Böyük qayıdışın Laçın qaranquşu

post-img

İkinci yazı

Laçının ümumi mənzərəsinə diqqət yetirəndə adama elə gəlir ki, gülümsər bir çöhrəyə baxırsan. Sakinlər uzun illərin ayrılığından sonra necə bir bitib-tükənməyən sevincə və könül xoşluğuna qovuşublarsa, sanki, şəhər də yad-yağı tapdağından xilas olmağından, öz övladlarının qayıdışından eləcə şadlanır, davamlı bir məmnunluqla cilvələnir.

Həsrətin sonu, yeni həyatın əvvəli

Qeyrətli soydaşımız Reza Deqatinin laçınlılara misilsiz hədiyyəsinin xoş təəssüratı ilə geri çevriləndə yolun o biri üzündə çeşidli gül dibçəklərini, dekorativ kolları və yenicə biçilmiş çəmənliyi suvaran orta yaşlı kişi ilə görüşüb söhbətləşmək marağımız qarşısıalınmaz oldu. Beləliklə, cənnətmisal bir həyətin sakini Gündüz Təhməzovla müsahib olduq.

– “Xalq qəzeti”ndən gəlmişik, istəyirik sizin köhnə yurdunuzdakı yeni gün-güzəranınızla tanış olaq.

– Xoş gəlmisiniz, qonağımız olun.

– Xoş gününzə gəlmişik. Bu gözəlliyi özünüz yaratmısınız, yoxsa hazır qəbul etmisiniz?

 – Bu abad, yaraşıqlı ev, çəmənlik, güllər, dekorativ fiqurlar, tamet döşənmiş həyət hamısı dövlətimizin, onun rəhbəri sevimli Prezidentimizin bizə hədiyyəsidir. Təkcə bu ərazi əvvəlki həyətimizdir.

Nə köçkünlükdən qabaq, nə də uzun didərginlik dövründə belə şəraitimiz olub. 31 il əvvəl qoyub getdiyimiz evimizin təkcə daşı-divarı yerində imiş. Bu gözəlliyi, rahatlığı qısa müddətdə təmir-bərpa işi görən Bakı və Laçın abadlıq xidmətinin əməkdaşları yaradıblar. Əlləri-qolları var olsun! 

Gördüyünüz kimi, ölkə rəhbərliyi bizi hərtərəfli qayğı ilə əhatə eləyib. Mənfur işğalçıların izi-tozu da qalmayıb buralarda. Atalar düz deyiblər ki, haqq nazilər, amma üzülməz. Budur, doğma yurdda, öz yuvamızda şad-xürrəm yaşayırıq. Özüm də, həyat yoldaşım da işlə təmin olunmuşuq. Uşaqlarımız yenidən qurulan məktəbdə oxuyurlar. Onları dərsə xüsusi xidmət avtobusu aparıb-gətirir. Bu günlərdə qazımızı da qoşublar. Havalar da hələ soyumayıb, bəxtimizdən, elə bil, yaz qayıdıb.

Elə bu vaxt yaşlı bir qadın bayıra çıxır. Gündüz deyir ki, anamdır. Zarafata salıb bildirir ki, adı da İpəkdir. Köçkünlükdə cod bezə dönmüşdü, indi yenidən ipək kimi yumşalıb. Anam cənnəti bu dünyada qazandı, çox yaşlılarımıza isə bu günü görmək qismət olmadı:

– Gəl ana, sevincini-razılığını bildirməyə, Prezidentimizə ürək sözlərini çatdırmağa adam axtarırdın. Müxbirlər öz ayaqları ilə gəlib çıxıblar.

– Xoş gəlmisiniz, ay balalarım. Gedin deyin, yazın ki, laçınlılar gecə-gündüz yurdumuzu bizə qaytaran qeyrətli, qəhrəman Prezidentimiz İlham Əliyevə duaçıdırlar. Televiziya ilə baxıb dünyandan xəbər tuturuq. Heç bir ölkədə belə ağıllı rəhbər, bu qədər xalq qayğısı çəkən başçı yoxdur. Deyərdi ki, torpağı almışıq gedin necə istəyirsiniz tikin, yaşayın. Amma Prezidentimiz bilirdi ki, bizim o imkanımız yoxdur. Odur ki, Laçını başdan-başa abadlaşdırdıb, sonra bizi rahat maşınlara əyləşdirib, çal-çağırla yola saldırırıb, keçmişdə bəy-xanların belə görmədiyi mülklərə gətirdib. 

