını da gətirmişdi. Heydər Əliyev onları birgə qəbul etdi. Kavsadze dedi: “Heydər Əliyeviç, mən prezidentin bir tapşırığını yerinə yetirmək istəyirəm. Cənab Hidayətə deyə bilməmişəm. Eduard Ambroseviç tapşırıb ki, dostum Hidayətə mənim salamlarımı yetirərsən...” Doğrudur, o mənə dost deyirdi, amma mən heç vaxt prezidentə dost demərəm. Mən ona çox hörmət edirəm, amma dost deyə bilmərəm. Axı Prezident Prezidentdir, ölkənin rəhbəridir, ali şəxsdir... Sonralar çox məmnun oldum ki, Eduard Şevardnadze öz memuarında mənim haqqımda xoş sözlər yazmışdı... 

Ümumiyyətlə, mənim əvvəllər də Gürcüstanla çox sıx əlaqələrim olub. Hələ İrəvanda olanda çalışırdım ki, bizim ölkələr arasında əlaqələr yaxşı olsun. Elə o vaxtlarda Tiflisə açıq məktub yazdım, mətbuatda çap olundu. Orada çoxlu dostlarım var idi. Yəni həmişə bu ölkəyə xüsusi münasibətdə olmuşam. Məsələn, Tiflisə elə ilk səfərimdə, Yazıçılar İttifaqının sədri Quram Pançiksi ilə görüşüb xeyli söhbət etdik. Dostlarını toplamışdı məclisə. Ona dedim: “Bəzi gürcülər deyirlər ki, azərbaycanlılar bura gəlmədir”. Dedi: “Onlar gürcü xalqının düşmənləridirlər”. Dedim: “Çıxış elə, bunu açıq de də”. Dedi: “Edəcəyəm”. Çıxış etdi də. 

Bir sözlə, 14 il milli siyasət məsələləri üzrə Dövlət müşaviri, 6 il Dini Məsələlər Komitəsinin rəhbəri olmuşam və bu 20 il ərzində nəzərlərim həmişə Gürcüstanda və orada yaşayan azərbaycanlıların üstündə olub. 

– Şevardnadze ilə görüşləriniz zamanı o, Heydər Əliyev haqqında söhbət açırdımı?

– Söhbət açmaya bilərdimi?! Heydər Əliyev Gürcüstana çox böyük dəstək verib və Şevardnadze bunu itirmirdi, daim minnətdarlıqla yada salırdı. Ulu öndər haqqında çox yüksək fikirlər söyləyirdi. Onu da qeyd etməyə bilmərəm ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllində Şevardnadzenin xidmətləri danılmazdır. Məhz onun ­Heydər Əliyevlə yaxın münasibətləri, səyləri sayəsində vəziyyət sabitləşdi. Qamsaxurdiya xaosunda ölkəni tərk etmək məcburiyyətində qalmış soydaşlarımızın çoxu sonralar öz yurdlarına geri qayıtdılar. 

 

Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, 
Əməkdar jurnalist,
XQ

 

Müsahibə