Bu il  mayın 28-dən doğma ocağımızın başındayıq. Şükür ki, 31 illik ayrılığa son qoyuldu. Neçə ildə üzümüz gülməmişdi. Yurda qovuşmaq bir ayrı aləmdir, ay bala. Allah kömək olsun bizə bu sevinci bəxş edənlərə! İnanıram ki, başqa köçkünlər də bax beləcə yurdlarına qayıdıb xoş günlər görəcək, yurd həsrətinin ağrı-acısından birdəfəlik qurtaracaqlar. Bunun üçün Prezidentimizə möhkəm can sağlığı, uzundan-uzun ömür arzulayıram.

76 yaşlı İpək nənədən və oğlu Gündüzdən ayrılmaq istəyəndə evin yan tərəfindəki köşkdə ilıq payız günəşi altında dərslərini hazırlayan 3 balaca qızı gördük. Həyətdəki gül-çiçəklərin yaratdığı gözəlliyi bir az artıran bu gül balalarla söhbətə arxa tərəfdəki iri fotokompozisiyanı göstərməklə başladıq:

– Uşaqlar, arxada gördüyünüz o böyük kub nədir?

Qızlardan dilli-dilavər olan böyüyü dilləndi:

– Dünya uşaqlarının şəkilləridir. Reza dayı çəkib, bizim şəkillərimiz də oradadır. Reza dayı bizə dedi ki, bu şəkilləri bir yerə yığıb bütün dünyaya demək istəyir ki, bir də uşaqlar müharibə görməsinlər, evlərindən uzaq düşməsinlər, ağlamasınlar.

– Siz əvvəl Laçını görməmisiniz, başqa yerlərdə dünyaya göz açmızsınız, burada darıxmırsınız ki?

 – İpək nənə, ata-anamız bizə Laçın barədə o qədər danışmışdı ki, bu yeri görmək bizim də ən böyük arzumuz olmuşdu. Azərbaycan bizim böyük,  Laçın isə kiçik Vətənimizdir. Buradakı məktəbimiz də çox  gözəldir. Müəllimlərimizin də bir neçəsi bizimlə gəlib. Şəhər yaraşıqlı, sevimlidir. Hər gün çoxlu qonaq gəlir. Heç Bakıda bu qədər xarici, tanınmış adam görməmişdik. Tez-tez bayramlar keçirilir. Zəfər bayramında mən də şəhidlər barədə şeir söylədim. Belə yerdə darıxmaq olarmı?

“Böyüyəndə hansı sənəti seçəcəksiniz?” sualımıza cavablarında qızlar dedilər ki,  artıq kim olacaqlarını yəqin ediblər. İkisi söylədi ki, həkim olub şəhərdəki xəstəxanada işləmək arzusundadırlar. Biri isə bildirdi ki, memar olacaq, gəlib Laçını daha da gözəlləşdirəcək, genişləndirəcək, yeni müəssisələr tikəcək.

– “Uğur olsun, uşaqlar!” – deyib Təhməzovlar ailəsindən ayrıldıq.

Vətənə gəldim – imana gəldim

Laçına isti nəfəsləri ilə yeni həyat verənlərdən biri də Natiq Abbasovdur. Onunla qonşusu Zülfüqar kişigilin həyətində görüşdük. Sevincindən hədsiz həyəcanlanmışdı, bilmirdi nədən başlasın. Soruşduq ki, Laçından çıxanda neçə yaşı var idi: 

– Mən Laçından od-alov içində, yük maşınına yığılmış yorğan-döşəyin üstündə çıxanda 14 yaşım var idi. Ötən 31 ildə hər yuxudan duranda, hər gözümü yumub yatanda o mənzərəni görürdüm. Birdən elə bilirdim ki, bu dəqiqə düşmən gülləsi mənə dəyəcək... Laçın geri alınandan sonra o əzablı hissiyatım bitib. Şəhərə qayıdıb burada məskunlaşandan sonra isə az qalıram ki, çıxam Hoçazdağın başına, üzüaşağı uçam. Yaxşı deyiblər ki, Vətənə gəldim – imana gəldim.

Şəhərdə düşmən bizim evi də yararsız hala salıbmış. Şəklini görəndə inana bilmədik ki, onun yerində belə bir gözəl ev yaratmaq olar. Amma bu gerçəkdir, özü də bu evlərin hamısı Prezidentimizin göstərişi ilə tikilib, təmir olunub. Dövlət başçısından mənzil hədiyyə almaq xoşbəxtlikdir. 

Bu ətrafdakı qonşuların kimisi yeni yaradılan mebel fabrikində, kimi balıqçılıq təsərrüfatında, kimi də aqroparkda   işlə təmin olunub. Mən özüm “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdindəki “Laçın Abadlıq Xidməti” İdarəsində elektrik peşəsində çalışıram. Suyumuz var, işığımız daimidir, noyabrın 9-dan qaz xəttinin çəkilişi başa çatıb. Ölkə başçısının tapşırığı ilə burada bütün istiqamətlərdə işlər aparılır, insanların rahatlığı üçün hər cür şərait yaradılır. 

Ağsaqqal Zülfüqar Babayev də söhbətə qoşularaq 31 ildən sonra yenidən Laçına qayıtmağın sözlə ifadə edilə bilməyəcək dərin duyğular oyatdığını dedi:

– Laçın unudula bilməyən xatirə idi. İndi isə inanılmaz bir gerçəyə çevrilib. Həkəri çayı, sahil parkı, abad küçələr, dağ ətəkləri, məktəb, xəstəxana və sair göz-könül oxşayır. Avqustda Laçın Günü Prezidentimizin və ailəsinin iştirakı ilə qeyd edildi. Bu, artıq  ikiqat bayram oldu. Xoşbəxtəm ki, uzun illərdən sonra doğma yurduma qovuşdum. Buna görə Prezident İlham Əliyevə və onun rəşadətli Ordusuna ailəlikcə minnətdarıq. Bizə bu sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq. 

Sakinlərin yüksəksürətli internetlə təminatını öz öhdəsinə götürən “Aztelekom” MMC qısa müddətdə bu işin öhdəsindən gəlməkdədir. Artıq, demək olar ki, bütün evlərdə yüksək texnologiyalı şəbəkə quraşdırılıb. Bütün bu gözəlliklərdən Bakıdakı dostlarımızın da zövq alması üçün Laçının əsrarəngiz mənzərələrinin şəkil və videolarını çəkib onlara göndəririk. Xoşbəxtəm ki, doğma Laçının havası ilə nəfəs alıram.

Həyətlərin birində söhbətləşdiyimiz Yaşar Fətəliyev və anası Nərgiz xalanın da sonsuz sevincinin, hədsiz şükranlığının şahidi olduq. 

Nərgiz xala dedi ki, Prezident İlham Əliyev nəinki onlara belə bir şərait yaradıb, həm də gəlib şəraitləri, güzəranları ilə yerində yaxından tanış olur, hər şeyin daha yaxşı olması üçün yeni tapşırıqlar verir. O, torpaqlarımızı geri qaytarmış şəhidlərimizin ruhuna dualar, onların analarına təsəlli dilədi. Yaşar isə dedi ki, işğaldan əvvəl Laçın yarışəhər, yarıkənd olub. Həyətlərdə heyvan, toyuq-cücə də saxlanıb. Daha o həyata qayıtmaq mümkün deyil. Belə bir müasir şəhəri qorumaq, gözəlləşdirmək üçün yalnız irəli baxmaq lazımdır.

Laçınla tanışlıq zamanı söhbətləşdiyimiz hər kəs və hamı yenidən qurulan və abadlaşan Laçın şəhəri ilə fəxr etdiklərini, bu işlərdə yaxından iştirakçı olmaqdan qürur duyduqlarını söylədilər. Xüsusi vurğuladılar ki, müasir üslubda bərpa olunmuş evlərdə və həyətlərdə hər şey onların rahatlığına xidmət edir. Onlar hələ də  avqustun son həftəsində Laçın Şəhər Günü ilə əlaqədar keçirilən zəngin proqramlı bayram təntənələrinin təəssüratı altında olduqlarını qeyd etdilər. Prezident İlham Əliyevin oradakı çıxışının və xoş arzularının təsiri altında olduqlarını fərəhlə bildirdilər.

Şəhərin baş qərargahında

Hava qaraldığından şəhərlə tanışlığı dayandırıb Laçının baş qərargahı sayılan Şərqi Zəngəzur İqtisadi Zonası 2 saylı Bərpa-Tikinti və İdarəetmə Xidmətinin ofisini soraqlayıb ikimərtəbəli bir binanın qarşısına gəldik. 

Qarşımızda dayanan mikroavtobusdan düşən firma geyimlilərin inşaatçılar olduğunu zənn edib onlara yaxınlaşdıq. Məlum oldu ki, bu gənclər ölkənin müxtəlif bölgələrindən gəlmiş ayrı-ayrı peşə sahibləridir. Dedilər ki, buraya məhz Laçının bərpasına öz köməklərini vermək üçün gəliblər. Vətən müharibəsində döyüşmək onlara nəsib olmasa da, indi düşməndən azad edilmiş ərazidə quruculuq cəbhəsində çalışmaqdan çox məmnundurlar. 

İdarənin I mərtəbəsində yerləşən camaşırxanaya səhər yataq dəstlərini yumağa vermiş qrup rəhbəri iri bağlamanı geri alandan sonra onlar məskunlaşdıqları ünvana getdilər. Arxa tərəfdən ikinci mərtəbəyə qalxıb böyük bir otağa daxil olduq. Konfrans salonuna bənzəyən bu ümumi otaqda, təxminən, bir saat əvvəl müsahibimiz olmuş idarə rəisi müavini Elnur Abdullayev bizi səmimi qarşılayıb digər 3 memar-inşaatçı həmkarı ilə tanış etdi. 2 saylı Bərpa-Tikinti ərazisində məşləhətçi olan Fariz İsmayılov, Qalib Abasov və İlqar Abdullayevlə ilk dəqiqələrdən söhbətimiz elə tutdu ki, çay süfrəsi arxasında illərin dostları kimi axşamdan xeyli keçənədək söhbətləşdik. Əsas mövzumuz Laçının belə görünməmiş sürətlə dirçəldilməsi oldu.

Müsahiblərimiz  özləri də etiraf etdilər ki, əvvəl çalışdıqları müxtəlif yerlərdə belə intizam, yüksək təchizat və yurd sevgisi ilə rastlaşmayıblar. Prezident İlham Əliyev Vətən müharibəsini hansı mütəşəkkillik və qətiyyətlə aparmışdısa, Laçının, eləcə də digər bölgələrin bərpasını da eyni intizam və ruh yüksəkliyi ilə təşkil edib. 

Bərpa-tikinti işlərinin keyfiyyəti ilə bağlı sualımızın cavabında təzə dostlarımız bildirdilər ki, indiyədək sakinlərdən elə bir narazılıq eşitməyiblər. Amma nəyisə öz arzusunca qurdurmaq, dəyişdirmək istəyən olanda onlara dərhal kömək göstərilir.

“Şəhəri tərk edən, ölkənin daha qaynar həyatı üçün darıxanlar olurmu?” sualımızın cavabında isə bildirildi ki, elə Laçının özündə də həyat kifayət qədər qaynardır. Hər cür xidmət qurulub, digər şəhərlərdəki rahatlıqlar burada da var. Bir neçə supermarket açılıb. Piştaxtalar doludur, qiymətlər kənar yerlərdəki kimidir. Köçkünlük dövründə kənar bölgələrlə qohum olanlar, hansısa ehtiyacını ödəmək istəyənlər bir neçə günlüyə şəhəri tərk edə bilər. Amma kimsə buranı bəyənməsin – bu, mümkün deyil. 

Laçınlılar yurda iməkləyib dönməyə də, yıxılmış evinin yerində çadırda yaşamağa da razı idilər. İndi necə ola bilər onlar geri dönmək fikrinə düşsünlər. Bugünlərdə şəhərdə keçmiş kinoteatr müasir konsert, toplantı salonu kimi təmir edilib istifadəyə verilib. Laçının öz teatrı da yaradılır. İncəsənət kollektivləri tez-tez qonaq gəlir. Əyləncə və istirahət sarıdan narazılıq yoxdur. Şəhər tam məskunlaşandan sonra isə mədəni həyat daha da canlanacaq.

Qeyd edildi ki, sakinlərin arzu-istəkləri, rəy-təklifləri diqqətdə saxlanılır, xırda-para problem olanda tez yoluna qoyulur. Hələlik, adamlar ölkənin başqa yerlərinə getmək üçün yol sarıdan müəyyən əziyyət çəkirlər.  Yeni müasir yolların çəkilişi tamamlanmaq üzrədir. Ondan sonra səhər Laçından çıxıb hansısa uzaq bölgəyə gedənlər axşam öz evlərinə dönə biləcəklər.

Ünvanına qayıdan məktəb

Gecələdiyimiz istirahət zonasındakı kottecdən ayrılıb Bakıya dönməyə hazırlaşanda uşaqları məktəbə aparan avtobus yanımızdan ötüb keçdi. Dərhal maşının arxasına düşüb şəhərin yuxarı məhəlləsindəki 2 saylı Laçın şəhət tam orta məktəbinə gəldik. 

Burada dünən uşaqların söylədiklərinin şahidi olduq. İşğaldan əvvəl tikilmiş bu təhsil ocağı nəinki Bakıdakı ən müasir orta məktəblərdən, qocaman ali təhsil ocaqlarından da abad və yaraşıqlıdır.

Direktor Sevinc Cabbarova bu təəssüratımıza cavab olaraq bildirdi:

– Laçın düşmən qapısıdır. Onu alınmaz qalaya çevirmək üçün insanlar bu yerə möhkəm və birdəfəlik bağlanmalıdırlar. Ona görə də Prezident İlham Əliyev göstəriş verib ki, şəhərdə hər şey ölkənin başqa yerlərindəkindən də üstün olsun. Laçın  belə yüksək tələblə də qurulur. 

Mən bu məktəbin məzunu olmuşam. İşğaldan sonra dövlətimizin himayəsi ilə məktəbimizi Bakıda yaşatdıq. 2 müəllim yoldaşım da mənimlə bərabər şəhərə qayıdıb. Digər yerlərdəki həmkarlarımız da artıq sıramızdadırlar. Bizim borcumuz Prezidentimiz İlham Əliyevə layiqli əsgər olacaq, Laçını bu dağlar qədər yüksək mərtəbəyə yüksəldəcək, eləcə də  Azərbaycanı dünyada tanıdacaq nəsil yetişdirməkdir.

Biz isə xatırlatdıq ki, Ulu öndər Heydər Əliyev təhsili millətin gələcəyini formalaşdıran ən yüksək fəaliyyət sahəsi kimi dəyərləndirmişdi. Laçından da bu həqiqətə dərin inamla ayrıldıq. Arzu edirik ki, Laçın məktəbləri elə zəkalı və qeyrətli nəsil yetişdirsin ki, düşmən bir də bu insanların üstünə yeriməyə, onların torpaqlarını tapdalayıb murdarlamağa cəsarət etməsin. 

Son olaraq deyirik: laçınlılar, sizin yurd sevginiz, bu yerdə möhkəm, əbədi  məskunlaşmağınız şəhidlərimizin ruhuna ən yüksək rəhmətdir. Laçını xalqımıza qaytarmış Prezident İlham Əliyev də düşmənlərimizə bu mesajı verdi: Biz bu torpağı şəhidlərimizin qanı bahasına özümüzə qaytarmışıq. Biz burada əbədi və alnıaçıq yaşayacağıq.

 

Tahir AYDINOĞLU,
ƏLİ NƏCƏFXANLI,
Səbuhi MƏMMƏDOV
XQ

Bakı–Laçın–Bakı

 













Sosial həyat